Xəbər lenti

  

“Artıq bir araya yaxındır ki, yaşadığım Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 8  ünvanının kanalizasiya xətti dağılıb. 9 mərtəbəli binanın bütün tullantıları zirzəmiyə axır. Üfunət əlindən məhəlləyə və mənzillərə girmək olmur”

“Hürriyyət” xəbər verir ki, bunu əməkdaşımıza məhəllə sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, bina ağcaqanadların “mühasirəsi altındadır”: “Qapını açıb içəri girən kimi ağcaqanadlar da mənzillərə doluşurlar. Antisanitariya ucbatından bina sakinləri min cür xəstəliyə tutulmaq riski ilə qarşı-qarşıyadırlar. Vəziyyətlə bağlı hər gün dəfələrlə müvafiq orqanlara şikayət etsək də, heç kim tədbir görmək istəmir”.

Şikayətçilər xüsusilə Prezident seçkiləri ərəfəsində “Azərsu” əməkdaşlarının bu biganəliyini ölkə başçısına xəyanət kimi qiymətləndirirlər: “Niyə İlham Əliyevi seçicilərin gözündən salmağa, “JEK”, kanalizasiya  işçilərinin belə onun sözünü eşitmədiyi barədə qənaət formalaşdırmağa çalışırlar? Niyə Azərbaycan xalqının ən müqəddəs bayramı hesab olunan Novruzda bizi üfunət qoxusu içərisində nəfəs almağa məcbur edirlər? Bununla nəyə nail olmaq istəyirlər?”

“Hürriyyət” olaraq, şikayət edilən müvafiq orqanların mövqeyini öyrənməyə çalışdıq. Azərsu ASC-nin bütün telefon nömrələrinə etdiyimiz zənglərə cavab verən tapılmadı. 63 saylı MKİS-dən isə bildirdilər ki, onlar da dəfələrlə “Azərsu”-nu bu barədə məlumatlandırıblar: ““Azərsu”dan bizə verilən məlumata görə, texniki səbəblərdən indiyədək problem həll edilmədən qalıb, bu gün isə problem öz müsbət həllini tapacaq”.




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 4-04-2018, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma