Suraxanı rayonunda kanalizasiya suyu birbaşa dənizə axıdılır. Yaxınlıqda isə “istifadəyə yararlıdır” qərarı verilmiş çimərlik fəaliyyət göstərir.
Ovqat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Çirkab suların dənizə axıdılması nəticəsində ətraf əraziləri də üfunət bürüyüb.
Kanalizasiya suyunun axıdıldığı yer çimərliyə yararlı ərazi kimi qeyd olunub.Yaxınlıqda yaşayanlar deyir ki, bir neçə il əvvəl burada kanalizasiya suları borular vasitəsilə birbaşa dənizin ortasına ötürülürdü. Ancaq sonradan kimsə bu boruları çıxardaraq satıb.
Ən pisi də odur ki, ərazi balıq tutanların da məskəninə çevrilib. Məsələyə münasibət bildirən Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyevin sözlərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Yaxın vaxtlarda problem həll olunacaq.
Xatırladaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində, yəni bu ərazidə monitorinq keçirmişdilər. Monitorinq zamanı yaşayış evlərindən dənizə çirkab su axıdılması faktı aşkar edilmişdi. Məhz buna görə əraziyə nəzarət edən vəzifəli şəxs cərimə olunmuşdu.
Ancaq görünən odur ki, üstündən bir il keçməsinə baxmayaraq hələ də nəticə çıxaran yoxdur.
Paylaş: