Xəbər lenti

 

Avtobus sürücüsünü döyən general oğlunun məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Məhkəmədə general oğlu son söz deyib və bəraət istəyib. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə çıxıb.

Xatırladaq ki, dövlət ittihamçısında general oğlunun 6 il, digər iki nəfərin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

General oğlunun dostları P.Abbasovla K.Vəliyevin hər biri 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər.

Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olub. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına səbəb olub.

O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

İlkin Muradov
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 17-01-2018, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma