Xəbər lenti

 

Aprelin 4-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın İRNA Dövlət İnformasiya Agentliyinin baş direktoru Seyid Ziya Haşimi ilə görüşüb.

Görüşdə dövlət media strukturlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişaf mərhələsini yaşadığını diqqətə çatdıran səfir Bünyad Hüseynov bildirib ki, bu mərhələdə hər iki ölkənin kütləvi informasiya vasitələrinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir. KİV-lər dövlətlərin və xalqların yaxınlaşmasında, bir-birilərini daha yaxşı tanımasında mühüm rol oynayır. Azərbaycanın AZƏRTAC Dövlət İnformasiya Agentliyi ilə İranın İRNA Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq əlaqələri mövcuddur və bu, təqdirəlayiq haldır. Agentliklərin rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də informasiya mübadiləsinin artırılması və birgə tədbirlərin keçirilməsi əməkdaşlığı daha məhsuldar edə və yüksək səviyyəyə çatdıra bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir ölkəmizin aqressiv separatizmdən əziyyət çəkdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun regionda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalmasına səbəb olub.

 

Bünyad Hüseynov Azərbaycanın və İranın müştərək tarix, mədəniyyət və ədəbiyyata malik olduğunu qeyd edərək, son illər iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, İran Prezidenti Həsən Ruhaninin martın 28-də Azərbaycana etdiyi rəsmi səfər əməkdaşlıqda yeni səhifə açıb. Səfər çərçivəsində dövlətlər arasında 8 sənəd imzalanıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində müştərək avtomobil zavodunun açılışını ediblər. Zavodda istehsal olunacaq “Xəzər” avtomobilləri xarici ölkə bazarlarına da çıxarılacaq. Birgə iqtisadi layihələr Azərbaycan ilə İran dövlətlərinin və xalqlarının mənafelərinə xidmət edir. İki ölkənin dəmir yollarının birləşdirilməsi İranın Azərbaycan vasitəsilə Rusiya və Şərqi Avropa ölkələrinə çıxmasına imkan yaradacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas komponenti olan Rəşt-Astara dəmir yolunun inşasına Azərbaycan dövləti öz töhfəsini verəcək.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamlara əsasən Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi üçün viza rüsumu azaldılıb, “ASAN viza” sistemi yaradılıb, ticarət festivalı keçirilir, “tax free” sistemi tətbiq edilir. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilərlər. Həmçinin bu il martın 15-dən başlayaraq İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verilir.

İRNA-nın baş direktoru Seyid Ziya Haşimi rəhbərlik etdiyi media qurumu haqqında məlumat verib. Ölkələr arasındakı əlaqələrin genişlənməsində medianın rolundan danışan baş direktor İran ilə Azərbaycanın münasibətlərinin inkişafından məmnunluq duyduğunu bildirib. İRNA və AZƏRTAC arasında əməkdaşlığın səmərəli olduğunu vurğulayan S.Z.Haşimi birgə fotosərgi keçirilməsini təklif edib, iki ölkənin media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilinə hazır olduqlarını vurğulayıb. İranda AZƏRTAC-ın, Azərbaycanda isə İRNA-nın xüsusi müxbirlərinin fəaliyyətini müsbət hal kimi dəyərləndirən baş direktor, bunu informasiyanın ilkin mənbədən əldə edilməsi və yayılmasında mühüm amil kimi xarakterizə edib.

Yaxın qonşu olan xalqlarımızın bir-birinə həm də qohumluq telləri ilə bağlı olduğunu vurğulayan Seyid Ziya Haşimi qeyd edib ki, Prezident Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşır. Bu baxımdan siyasi və iqtisadi sahələrdə olduğu kimi, mədəni, elmi və turizm sahələrində də əlaqələrin inkişaf etdirilməsi zəruridir.

Baş direktor son illərdə Azərbaycanın inkişafına dair əldə etdikləri informasiyaların sevindirici olduğunu diqqətə çatdıraraq deyib ki, İran münaqişələrin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına tərəfdardır, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini dəstəkləyir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonda səfir Bünyad Hüseynov İRNA Dövlət İnformasiya Agentliyinə müsahibə verib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 5-04-2018, 07:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma