Xəbər lenti

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da Naxçıvan polemikalarına qoşulub. Mövzunun əhəmiyyətini nəzərə alıb deputatın “Yeni Azərbaycan” qəzetinə müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:

 

 

- Eldar müəllim, siz bu günlərdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak və çıxış etmisiniz. Sizcə, Naxçıvan Muxtar Respublikası bugünkü prizmadan necə görünür?
- Əvvəla onu bildirmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin Naxçıvanı ölkəmizin digər bölgələri kimi qüdrətli bir diyara çevirmək siyasəti hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən 2003-cü ildən bu günə kimi uğurla həyata keçirilir. Naxçıvanı Ermənistanın blokadaya alması nəzərə alınaraq muxtar respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən hər il dotasiya verilir, investisiya ayrılır. Onu da qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin Naxçıvana göstərdiyi bu diqqət və qayğı muxtar respublikanın Ali Məclisinin sədri, hörmətli Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanın sosial-iqtisadi inkişafında və muxtar diyarın sakinlərinin rifah halının yaxşılaşmasında öz əksini tapır. Bunu təsdiq edən bəzi göstəriciləri diqqətinizə çatdırmaq istəyirəm. 
Muxtar respublikada 2010-cu ilə nisbətən 2018-ci ildə sənaye məhsulu istehsalı 3,1 dəfə artmaqla qeyri-dövlət sektorunun xüsusi çəkisi 94,7 faiz təşkil etmişdir. Azərbaycan Respublikasında bu artım 1,7 dəfə olmaqla qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,6 faiz təşkil etmişdir. Göründüyü kimi, muxtar respublikada sənaye məhsulunun artımı əsasən özəl sektorun hesabına təmin olunur ki, bu da sahibkarların muxtar diyarın inkişafına həvəslə yatırım etmələri üçün əlverişli şərait yaradıldığını göstərir. Kənd təsərrüfatı məhsulları istehsalında da muxtar respublikada yüksək artım tempi əldə edilmişdir. Belə ki, 2018-ci ildə adambaşına min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da ölkəmizin orta göstəricisindən xeyli çoxdur. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsulları istehsalının artımı əsasən məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunur. Belə ki, 2018-ci ildə dənli və dənli paxlalıların hər hektardan məhsuldarlığı Naxçıvan Muxtar Respublikası üzrə 32 sentner (Şərur rayonunda isə 42,3 sentner), kartofun məhsuldarlığı 154 sentner, meyvə və giləmeyvə - 134,2 sentner, üzümün məhsuldarlığı isə 138,1 sentner olmuşdur ki, bu da ölkəmizin əksər rayonlarında əldə olunan məhsuldarlıqdan xeyli yüksəkdir. Əlbəttə, bu yüksək göstəricilər Muxtar Respublikada bir neçə dəryaçanın tikilməsi, suvarma sistemlərinin yenidən qurulması, başlıcası isə, fermerlərin əzmkarlığının nəticəsində mümkün olmuşdur. 
Həyata keçirilən bu tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası son illər sənayenin və kənd təsərrüfatının yüksək sürətlə inkişaf etdiyi bir diyara çevrilmişdir. Hazırda muxtar respublikada yeni sənaye sahələri yaradılmış və artıq burada istehsal olunan minik avtomobilləri, elektrik enerjisi, sement və digər məhsulların bir çoxu Azərbaycan Respublikasına göndərilir və xarici ölkələrə ixrac olunur. Azərbaycan Respublikasından birbaşa yardım almaq imkanı olmayan Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, öz əhalisinin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına tam təmin edir. Bu, çox uğurlu bir nəticədir və əksər dünya ölkələrinin yerinə yetirə bilmədikləri arzudur.
Onu da qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi muxtar diyarın sosial-iqtisadi inkişafının təmin edilməsi ilə yanaşı, həm də Naxçıvanın ərazi bütövlüyünün təmin edilməsi üçün əhalinin və ordunun vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində çox faydalı işlər görür. Bunun nəticəsidir ki, keçən il erməni işğalında olan 11 min hektar ərazi geri qaytarılaraq muxtar respublikanın istifadəsinə verilmişdir. 
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın dövlət büdcəsindən muxtar respublikaya ayrılan maliyyə vəsaitləri öz təyinatına uyğun düzgün istifadə edilməklə Naxçıvanın sosial-iqtisadi inkişafına və əhalinin rifahının yaxşılaşmasına, bölgənin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. 
- Son vaxtlar Naxçıvan Muxtar Respublikasının statusu barədə kütləvi informasiya vasitələrində müxtəlif söz-söhbətlər gedir. Bu məsələ ilə bağlı sizin münasibətinizi bilmək maraqlı olardı...
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin aşağıdakı fikirləri Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini çox dolğun şəkildə ifadə edir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanında Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”. Hesab edirəm ki, bu fikir Naxçıvanın muxtar statusunun hansı zərurətdən yarandığına tam aydınlıq gətirir. Bununla belə, məsələyə ətraflı izah vermək üçün doğma diyarımız olan Naxçıvanın çox da uzaq olmayan keçmişinə qısa tarixi səyahət etsək, bu səlahiyyətin verilməsini şərtləndirən səbəblərin hələ bir qədər əvvəlki dövrlərdən başladığını və onların bu gün də mövcud olduğunu bir daha yəqin etmiş olarıq. 
Belə ki, 1826-1828-ci illər Rusiya-Qacar müharibəsi dövründə Naxçıvan rus qoşunları tərəfindən işğal olundu, Türkmənçay müqaviləsinə əsasən isə xanlığın ərazisi Çar Rusiyasına ilhaq olundu. İstiladan sonra çar hökuməti İrandan və Türkiyədən 10 minlərlə erməni ailəsini Naxçıvana köçürərək Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayəti yaratdı. 1840-cı ildə Naxçıvan diyarı çar hökumətinin Qafqazda apardığı inzibati islahata əsasən Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil edildi. 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə keçirildi.
1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyəti devrildikdən sonra 1918-ci ildə erməni-daşnak hökumətinin maddi və mənəvi yardımına arxalanan “erməni milli komitəsi” Naxçıvan bölgəsində qarşıdurmanı, qırğınları daha da artırdı.
1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədi ilə Naxçıvan, Şərur, Mehri, Vedibasar, Qəmərli dairələrinin daxil olduğu Araz-Türk Respublikası yaradıldı və daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. 
1920-ci il 28 apreldə Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və 28 iyul 1920-ci ildə Naxçıvan Sovet Respublikası elan olundu. Bu dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur mahalı Ermənistan respublikasına verildi. Ermənistan SSR hökuməti dəfələrlə Naxçıvanı özünə ilhaq etmək üçün siyasi cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət statusu Rusiya və Türkiyə arasında bağlanmış Moskva müqaviləsində (1921), daha sonra isə Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış Qars müqaviləsində təsbit edildi. Hər iki müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini öz üzərinə götürmək hüququ verdi.
I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. 1924-cü il 8 yanvarda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin plenumu Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının elan olunması barədə qərar qəbul etdi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il, 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi. Məhz bu tarix Naxçıvan Muxtar Respublikasının yaranma tarixi kimi qəbul edilmişdir.
1990-cı il noyabr ayının 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi və Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaqla onun statusu hazırda bu Konstitusiya ilə müəyyən edilir. Əgər Moskva və Qars müqavilələri ilə Naxçıvanın tarixi-hüquqi statusu müəyyənləşmişdisə, müstəqillik dövründə qəbul olunan Konstitusiya ilə Naxçıvanın statusu yeni hüquqi məna kəsb etdi.
Göründüyü kimi, Naxçıvan ərazisinə muxtariyyət statusu kiminsə göstərişi və ya təklifi ilə yox, hələ XIX əsrdən başlayaraq Azərbaycan ərazisinə köçürülən ermənilərin qədim Azərbaycan torpağı olan Naxçıvan və indiki Ermənistan ərazisində yerləşdirilərək həmin vaxtdan indiyə kimi Azərbaycana qarşı torpaq iddiası etməsi, xüsusilə tarixi Azərbaycan ərazisi olan Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri edib və 100 il bundan əvvəl keçirilən ümumxalq səsverməsi ilə bu status təsbit olunub. Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması təmin edilməyincə, bütün qonşularla, o cümlədən Ermənistanla normal qonşuluq münasibətləri bərpa olunmayanadək bu məsələni müzakirə etmək tamamilə yersizdir. Çünki belə məsələlər dövrün tələbinə uyğun əsaslı surətdə götür-qoy edildikdən sonra ümumxalq səsverməsi yolu ilə həll olunur.
Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev Naxçıvanın Azərbaycan Respublikasının tərkibində muxtar respublika kimi fəaliyyətinin önəmli tarixi hadisə kimi yüksək qiymətləndirilməsinə dair Ulu Öndərin yeritdiyi siyasi xətti uğurla davam etdirir. Belə ki, Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura Onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü”.
- Eldar müəllim, əhalinin Naxçıvan Muxtar Respublikasını tərk etməsinə, qanunverici və icra hakimiyyətlərinin bir əldə cəmlənməsinə dair iddialara da münasibət bildirməyinizi xahiş edirik. 
- Bəri başdan bidirirəm ki, mən bu iddialarla qətiyyən razı deyiləm. Ona görə ki, reallıq bunun əksini göstərir. Belə ki, keçən əsrin 90-cı illərinin əvvəlində bütün SSRİ məkanında olduğu kimi Naxçıvanda da insanlar sakit həyat yaşamaq və öz güzəranını bir qədər yaxşılaşdırmaq üçün başqa ölkələrə üz tuturdusa, son 15-20 ildə bu proses dayanıb. Hazırda Muxtar Respublikada əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş və artıq heç kim çörək dalınca digər ölkələrə getmir. Əgər Naxçıvandan əhalinin kütləvi axını varsa, onda 2018-ci ildə bir milyard manata yaxın sənaye, yarım milyard manatlıq kənd təsərrüfatı məhsulunu kimlər istehsal edib, 1,64 milyard manatlıq və ya adambaşına 3603 manatlıq (Naxçıvan şəhərində 7834 manatlıq) pərakəndə ticarət dövriyyəsi, 64,2 milyon manatlıq və ya adambaşına 141 manatlıq (Naxçıvan şəhərində 232 manatlıq) iaşə xidməti kimin hesabına baş verib? Onu da qeyd edim ki, bu göstəricilər ölkəmizin bir çox bölgələrindən xeyli yüksəkdir. Eyni zamanda, keçən il muxtar respublikada adambaşına 0,83 kvadratmetr, Naxçıvan şəhərində isə 2,89 kvadratmetr (Azərbaycan Respublikasında 0,22, Bakı şəhərində 0,32 kvadratmetr) yaşayış evi kimlər üçün tikilib istifadəyə verilmişdir? Bununla belə, mən də etiraf edirəm ki, Azərbaycanın digər bölgələrindən olduğu kimi muxtar respublikadan da müəyyən insanlar başqa yerlərə gedirlər. Ancaq bunlar o insanlardır ki, öz bilik və bacarıqlarını, bizneslərini daha böyük ərazidə, dünyanın bir çox ölkələrinə çıxmaq üçün əlverişli imkanlara malik ölkələrə üz tuturlar. Bu, inkişaf etmiş ölkələrə də xas olan tam normal bir prosesdir və bunu yalnız alqışlamaq olar, nəinki qınamaq. Onu da bildirirəm ki, əvvəllər muxtar respublikanı tərk edənlər son illərdə geri qayıtmağa başlayıblar. Bu da onu göstərir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır, muxtar diyar səriştəli rəhbərlər tərəfindən dövrün tələbinə uyğun idarə olunur.
Belə ki, Vasif Talıbovun Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi Naxçıvan Muxtar Respublikasının ali vəzifəsi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi və onun bu vəzifədə həm qanunverici və həm də icra orqanlarına 24 ilə yaxın bir müddətdə uğurlu rəhbərliyi Ermənistanın blokadasında olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında möhtəşəm nailiyyətlər əldə olunmasını təmin etmişdir. Digər dövlətlərin də təcrübəsi göstərir ki, ölkə müharibə və blokada şəraitində olduqda, keçid dövrünü yaşadıqda və başqa fors-major hallarda hakimiyyətin bir əldə cəmlənməsi daha yüksək səmərə verir. Bu da o halda baş verir ki, hakimiyyət səlahiyyətlərindən düzgün istifadə olunsun. Naxçıvan Muxtar Respublikasının əldə etdiyi uğurlu nəticələr onu göstərir ki, hörmətli Prezidentimiz İlham Əliyevin uzun müddətdir ki, Naxçıvana ciddi nəzarəti, diqqət və qayğısı muxtar respublikanın rəhbərliyi tərəfindən yüksək əzmkarlıq və səfərbərliklə qarşılanır və bu da Naxçıvanın sosial-iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşmasında öz əksini tapır.
Muxtar respublikanın iqtisadiyyatında son illər baş verən bu misli görünməmiş yüksəliş, şübhəsiz ki, əhalinin sosial rifah halının yüksəlməsinə və Naxçıvanda sosial şəraitin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ildə 433 manat təşkil etməklə Azərbaycan Respublikasının digər iqtisadi rayonlarının hamısından yüksəkdir. 
Fürsətdən istifadə edərək Azərbaycan xalqını və Naxçıvan Muxtar Respublikasının əhalisini muxtar respublikanın yaranmasının 95 illiyi münasibətilə təbrik edirəm, ölkəmizin digər bölgələri kimi qədim diyarımızın da daha yüksək nailiyyətlər əldə etməsini, xalqımızın firavan yaşamasını arzu edirəm.
Nardar BAYRAMLI




Ana səhifəyə qayıt        Baxış: 2 722          Tarix: 8-03-2019, 00:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma