Xəbər lenti

 

Deputat mandatını sələmçiyə girov qoyaraq 300 min dollar borc götürən və qaytarmayan deputat Rəfail Cəbrayılov Milli Məclisə müraciət edərək istefa ərizəsini təqdim edib.

Bu barədə “Qafqazinfo” bildirir.

Deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub.  Ə. Hüseynli bildirib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.

R. Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib. Deputat Siyavuş Novruzov mövzu ilə bağlı çıxışında qeyd edib ki, məsələ hüquqi şəkildə həllini tapdı: “Ona görə də xahiş edirəm ki, bu məsələyə çıxışında kimsə toxunmasın”.

Xatırladaq ki, R.Cəbrayılovun dələduzluq əməlləri ətrafında qalmaqal günlərdir davam edir. Onun borclu olduğu çoxsaylı şəxslər KİV-lərə müraciət edirlər, deputat tərəfindən necə aldadıldıqları haqda danışırlar. Deputatın borclarının ümumi məbləği milyonlarla ölçülür. Bu borclar R.Cəbrayılovun qardaşı ilə birlikdə məşğul olduğu tikinti biznesinə görə yaranıb.

Cəbrayılovun sələmçi qadına vaxtı keçmiş deputat mandatını girov qoymuşdu, KİV-lər onun borclularla dialoquna dair gizli videogörüntüləri və səs yazılarını da yayıblar. Deputatın vəsiqəsini girov qoyub borc götürməsi əhvalatı Milli Məclisin üzvləri tərəfindən də qınanıb. Onun məsələsinə İntizam Komissiyasında baxılacağı gözlənilirdi.




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 30-09-2019, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma