Xəbər lenti

 

Bu gün Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürəcək. İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Qeyd edək ki, indiyə kimi ölkəmiz Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamı ilə dünya çempionatının Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.

Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları uğurla təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir. Bununla bağlı bir neçə ildir ki, ölkəmizdə ciddi işlər aparılır. 2014-cü ildə Bakıda Qafqaz bəbirinə həsr olunmuş beynəlxalq Sammit də keçirilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Qafqaz bəbirinin talisman seçilməsi təsadüfi deyil. Onun bu idman növü ilə oxşarlığı var. Qafqaz bəbiri sürət, cəldlik rəmzidir. BMX idman növündə də qələbəni məhz sürət və cəldlik təmin edir.




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 5-06-2018, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma