XƏYAL QURAQ
Gəl səninlə xəyal dünyası quraq,
Ağrını, acını, dərdi unudaq
Fələyin çərxini geri fırladaq,
Mən olum gənc oğlan, sən nazlı göyçək,
Bu gün sənin ad günündü, mübarək!
Əl-ələ tutuşub dönək o çağa,
Səsle Qənireni, gəlin bulağa,
Mən də hər döngədə çıxım qabağa,
Oğrunca baxışaq, həsrətlə ğülək,
Bu gün sənin ad günündü, mübarək.
Arabir dayanaq sizin o tində,
Keşikçimiz olsun qocaman iydə,
Əfsər qardaşının adı gələndə,
Boylan ətrafına, bax ürkək-ürkək,
Bu gün sənin ad günündü mübarək.
Qardaşın qoymasın tində dayanım,
Mən də həsrətinin oduna yanım,
Elə məhlənizdə yatım, oyanım,
Döysün yağış məni, döysün qar, külək,
Bu gün sənin ad günündü mübarək.
Xəbər olsun o dəcəl, şıltaq qıza,
Məni tək görüncə bürünsün naza,
Qısqan gah Pəriyə, gah da Gülnaza,
Məsum gözlərində parlasın şimşək,
Bu gün sənin ad günündü mübarək.
Mənə acıqlanıb baxma geriyə,
Olub keçənləri deyim Pəriyə,
O da gülüb desin: - gəlin "həriyə" ,
Elçi düşün, üzük taxın, çay içək.
Bu gün sənin ad günündü mübarək.
Yəqin yadındadı quyunun başı,
İlk dəfə orada durduq yanaşı,
İlk görüşü anaq, axsın göz yaşı,
Sən tez ağlayansan, mən qəlbi kövrək,
Bu gün sənin ad günündü mübarək.
SALAM, DOĞMA MƏKTƏB
Salam, doğma məktəb, xoş gördük səni,
Gəldim görüşünə, dəyişdi halım.
Sinif otaqları kövrəltdi məni,
Əlli il öncəyə uçdu xəyalım.
Qısıldım qoynuna, isti-mehriban,
Qayğısız günlərim əl-qol açdılar.
Dönüb uşaq oldum, dəyişdi zaman,
Çarəsiz dərdlərim uzaqlaşdılar.
Yığıldı başıma uşaq dostlarım,
O comərd, o şıltaq, qoçaq dostlarım.
Dəyişən zamanı bəhanə tutub,
İndi bir-birindən qaçaq dostlarım.
Sinifdə bir deyib, bir də gülərdik,
Biri kədərlənsə, dərdin bölərdik,
Saf idi qəlbimiz, duyğularımız,
Nə kələk, nə də ki, yalan bilərdik.
Siniflər adladıq, beşi-altısı,
Çoxumuz tapmışdı bir göz altısı,
Bəzi müəllimlər tənə vurardı,
Bəzi lağ edərdi hər söz altısı.
Bitirdik məktəbi, ayrıldıq səndən,
Dağıldı dəstəmiz pərənbə-pərən,
Kimi ali təhsil, kimi də peşə,
Hərə öz qismətin tapdımı görən !?
Həyata atıldım azad quş kimi,
Səmada uçmağa gücüm olmadı.
Vətən torpağına düşdüm daş kimi,
Vətəndaş olmağa üzüm olmadı.
SONUNCU SİNİF
"A" və "Be" birləşdi onuncu sinif,
Qələbəlik olduq sonuncu sinif,
Otuz səkkiz idik oğlanlı, qızlı,
Oğlanlar qayğıkeş, qızlar da nazlı.
Dostlarım var idi, Məmmədlə Bağır,
Biri romantikdi, biri də fağır,
İki Sadıq vardı, iki İbrahim,
Biri atalıydı, üçü də yetim,
Üç dost Məmməd vardı, bir də ki Əziz,
Sultan səliqəliydi, Məhbub çox təmiz.
İdris çalışqandı, İldırım cəlddi,
Vəli əlaçıydı, Etibar mərddi.
İki qardaş idi Sahib, Zülfüqar,
Dost idi Əbülfəz, Hüseyin, Qafar.
Bir az dalaşqandı Həsənlə Aman,
Dərsə bir gələrdi Əsgərlə Meydan,
İki Əmoğluydu Mirzəylə Mürvət,
Dost idi İbrahim, Asif və Həzrət.
Mehman tənbəl idi, Rəhimsə nadinc,
Qızlar oturardı yerində çox dinc.
Tahirli şairdi, İbrahim naşir,
Qəzet yazardılar hər həftədə bir.
Məzəli adı da var idi, " Sancaq "
Dəcəldən, tənbəldən yazardıq ancaq.
Həsən rəssam idi, karikatura,
Çəkərdi gah rəngli, gah da ki qara.
Divardan asılcaq yeni səhifə,
Vəlvələ düşərdi bütün sinifə.
Mənfi qəhrəmana hamı gülərdi,
Məzəmmət edərdi, tənbeh edərdi,
Yaman populyardı divar qəzeti,
Çoxdu oxucusu, vardı hörməti.
Qızlarımız vardı, həyalı, göyçək,
Hər biri tər qönçə, bir incə çiçək.
Qızların adını çəkmirəm qəsdən,
Siz Allah, inciyib, küsməyin məndən.
Sizin hər biriniz doğma, əzizdi,
Sizə olan sevgim ümman, dənizdi.
...Hayıf, o qayğısız, o şən günlərdən,
Burnunuzun ucu göynəyir hərdən.
Nə qədər saf idik, nə qədər təmiz,
Fitnədən uzaqdı ürəklərimiz.
21.09. 2022
KÜL OLDUQ
Bir qiymətli daş idik,
Qızıl idik, qaş idik,
Bütöv idik, baş idik,
Xırdalanıb pul olduq.
Saf insandıq, bəşərdik,
Alovlarda bişərdik,
Qıratlara yəhərdik,
Ulaqlara çul olduq.
Alveri seçdik peşə,
Aldatdıq biz həmişə,
Qəlbimiz büllur şüşə,
Qırıldıq pul-pul olduq.
Əhd-peyman tapdalandı,
Könlümüz yaralandı,
Sevgimiz paralandı,
Nəfsimizə qul olduq.
İbrahim, o çağ deyil,
Dərd səndən qaçaq deyil,
Hər tüstü ocaq deyil,
Ocaq bilib kül olduq.
YADIMA DÜŞÜR
Canlanır gözümdə həzin xatirə,
O mərhum dostlarım yadıma düşür,
Ömür karvanından erkən ayrılan,
Dostları anıram, qəlbim üşüyür.
Çox erkən başladı yarpaq tökümü,
Təzəcə həyata qədəm qoyurduq,
Təbiət yazanda ölüm hökmünü,
Biz xoşbəxt günləri bir-bir sayırdıq.
Karvandan ayrılan ilkdi Zülfüqar,
Sonra Həzrətqulu, Sabah və Nübar,
Məmməd Feyzullayev, Əbülfəz, Aman,
Məhəmməd Hüseyinov, Mirzə və Mehman.
Sadıqla İldırım çox verdi acı,
Sonra vidalaşdı Züleyxa bacı,
Onları axtarır hər yerdə gözüm,
Yas tutur qələmim, ağlayır sözüm.
VAXT VARDI
Vaxt vardı qartal tək zirvə gəzərdim,
Nə minnət götürər, nə dərd çəkərdim,
Leysan yağsa belə, yanıb tütərdim,
İndi şehdən sönən ocaq olmuşam.
Sanırdım mənimdir bu dağ, bu yamac,
Günəşəm, dünyanın başında bir Tac,
Səma mənə möhtac, yer mənə möhtac,
Nağıla inanan uşaq olmuşam,
Sanırdım istəsəm, dayanar külək,
Çərxini geriyə döndərər fələk,
Mənimçün döyünər hər sevən ürək,
İndi sevdalardan qaçaq olmuşam.
Yaş ötdü, yaşamaq durdu gözümdə,
Tükəndi səbrim də, bitdi dözüm də,
Dahi istedadı bildim özümdə,
Demə şairlərə calaq olmuşam.
İbrahim, öyündün şairəm deyə,
İlham qanadında qalxırdın göyə,
Fələk qamçıladı, bəxt döyə-döyə,
Endirdi göylərden, uzaq olmuşam.
Paylaş: