Xəbər lenti

 Təbiət könülsüz köçən qız kimi

Qəlbin ilk eşqini ata bilməyir.

Təpədən dırnağa qızıllaşsa da

Uyuyub payızla yata bilməyir.

Xanəli Kərimlinin şeiridir. İlk dəfə oxuyandan xoşuma gəldi birinci misra. Payızı mən də sevirəm. Naxçıvanın may və oktyabr ayı ən yaxşı vaxtıdır. Əgər yazda təbiətimiz nazlı, şıltaq bir qıza bənzəyirsə, payızda “könülsüz köçən qıza” oxşayır. Sanki son dəfə onu sevənlərə, sevmədiyi qışa tərəf göndərənlərə  öz gözəlliyini sərgiləyir. Bu mənzərəni tutmaq, sözlə onun rəsmini çəkmək  üçün isə əsl mənada şair doğulmalısan. Xanəli Kərimli kimi.

O “…yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”. Bu, akademik  İsa Həbibbəylinin ona verdiyi qiymətdir.

Ağaclar gözünün sıxır qarasın,

“Yarpaqlar ələnir göz yaşı kimi”.

Bulaqlar oxuyur vida nəğməsin

Ana təbiətin sirdaşı kimi.

Amma Xanəli Kərimli poeziyasında payız ölgün deyil. O,  hamını sınağa çəkir: kim etibarlı, kim etibarsızdır. Şairin dünyasındakı təbiətdə hamı bir vəhdətdir. Bir-birinə günağlayandır. Bir-birinə həmdərddir. Hər şey canlıdır.  Bulaq nəğmə oxuyan sirdaşdır, ağaclar yarpaqlarını göz yaşına çevirərək ağı deyən övladdır.

Çaylar da kövrəlib ,

Dindirsəm əgər,

Bir giley dastanı bağlayacaqdı.

Mənsiz qəribsəyən məcnun söyüdlər

Əl vursam, hönkürüb ağlayacaqdır.

“Xanəli Kərimli… şeirində, həyatında səmimi, riyakarlığa yabançı, bir sifətli sənətkardır. Onu yaxından tanıyanlar halal təbiətli olduğunu xüsusi vurğulayırlar… Şairin sufilik düşüncə tərzi saf dindarlıqla daxilən qovuşur”. Bu fikirlər isə əməkdar elm xadimi, professor Camal Mustafayevə məxsusdur.

Payızla bağlı olan yuxarıdakı bənddə  Xanəli Kərimli təbiət adamı, daha dərinə getsək Allah adamıdır. Payızda doluxsunan çayları dindirmək istəmədiyi, məcnun söyüdləri niyə sükutla seyr etdiyi bəlli olur. Onlar bircə kəlmə ilə tək qaldıqlarına görə hönkürüb ağlayacaqlar. Onlar ağlasa, kövrək,  yumşaq ürəkli, halal təbiətli şair dayanacaqmı, susacaqmı? Bəlkə də, bu sakit, görünüşü  enerji dolu , 66 yaşında olsa da   daxilindəki əsl kənd uşağını hələ də yaşadan qos-qoca adam  onlardan betər ağlayacaq. Axı bu Xanəli Kərimlidir. Hətta insanlarla sakit, təbəssümlə danışan, sözünü az qala pıçıltıyla deyən şairdir.

Yığılıb meşədən əl-ayaq izi,

Ocaq daşları da qırovlaşıbdı.

Dünya yola salan qoca palıdın

Gözü yolda qalıb, tənhalaşıbdı.

“Xanəli Kərimlinin şeirlərində xalqın cilalaya-cilalaya günümüzə qədər gətirdiyi söz uğurlu mənəvi sərvətdir… yaradıclığındakı uğurları da, bəlkə sözə həssaslıqla, ehtiyatla, sənətkarlıqla yanaşmasıdır”. Filologiya elmləri doktoru Maarifə Hacıyeva  Xanəli Kərimlinin sözünün sehrini belə açıqlayır.

Payız vaxtı tənha meşəyə kimsə səfər edibmi? Haylı-küylü yay günlərində hər gün daşları kabab üçün çatılan alovdan qarsıyan ocağın, kölgəsində gen-bol süfrə açılan qocaman palıdın halını görən olubmu? Olmayıbsa, şairin bu misralarını göz önünə gətirsin. Bu günlərdə sosial şəbəkələrdə “Batabatı payızda tək qoymağa haqqımız yoxdur”  kimi bir  status paylaşmışdım. Bu ifadənin şeirə dönən halı Xanəli Kərimli yaradıcılığında hələ çox-çox  illər qabaq deyilmişdi. Sözü qiymətə mindirmək üçün onu bəzəmək lazım deyil. Fikirlərini, düşüncəni sözlə süsləməlisən. Qəlbi Vətən sevgisi, könlü insanlara məhəbbətlə dolu, ürəyi həmişə haqqın tərəfində olan Xanəli Kərimli şair kimi bunu bacarır. Söz onun üçün rəssam fırçasıdır. Çünki o, sözü canlandırıb, onu olduğu kimi qəbul etmək üçün  zahiri çalarlar verir.

Dərələr boyunca axan bulaqlar,

Sizinlə görüşüm gümana qaldı.

Mənə oğul deyən arxalı dağlar,

Zirvəniz borana, dumana qaldı.

“Xanəli Kərimli sözə həssas şairdir. O, daim söz axtarışında olur. Sözdə bir işıq, bir nur axtarır… Şair üçün “söz ən böyük enerji mənbəyidir”. Bu isə filologiya elmlər doktoru, mərhum ziyalımız Adil Bağırova məxsus ifadədir. “Söz ən böyük enerji mənbəyidir” kəlməsi isə Xanəli Kərimliyə məxsusdur.

Xanəli Kərimli ilə Adil Bağırovu həmişə birgə görməyə adət eləmişdim. Hər axşam bu dəyərli iki ziyalımız  Naxçıvan teatrının və Hüseyn Cavid məqbərərsinin yaxınlığındakı parkda gəzişərək söhbət edərdilər. Təəssüf ki, bu gün Xanəli müəllimi həmin məkanlarda tək görürük.

Xanəli Kərimlinin bir neçə kitabı, yüzlərlə şeiri, onlarla poemaları var. Mən bunlardan yalnız birini qeyd etdim. Necə deyərlər birinin qədrini bilməyən, yüzünün də qədrini bilməz. Onsuz da son vaxtlar yaxşı şeirlər kimi onların  oxucuları  bir az qıtlığa çıxıb. Amma axtarsaq, bu şeirləri taparıq. Ən azından şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən Xanəli Kərimli kimi şairlərimiz var.

P.S. Niyə yazdım bunları?  Çünki, noyabr ayının 27-si şair, ədəbiyyatşünas, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xanəli Kərimlinin ad günüdür. Onun payız ruhlu, payış bərəkətli, payız ağırlıqlı, payız kimi kövrək misralarının sirri və sehri, sən demə elə payızda doğulmağındaymış!  Təbrik edirəm!!!

 Səməd Canbaxşiyev




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 27-11-2017, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma