Xəbər lenti

 Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Xanəli Kərimlinin yeni şeirlərini Ovqat.com oxucularına təqdim edirik.

Y A X Ş I D I R

Heyvan tək yaşamaqdansa,

Adam tək ölmək yaxşıdır.

Dərdi dərdə calamaqdan

Dərddaşla bölmək yaxşıdır.

Nələr çəkmədi başımız,

Qaldı ocaqda aşımız,

Qurumadı göz yaşımız,

Bəlkə,o dünya yaxşıdır.

Hamı dəyib bir-birinə,

Qoyulmur adam yerinə,

Yol ta quylanır dərinə,

Dərindən dayaz yaxşıdır.

Dünyanın ta gedib mərdi,

Onunçün yüklənib dərdi,

Kim desə ki, dünya zərdi,

Onu duymasan yaxşıdır.

Sən kimsən ki, ay Xanəli,

Ağlın olsun, olma dəli,

Hərə özünə bir vəli,

Hərə bildiyi yaxşıdır.

QİYAMƏT GÜNÜNÜ GÖZLƏYİR HAMI...

“Özümdən özümə”

silsiləsindən

İndi şeir yazmaq dirənib daşa,

İnsan yadırğayıb insan səsinə.

Səni başa düşən kimdir, a şair,

Şerin hökm etsə də Yer kürrəsinə.

Sən şeir yazanda, şeir deyəndə

Qaynayıb, çağlayıb çıxsan da təbdən.

Tək sənin şeirin, sözün yox, şair,

Çox müqəddəslər ta düşübdü dəbdən.

Kara çatmayırsa Haqqın kəlamı,

Bəndənin yazdığı kimə gərəkdir?..

İnsan öldürübsə insanlığını,

Lap Yaradan gəlsin, neyləyəcəkdir.

Şeir yazırsan ki, guya bu dünya

Saflaşsın, durulsun, arınsın bir az.

Sənin dünya ilə işin olmasın,

Sən öz içindəki insanlıqdan yaz.

İçində insanlıq ölən şairin

Ölü də doğulur şeiri, sənəti.

Min dastan yazsa da Vətən eşqinə,

Bir toz qədərincə yoxdur qiyməti.

Qaçıb şeirimizin ağzının dadı,

Bilən, bilməyən də düzür qafiyə.

Ağrısı özündən böyük Vətənin

Əsl şairləri susublar, niyə?!..

İndi bu millətin qibləsi olan

Bir qələm adamı, söz adamı var?!.

Qiyamət gününü gözləyir hamı:

İnsan öldürübsə insanlığını

Bundan pis qiyamət günümü olar?!!..

KOLUMBA

Ay rəhmətlik Kolumb!

Sən özünü kəşf etmədən

kəşf etdin Amerikanı.

Dedilər Kolumb

kəşf edib yeni dünyanı.

Bununla da

heyrətə saldın

o vaxtkı insanı.

İndi özünü kəşf etməyə

Kolumb axtarır bəşər.

O hanı?!

Kəşf etsin

Insanlıq adlanan

ƏBƏDİ DÜNYANI!

ŞEİR GƏRƏK...

Şeir gərək haqdan gələ,

Zorla şeir yazmaq olmaz.

Haqdan gələn bir sözün də

Mizanını pozmaq olmaz.

Gərək Haqqa düz olasan,

Haqq da sənə söz göndərə.

Ürəyinə ilham odu,

Ocağına köz göndərə.

Nə vaxt ki, qəlb xıltlı olur,

Söz də qaçaq düşür səndən.

Təmizlənib durulduqca,

Tər-tər sözlər çırtır dən-dən.

Odur səni səndən sonra

Ağladan da,güldürən də.

Səni min il yaşadan da,

Səni vaxtsız öldürən də...

ZİRVƏ ÖMRÜ

Əməkdar elm xadimi,fəlsəfə elmləri

doktoru,professor,böyük mənəviyyat

adamı Camal Mustafayevə.

İldırım yenə də zirvəni vurdu,

Çiçəyi çırtladı boz təpələrin.

Zirvə nə titrədi, nə də yıxıldı,

Heyrətin artırdı uca göylərin.

Ayaqlar altında qalan təpələr,

Qəzəbdən boğuldu, qəzəbdən yandı.

Zirvə kölgəsinə sığınsalar da,

Zirvəni əbədi qənimi sandı.

Təpələr arxadır biri-birinə,

Zirvələr tək- tənha, zirvələr yalqız.

Təpələr bölüşür dərdı-sərini,

Zırvələr içində çəkirlər yalnız...

Zirvəlik özü də bir facədir,

Dolaşır başının üstə buludlar.

Ucalar ucanı sevməz dünyada,

Ucadan ucaya hər an qorxu var.

Olsa da nə qədər qara-qorxusu,

Zirvələr həmdəmim, kəsimdir mənim.

Min təpə ömürü yaşamaqdansa,

Bir zirvə ömürü bəsimdir mənim.

DÜNYAYA

Mənə minnət qoyma ki, sən

“Səni qoynumda bəslədim.

Üstümdən-başımdan kəsib

Əyin-başını süslədim”.

Nə yığmışdım diş-dırnaqla,

Hamısın töküb gedirəm.

Mən sənə çılpaq gəlmişdm,

Çılpaq da çıxıb gedirəm.

ADSIZ ŞEİR

Kiminin əli istidir,

kiminin ürəyi.

Əli istilərin

hasil olur diləyi.

Ürəyi istilərin

daşdan çıxır çörəyi...




Ana səhifəyə qayıt        Baxış: 1 973          Tarix: 26-09-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma