Noyabrın 13-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədri Əliəsgər Munesan ilə görüşüb.
Görüşdə B.Hüseynov diqqətə çatdırıb ki, son dörd ildə Azərbaycan-İran münasibətləri sürətlə inkişaf edir. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Qarşılıqlı olaraq biznes-forum və sərgilər təşkil olunur. Həyata keçirilən birgə iqtisadi layihələrdən konkret nəticələr əldə olunub. Azərbaycan ilə İran arasında turizm sahəsində də əməkdaşlıq inkişaf edir. Belə əlaqələr turizm sənayesinin inkişafına böyük təkan verir, həmçinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Səfir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları ilə ölkəmizdə turizm sahəsində bir çox işlər görülüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Turizm Şurası” yaradılıb. Bu il aprelin 10-dan mayın 10-dək Azərbaycanda birinci Bakı Şopinq Festivalı keçirilib. Oktyabrın 15-dən isə Bakıda ikinci Bakı Şopinq Festivalı start götürüb. Azərbaycanda başqa bir yenilik isə “Tax free” sisteminin tətbiq edilməsidir.
Qeyd olunub ki, Azərbaycana gələn turistlər üçün viza rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “ASAN viza” sistemi yaradılıb. Cari il yanvarın 10-dan başlayaraq İran vətəndaşları da sözügedən sistem ilə 3 gün ərzində elektron vizalar ala bilirlər. Həmçinin 2017-ci il avqustun 30-dan başlayaraq “ASAN viza” portalı vasitəsilə təcili elektron vizaların rəsmiləşdirilməsinə başlanılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilirlər.
Ölkələrimiz arasında münasibətlərin inkişafı kontekstində vətəndaşlarımızın gediş-gəlişinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan səfir qeyd edib ki, Azərbaycanın İran ilə olan dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatları artırılıb. Astara dövlət sərhədinin buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi nəzərdə tutulub. Hazırda Tehrandan Bakıya müntəzəm uçuşlar həyata keçirilir. İranın müxtəlif şəhərlərindən də Bakıya uçuşların təşkil edilməsinə hazırıq.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığa toxunan B.Hüseynov bildirib ki, 2017-ci ilin iyul ayında İranda Azərbaycan mədəniyyət günləri keçirilib. Gələn il isə Bakıda İran mədəniyyət günlərinin keçirilməsi planlaşdırılıb. Diqqətə çatdırılıb ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilib.
İki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirən Ə.Munesan vurğulayıb ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə və uğurla inkişaf edir. Bizi ortaq tarix, mədəniyyət, dinimiz birləşdirir. Ölkələrimiz arasındakı bağlılıqlar münasibətlərin inkişafına müsbət təsir göstərir. Son dörd ildə Azərbaycan və İran prezidentləri 10 dəfə görüşüb. Qarşılıqlı səfərlər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradır. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var. İki ölkə arasında keçirilən qarşılıqlı mədəni tədbirlər mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi zəruridir.
Ə.Munesan 2018-ci il üçün İranın Təbriz şəhərinin İslam dünyasının “Turizm paytaxtı” elan olunduğunu vurğulayıb, bu çərçivədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin, Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtma tədbirlərinin keçirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında turizmi daha da inkişaf etdirmək məqsədilə qarşılıqlı olaraq birgə sərgilərin, ekskursiyaların, infoturların və ailəvi “ralli” maşın səyahətlərinin təşkil edilməsinin, Çin və Rusiya vətəndaşları üçün İran–Azərbaycan birgə turizm marşrutlarının müəyyən edilməsi və tur -aksiyalarının keçirilməsinin faydalı olacağını söyləyib.
Həmçinin görüş zamanı iki ölkə arasında mədəniyyət, muzey, turizm sənayesinə aid sahələrə investisiya yatırımı, turizm sektorunda əməkdaşlığın perspektivləri və həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.\\AZƏRTAC
Rabil Kətanov
Paylaş: