![](/templates/Wmediat51/images/vetendash.jpg)
Kəmaləddin Qədim:
Minmisən ilhamın köhlən atına,
Çapırsan göylərin yeddi qatına.
Gəlmirsən dostunun təqdimatına,
Eybi yox, sən çağır. gözlə, gələcəm.
Nəriman Zeynalzadə:
Vaxtımı vaxtıma yavanlıq etdim,
Elə bilmə sənə yamanlıq etdim,
Bu qoca yaşımda cavanlıq etdim,
Doldurub sinəmi sözlə gələcəm.
Kəmaləddin Qədim:
Arpaçayı kimi çağlayıb, daşıb,
Dəli deyəcəklər görənlər, çaşıb.
A Nərman, biz bilən dağları aşıb,
Dərəylə, təpəylə, düzlə gələcəm..
Nəriman Zeynalzadə:
Yolumu gözləyir Yaycı bulağı,
Kəmaləddin yaxın eylər uzağı,
Çıxıbmı dağlarda quzuqulağı?
Doldurub ovcumu duzla gələcəm.
Kəmaləddin Qədim:
Çevrilsin qatara səki, sən istə,
Allah da təkdi bax, Təki sən istə.
Qardaş deyilikmi, təki sən istə,
Təki sən arzula, özlə, gələcəm..
Nəriman Zeynalzadə:
Gün o gün olsun açılsın yollar,
Uzansın Şərura dəmirdən qollar,
Dolsun ağzınacan dəmir vaqonlar,
Yolumu gözlə sən, yüzlə gələcəm
Kəmaləddin Qədim:
Niyə o ağılla, huşla gəlmədim,
Niyə o sərçəylə, quşla gəlmədim?
Qış gəldi sovuşdu, qışla gəlmədim,
Yaz gəlib çıxıbdı, yazla gələcəm...
Nəriman Zeynalzadə :
Ruhumu, canımı gecə əridir,
Xəbərin varmıdır necə əridir?
Sən heç bilirsənmi yanmaq necədir?
Ovcuma doldurub közlə gələcəm.
Kəmaləddin Qədim:
Çatar bu şeirimiz əlbət Tahirə,
Tanrıdan verilib qüdrət Tahirə.
Saz çalsın, qulaq as Məmməd Tahirə,
Məmmədlə gələcəm, sazla gələcəm..
Nəriman Zeynalzadə :
Gözlərim üstədir sizin yeriniz,
Gül açar, sevinər ürək eviniz,
Xoş olar ürəkdən gələn şeriniz,
Götürüb sazını sazla, gələcəm.
Kəmaləddin Qədim:
Gəlmədim Bakıya kefim əlinnən,
Çıxdı cərgəm, sıram, səfim əlimnən.
Zor ilə alındı evim əlimnən
O kəndə mən hansı üzlə gələcəm?
Nəriman Zeynalzadə:
Min dərdi alışıb yanır canında,
Çatmadıq hayına həmin anında,
Üzümüz qaradı kəndin yanında,
Onu ilk gördüyüm gözlə gələcəm
27.03.2019
Paylaş: