Məlum olduğu kimi, ötən günlərdə Türkiyə Respublikasının qəbul etdiyi qərara əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar güzəştli şərtlərlə həmin ölkəyə ixrac ediləcək. Dünən Naxçıvan Biznes Mərkəzində bu məsələ ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən sahibkarlara təqdimat keçirilib.
Ovqat.com "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, muxtar respublikada ümumi daxili məhsul istehsalı 59, sənaye məhsulunun həcmi 103, kənd təsərrüfatının ümumi məhsulu 11, xarici ticarət dövriyyəsi 24 dəfə artıb. Ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. 1990-cı illərin əvvəlləri ilə müqayisədə bu gün Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 11 dəfə artaraq 442-yə çatıb ki, onların da 60-ı ixrac potensialına malikdir. Beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilmiş bu müəssisələrdə 371 növdə yüksəkkeyfiyyətli məhsul istehsal olunur.
Tədbirdə vurğulanıb ki, bu gün Naxçıvanda istehsal olunan mineral sular, vafli məmulatları, daş məhsulları, sement, məsaməli beton, gips, gön-dəri, travertin məhsullarının Türkiyə, Gürcüstan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrə ixracı həyata keçirilir.
Bildirilib ki, Naxçıvanın artan ixrac potensialı və qardaş Türkiyə Respublikasının qonşu vilayətləri arasında ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu nəzərə alınaraq Azərbaycan və Türkiyə arasında əldə edilmiş razılığa əsasən muxtar respublikaya güzəştli ticarət rejiminin tətbiqi barədə qərar qəbul olunub. Qeyd edilən qərar muxtar respublikada istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının Türkiyənin istənilən bölgəsinə idxal rüsumları ödənilmədən ixracına şərait yaradır. Bu isə, öz növbəsində, yerli istehsalçıların məhsul ixracı imkanlarını genişləndirəcəkdir. Xüsusən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri və qardaş Türkiyənin naxçıvanlı sahibkarlara göstərəcəyi logistika dəstəyi də ixrac potensialını artıran amillərdəndir.
Vurğulanıb ki, 28 oktyabr 2017-ci il tarixdə Türkiyənin İqdır şəhərində Azərbaycan və Türkiyə respublikalarının İqtisadiyyat nazirliklərinin nümayəndələrinin və digər dövlət orqanlarının rəsmilərinin iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan İş Forumu da hər iki ölkənin biznes ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyıb. Belə ki, tətbiq ediləcək güzəştli ticarət rejiminə əsasən Naxçıvan Muxtar Respublikasından illik 100 milyon ABŞ dolları həcmində məhsulun Türkiyə Respublikasına ixracı idxal rüsumlarından azad ediləcəkdir.
Paylaş: