Xəbər lenti

 

“Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 – İnkişaf Strategiyası”nda nəzərdə tutulan hədəfləri reallaşdırmaq sadəcə mümkün deyil”.

Ovqat.com bildirir ki, bu sözləri “Yeni Sabah”a  Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

“Ermənistan 2050- İnkişaf Strategiyası” adlı sənədə görə 2050-ci ilə qədər əsas hədəflər Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmaq, 1,5 milyon  iş yeri açılmaq, 2,5 milyon məşğulluq məsələsini həll etmək və yoxsulluğu aradan qaldırmaq, Ermənistanı sənaye ölkəsinə çevirmək, ümumdaxili məhsulu 15 dəfə artırmaq, ermənilərin dəyəri 10 milyard dollara və işçi startapları on minlərə yüksələn ən azı beş texnologiya şirkətinə malik olmaq, ordu döyüş hazırlığına görə  dünyanın  iyirmi lideri arasında yer tutmaqdır.

Elxan Şahinoğlu bildirib ki, Paşinyan bununla inqilab zamanı verdiyi vədləri yerinə yetirməyin müşkül olması mesajını verir: “Paşinyan inqilab zamanı populist çıxışlar etmiş və erməni xalqına fantastik vədlər vermişdi. Artıq payızdır və hələ ki, Paşinyan heç bir vədini yerinə yetirməyib. 

Ölkədə hər hansı irəliləyişə nail olunmayıb. Əksinə narazılıq daha da artıb. Paşinyan da bunun fərqindədir və açıqladığı sənədlə mesaj verir ki, vədləri yerinə yetirmək o qədər də asan deyil. Ümumiyyətlə, təcrübədə görülüb ki, hakimiyyətə gələn siyasi qüvvə, yaxud şəxs yaxın 3-5 ili hədəfləyir. Amma Paşinyan 30 ildən danışır. O zamana qədər heç Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı bəlli deyil. Bu baxımdan Ermənistanın özündə də bu sənəd qeyri-ciddi qarşılanıb”,- deyə politoloq bildirib.

Elxan Şahinoğlu Paşinyanın Xankəndindəki çıxışı zamanı əvvəlki hakimiyyəti tənqid etməsini də təsadüfi saymır: “Paşinyan bəyan elədi ki, dövlət aparatı iflic vəziyyətinə düşüb, iqtisadiyyat dağılıb və s. O, əvvəlki hakimiyyəti ittiham etməklə verdiyi vədləri yerinə yetirə bilməməsinə bir növ haqq qazandırır”. 

Politoloqun fikrincə, Paşinyan bu addımları özünü sığortalamağa, dəstək qazanmağa çalışsa da, artıq ona olan inam azalıb. “Təsəvvür edin, Paşinyan Xankəndində çıxış edərək hədəfləri açıqladı, hətta Qarabağı Ermənistanın tərkib hissəsi olduğunu dedi. Amma ona əl çalan olmadı. Hətta Bako Saakyan da ona qəribə baxdı. Bu Paşinyana olan inamın azalmasının təzahürüdür”,- deyə Elxan Şahinoğlu vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 435          Tarix: 4-09-2019, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma