Xəbər lenti

 Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində iyul ayının 18-də keçirilən festivalda bildirilib ki, muxtar respublikamız bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafdan təhsil sahəsinə də xeyli pay düşüb. Belə ki, hər il təhsil müəssisələri üçün yeni binalar tikilir, həmin müəssisələr ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. 
Vurğulanıb ki, muxtar respublikamızda ilk dəfə olaraq keçən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib. Həmin günü muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin hesabatı kimi də qeyd etmək olar.
Sonra 2016-2017-ci tədris ilində keçirilmiş müsabiqələrdə uğur qazanmış və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin seçim qrupu tərəfindən müəyyənləşdirilmiş 14 ən yaxşı dərnək üzvü, 7 ən yaxşı dərnək rəhbəri mükafatlandırılıb.  
Qeyd edək ki, bu il muxtar respublikanın ayrı-ayrı rayonlarında festivalların keçirilməsi nəzərdə tutulub. Festivalların ilkin mərhələsi olaraq həmin gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe olan 5 məktəbdənkənar müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işləri – dekorativ, tikmə, toxuma, rəsm əsərləri nümayiş etdirilib, ­Heydər Əliyev Uşaq-Gənclər Yara­­dıcılıq Mərkəzinin İdman şöbəsinin və Naxçıvan Şahmat Mərkəzinin bölmələrinin ­çıxışları olub. 
Festivalda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Estetik Tərbiyə Mərkəzinin “Fidanlar” mahnı və rəqs ansambllarının və “Gənc ­Heydərçilər”in çıxışları da maraqla qarşılanıb.

 Fatma BABAYEVA




Ana səhifəyə qayıt        Baxış: 1 201          Tarix: 20-07-2017, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma