
“Onsuz da iqtisadi cəhətdən yerlə sürünən İrana bu macəralar lazımdırmı?..”
“İran Xəzər və ya Azərbaycan üzərindən rahat və bir başa keçid xətlərini qoyub, niyə sağ qulağını sol əliylə qaşıyır?”
“Görəsən, İran prezidenti Məsud Pezeşkian Ermənistan və Belarus səfərlərindən İrana hansı qazancla döndü?”
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bu suala geniş şəkildə cavab verərək bildirib ki, İran prezidenti Pezeşkianın həm Ermənistana, həm də Belarusa səfəri Azərbaycan və Ermənistan liderlərinin ABŞ-a səfəri və Donald Trampla bağladıqları üçtərəfli sazişlərin Cənubi Qafqazda yaratdığı yeni reallıqla bağlı olub:
“Məlumdur ki, 8 avqustda Vaşinqtonda keçirilən görüşdə İranın ən çox qarşı çıxdığı Zəngəzur dəhlizinin ABŞ-a məxsus özəl şirkətlərin istifadəsinə verilməsi qətiləşdi. Dünənə qədər Azərbaycan və Türkiyənin açılmasını tələb etdiyi Zəngəzur dəhlizinə İran radikal şəkildə qarşı çıxır, bu planın baş tutmaması üçün lazım gələrsə, hərbi metodlara əl atmaqla bizə hədə-qorxu gəlirdi. Dəhlizin ABŞ-ın nəzarətinə verilməsi regiondakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirdi. İran bu dəhlizin işinə mane olmaq üçün ABŞ-la kəllə-kəlləyə gəlməyi gözə almalı, ya da mövcud reallıqla barışmalı və ona uyğun strategiya formalaşdırmalı idi. Düzdür, ilk əvvəl İrandakı radikal qüvvələr, xüsusilə də İran dini liderinin müşaviri Əli Əkbər Vilayəti çox asdı-kəsdi, hətta Zəngəzur dəhlizini ABŞ əsgərlərinin məzarına çevirəcəklərini bəyan etdi. Sözsüz ki, bu təhdidlər İranın bacaracağı iş deyildi. Odur ki, İrandakı mütərəqqi qüvvələr ölkələrini daha ağır risklərə salmadan ikinci yolu seçməyə məcbur oldular – ABŞ-ın regionda meydana gətirdiyi yeni geo-siyasi vəziyyəti fürsətə çevirməli. Bunun üçün də illər uzunu xəyallarını qurduqları Fars körfəzi-Qara dəniz dəhlizini yenidən gözdən keçirdilər. Pezeşkianın təmsilçisi olduğu islahatçılar qanadı öz qlobal nəqliyyat dəhlizi projelərinə olduqca önəmli redaktələr etdilər. Belə ki, əvvəlki layihəyə əsasən, adına “Yeni Ədviyyat yolu” deyə biləcəyimiz marşrut Hindistandan başlayıb Oman körfəzi vasitəsilə İrana keçəcək, ordan İran və Gürcüstan üzərindən Qara dənizə çıxacaqdı. İlk baxışdan olduqca cazibədar görünən bu layihəyə ilk ağır zərbə Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Qarabağ savaşında dəydi. Ordumuzun işğaldan azad etdiyi Gorus-Qafan yolu İran və Ermənistanın xəyallarını qurduğu “Yeni Ədviyyat” marşrutunu keçilməz hala gətirdi. Gorus-Qafan yolu bağlandıqdan sonra bu iki qonşumuzun qarşısında alternativ variant kimi Meğridən Qafana qədər dolanbac dağ yolları ilə burula-burula getmək, qışda qar və çovğunla uğraşmaq, təhlükəli aşırımlardan keçmək perspektivi qalırdı. Üstəlik, bu alternativ variantda yollar da uzanırdı. Təsəvvür edin ki, Meğridən Gürcüstanın Poti limanına getmək üçün ən azı 936 km. yol qət etməli idin. Halbuki, yeni reallıqda daha qısa və təhlükəsiz yollar var. Məsələn, Maku-Türkiyənin Hopa limanı arasında məsafə cəmi 470 km-dir. Hardasa Meğri-Poti limanından 2 dəfə qısa. Üçüncü dövlətin ərazisindən keçmədən və əlavə gömrük rüsumu ödəmədən reallaşdırılması mümkün olan Maku-Hopa yolu daha rentabelli marşrut kimi görünür...
Pezeşkianın İrəvana səfəri zamanı imzalanan sənədlərdən də aydın olur ki, Tehran artıq reallıqla qismən razılaşıb. İran prezidenti İrəvanda çıxışında bildirib ki, erməni həmkarı ilə əldə etdiyi razılaşmalara görə, Naxçıvanın Culfa şəhərindən başlayaraq Arazdəyənə, ordan isə İrəvana və Gürcüstanın Poti limanına uzanacaq dəmir yolu çəkiləcək. Nəticədə ikitərəfli ticarətin həcmini əvvəlcə 1 milyard dollara, növbəti mərhələdə isə 3 milyard dollara çatdırılması mümkün olacaq. Pezeşkian bir az da uzağa gedərək, bildirib ki, “regional və beynəlxalq magistral yolları tam birləşdirsələr və onlar arasında investisiyalar və iqtisadi fəaliyyətlər proqnozlara və razılaşmalara uyğun inkişaf edərsə, ticarət dövriyyəsinin həcmi hətta 30 milyard dollara çatacaq”.
Sözsüz ki, İranla Ermənistan arasında 30 milyardlıq ticarət dövriyyəsi “Min bir gecə” nağıllarına bənzəyir. Bununla belə, İranın Fars körfəzi-Qara dəniz dəhlizinə ciddi korrektələr etməsi və yeni strategiyasını Culfa (Naxçıvan) – Arazdəyən (Ermənistan) – Poti limanı (Gürcüstan) marşrutu üzərində qurması əvvəlki xəyalpərəst “Şirin quyruğu” (Meğri -Poti) layihəsindən daha praqmatikdir. Ən azı ona görə ki, əvvəla, daha az məsafəni nəzərdə tutur: Adına şərti olaraq “Şirin quyruğu” layihəsi dediyimiz əvvəlki plan 936 km. idisə, yeni layihədə bu məsafə 680 km-ə qədər qısalır – Culfadan Sədərəyə 120 km, Arazdəyəndən Potiyə 535 km. Sədərək-Arazdəyən arasında məsafənin isə 10-15 km olduğunu düşünsək, açılması planlaşdırılan bu marşrutun toplam uzunluğu 667-670 km. edər. Üstəlik, “Şir quyruğu” layihəsindən fərqli olaraq bu marşrut üzərində dəmir yolu inşa etmək də çətin deyil. SSRİ dövründə fəaliyyət göstərən Şərur-İrəvan dəmir yolu xəttinin bərpa olunması kifayətdir...
İkincisi, Culfa-Poti limanı marşrutunda sıldırım qayalar, keçilməz dağ aşırımları, buz bağlamış yollar problemi də çox deyil...
Bununla belə, İran rəsmilərinin Maku-Hopa limanı marşrutunu “unudub” Culfa-Poti limanı variantına üstünlük verməsi yalnız bir amillə izah oluna bilər: Tehran yeni alternativ layihələrlə Zəngəzur dəhlizində Türkiyənin tək söz sahibinə çevrilməsini istəmir. Özünün mübahisəli layihələri ilə bu dəhlizdə yer almağa çalışır və bu məqsədinə Ermənistanı da daxil edərək avantaj qazanmaq niyyətini ortaya qoyur.
Məsələ burasındadır ki, Türkiyənin İran qarşısında daha effektli kozırları var. Mən hələ Türkiyə-Azərbaycan strateji müttəfiqlik münasibətlərini, İranın isə bu gün belə, Ermənistanın quyruğunu əlindən ötürməməsini və Zəngəzur dəhlizinin açarının daha çox Bakının əlində olduğunu, həmçinin Ermənistan üzərində böyük təsir gücünə malik olan ABŞ-ın İrana etibarsız tərəfdaş kimi yanaşmasını demirəm. Türkiyənin İraqla bərabər yaratmağa çalışdığı “Qalxınma (Tərəqqi) Yolu” projesi bütün cəhətlərdən İranın yarım-yapalaq projeləri ilə müqayisədə daha böyük avantajlara sahibdir. Əvvəla, məsafə olaraq xeyli qısadır. Bəndər Abbasdan Poti limanına məsafə 2800 km-dirsə, “Qalxınma yolu”nun başladığı İraqın Fav limanından Türkiyənin Hopa limanına məsafə cəmi 2000 km-dir. Üstəlik, “Qalxınma Yolu” projesində heç bir dəniz yolçuluğuna baş vurmadan sadəcə dəmir yolu ilə Avropaya çıxmaq mümkündür. Fav limanından İstanbula məsafə 2800 km-dir. Nəzərə alsaq ki, İranın Fars körfəzi – Poti limanı layihəsinin də uzunluğu eynidir və bundan sonra səyyahları Bolqarıstanın Burgaz limanına getmələri üçün daha 740 km. dəniz yolu gözləyir. Üstəlik, bayaq bəhs etdiyimiz təhlükələri də nəzərə alsaq, İranın və İrəvanın xəyallarını qurduqları yeni “ermənipərəst” “Ədviyyat yolu” da Türkiyə ilə rəqabətdə rentabelli deyil. Fikrimcə, cənab Pezeşkianın uzaqgörənliyi sayəsində İran axır ki, türk düşmənçiliyinə son qoyub “Mərəndə gəlməyi” bacarmalıdır. Əks halda, ermənilərin peşinə taxıla-taxıla elə onların gününə düşəcək. Tehran başa düşməlidir ki, nəqliyyat dəhlizi projelərini iqtisadi amillər üzərində deyil, reallıqdan uzaq geo-siyasi xəyallar üzərində qurmaq bəlkə onun məkrli məqsədlərini doyura bilər. Amma ağlı başında olan heç bir iş adamı həm uzun, həm də bahalı olan o marşrutdan bir kibrit qutusu da keçirməz. Nəticədə bu geo-siyasi cəfəngiyyata xərclənən milyardlarla dollar göyə sovrular. Onsuz da iqtisadi cəhətdən yerlə sürünən İrana bu macəralar lazımdırmı?..
O ki qaldı Pezeşkianın Belarus səfərinə, bu mövzu üzərində çox dayanmaq istəmirəm. Sadəcə, onu qeyd etməklə kifayətlənirəm ki, Belarus prezidenti Aleksandr Lukaşenko Pezeşkianın səfərini iki əsas amillə izah etdi: “Biz sizinlə ölkənizi ərzaqla təmin etməyə və hərbi-texniki əməkdaşlığa qədər olan bütün məsələlərdə birgə fəaliyyətə hazırıq".
Pezeşkian da öz növbəsində səfərinin əsas məqsədinin bu iki sahədə əməkdaşlıq olduğunu gizlətməyərək dedi: "Əlbəttə, iqtisadi, mədəni sahələrdə, ölkələrimiz arasında turizmin inkişafında, həmçinin qeyd etdiyiniz kimi, hərbi-texniki əməkdaşlığın inkişafında bizim ümumi fikirlərimiz həyata keçirilməlidir".
Pezeşkian və Lukaşenko arasında aparılan danışıqlarda Şimal-Cənub dəhlizinin qurulması da mühüm yer tutub. Hər halda bunu Belarus prezidentinin özü etiraf edib.
"İran bizi Rusiya və İrandan keçən logistika marşrutundan daha fəal istifadə etməyə inandırmağa çalışıb. Rusiya, Ermənistan, İran və Fars körfəzi. Bizi inandırmağa çalışırlar! Bizə ilk növbədə bu lazımdır", - Lukaşenko görüşdən sonra keçirdiyi mətbuat konfransında belə deyib.
Açığı, İran Ermənistandan keçirdiyi malları Rusiyaya necə daşıyacaq, bunu anlamış deyiləm. Əgər Gürcüstan üzərindən keçən və həftə, səkkiz, mən doqquz bağlanan Yuxarı Lars yolunu nəzərdə tutursa, Allah ona da, Ermənistana da, Belarusa da xeyir versin. Yox, əgər onun nəzərdə tutduğu əvvəl Ermənistandan keçərək, sonra Azərbaycan üzərindən Rusiyaya nəqldirsə, mənim anlamadığım bir məsələ var: İran Xəzər və ya Azərbaycan üzərindən rahat və bir başa keçid xətlərini qoyub, niyə sağ qulağını sol əliylə qaşıyır? Bütün hallarda bizə xeyir-dua vermək düşür. Buyursunlar, hansı Cənub Şimal dəhlizini seçirlər, özləri qərar versinlər”.
Söhbətləşib təqdim etdi:
Sultan Laçın
Paylaş: