Xəbər lenti

  

"Kərkük rəhbərliyinin referendumda iştirak etmək qərarı səhv və narahatedicidir. Bu qərar qəbul edilə bilməz”.

Ovqat.com xəbər verir ki, olduqca konkret və diplomatik “bər-bəzəkdən” arınmış bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

Paylaşdığı yazılı açıqlamada Qasimi Şimali İraq Kürd Muxtariyyatının referendum qərarının İraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ictimaiyyət tərəfindən rədd olunduğunu xatırladaraq qeyd edib:

"Kərkükdə müstəqillik əldə etmək qərarı İraq hökumətinin Bağdadla problemlərinin həllinə mane olur, İraq hökumətinin və onun sabitliyinin uğur qazanmasına mənfi təsir göstərir.

 Qərar səhvdir və İraqın ərazi bütövlüyünü pozur. İraqdakı tərəflər arasındakı problemləri həll etmək üçün ən yaxşı yol dialoqdur. Bölgədəki problemlərin dərinləşməsinə səbəb olan təşəbbüslərə göz yummayacağıq".

Qeyd edək ki, bir neçə gün öncə Kərkük Vilayət Şurası 25 sentyabrda keçiriləcəyi gözlənilən referenduma qatılacağını bəyan etmiş və İraqın ciddi qınağına yol açmışdı. İraqın Baş naziri Heydər əl-İbadi bu qərarı sərt şəkildə pisləmiş, referendumun nəticələrini qəbul etməyəcəklərini vurğulamışdı. Bu gün isə İraq Silahlı Qüvvələrinin ən seçkin bölümü hesab olunan Həşdi-Şabi birlikləri Bərzaniyə barmaq silkələyərək, Kərkükü öz siyasətlərinə alət etməməyə çağırmışdı. Əks halda, yerli idarəetmə orqanı Ərbili də itirə biləcəyi, həm özünün, həm də onun arxasında dayanan İsrailin Həşdi Şabi müqavimətilə üzləşərək əziləcəyilə təhdid olunmuşdu. Bu təhdidən dərhal sonra İranın çox açıq şəkildə referendumu pisləyən  açıqlaması vəziyyətin görünəndən daha kritik hal alacağından xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 1 372          Tarix: 31-08-2017, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma