Naxçıvan əhalisinə göz verilir, işıq verilmir.
Söhbət təkcə sakinlərin Muxtar Respublikanın özünəməxsus siyasətlərilə bezdirilməsindən getmir. Söhbət həm də ondan gedir ki, Naxçıvan hakimiyyətinə yaxın dairələrin lampa biznesi nəticəsində bir çox kasıb evləri yaxın günlərdə zülmət qaranlığa qərq oluna bilər.
“Hürriyyət”-ə Muxtar Respublikadan verilən məlumata görə, “kiçik torpaq”da dədə-baba lampalarının satışına qadağa qoulub.
Məlumata görə, muxtar iradə əhalini icbarı metodlarla LED lampalarına yönləndirməyə çalışır. Bu icbari yönləndirmə isə sadə üsullarla həyata keçirilir: dükanlarda, mağazalarda adi lampalar yığışdırılıb, istehlakçılara ancaq LED lampaları almaq təklif olunur. Satıcılar adi lampa qıtlığını bu məişət əşyasının Muxtar Respublikaya gətirilməsinə icazə verilməməsilə əlaqələndirirlər. İnformasiya qaynağımız məcburi lampa siyasətini Vasif Talıbovun hansısa yaxın qohumunun biznes maraqları ilə izah edir.
Bildirilir ki, LED lampaların monopoliyasına nəzarət edən “yaxın qohum” dədə-baba lampalarının Naxçıvana gətirilməsinə suni maneələr yaradaraq, hər kəsi öz malını almaq məcburiyyətində qoyub. Bir çox kasıb ailənin bu bahalı lampaları almaq imkanı isə məhduddur.
Maraqlıdır ki, əhaliyə faktiki zorla satılan LED lampaları həm də xeyli keyfiyyətsizdir. Bəzən onların ömrü birgünlük olur. Nəticədə istehlakçılar tez-tez lampa almaqla sədrin yaxın qohumunun cibini doldururlar.
Məlumatda o da bildirilir ki, Naxçıvanda “dədə-baba” lampaları yalnız iki yerdə satılır. Onlar da od qiymətinə. Bildirildiyinə görə, Bakı şəhərində 40-50 qəpiyə satılan bu lampaları Naxçıvanda yalnız 2-2.5 manata almaq olar.
Əhalinin Muxtar Respublikaya başqa yerlərdən lampa gətirilməsinə də izn verilmir. Yalnız təyyarə ilə Bakıdan gələnlərin özləriylə 5 ədəd lampa gətirmək haqqı var. İrandan və Türkiyədən gələnlərə isə bu haqq da çox görülür.
Paylaş: