Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür.
APA-nın məlumatına görə, 1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb.
Qatar tuneldə alışdığından və xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması səbəbindən faciənin miqyası böyük olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib. Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan olunub, qəzada həlak olanlar dövlət hesabına dəfn edilib və ailələrinə bir milyon manatlıq yardım göstərilib. Hadisə ən dəhşətli metro qəzası kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Paylaş: