Xəbər lenti

 

İraqda Həşdi-Şabi batalyonlarının formalaşmasına xeyir-dua verən ayətullah Əli Hüseyn Sistaniyə qarşı müxalifliyi ilə seçilən nüfuzlu din adamı Müqtəda əs-Sədr özünə bağlı silahlı qüvvələrə Kərkük əməliyyatına qoşulmaq təlimatı verib.

Ovqat.com xəbər verir ki, bunu mətbuata Sədrə bağlı Səraya əs-Səlam (Sülh batalyonu) batalyonunun sözçüsü İhab Məhəmməd bildirib.

Sözçünün dediyinə görə, batalyonun Fövqəladə Müdaxilə birləşməsi artıq Kərkükdədir.

Məhəmməd Kərkükə gedən silahlılarının İraq qüvvələrinin əldə etdiyi ərazilərin təhlükəsizliyini və asayişini qoruyacaqlarını bildirib.

Mosulun İŞİD-dən qurtarılması əməliyyatında iştirak etməyən Müqtəda əs-Sədrə bağlı qüvvələrin Kərkükdə asayişi qorumağa göndərilməsi maraq doğurur. Ən azı ona görə ki, bir neçə gün əvvəl İraq Baş naziri Heydər İbadi Kərkükdə asayışı yalnız polis və təhlükəsizlik güclərinin qoruyacağını bildirmişdi.

Həşdi Şabi və İraq ordusu Kərkükü alıb polis və təhlükəsizlik qüvvələrinə təslim etdikdən sonra şəhərin kənarına çəkilmiş, bunun ardından isə şəhərin 3 məhəlləsində kürd üsyanları başlamışdır. Görünür, bu üsyanları yatırmaq üçün İraq polis qüvvələrinin əlavə dəstəyə ehtiyacı yarandığından Müqtəda əs-Sədrə aid silahlı dəstələr əraziyə nəql ediliblər.

Müqtəda əs-Sədr zaman-zaman bütövlük və İraq milli mənafeləri istiqamətində verdiyi açıqlamalarla və İranın bu ölkədəki təsir gücünü inkar edən mövqeyilə tanınır. Hətta Tikrit və Bellucənin azad edilməsində Həşdi Şabinin törətdiyi bir çox mübahisəli əməllərə etirazını bildirərək, o, öz qüvvələrini əməliyyatdan çəkmişdi. Bu addımıyla İraqın sünni kəsiminin də rəğbətini qazanan Əs-Sədrə aid silahlı qüvvələrə Kərkükün asayişinin tapşırılması təsadüfi görünmür. Bəlkə də məqsəd asilərlə mülayim dil tapmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 1 766          Tarix: 20-10-2017, 22:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma