Yeni il öncəsi dükan və bazarlardan alınan məhsullar sırasında spirtli içkilər də önə çıxır. Bu da saxta spirtli içki istehsalçılarını bir qədər də həvəsləndirir, daha çox saxta məhsul piştaxtalara çıxır. Nəticə isə dəhşət saçır.
Bakı şəhər sakinləri Sərxan Bayramov dekabrın 23-də, Mustafa Mustafayev isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olublar. Həkimlər pasiyentlərə kömək edə bilməyib, hər iki şəxs dünyasını dəyişib. “Alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya çatdırılan Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə sağlıq durumları ağırdır. Faktlarla bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonu, Tiflis prospektində yerləşən “Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12" əmtəə nişanlı spirtli içkilərini ”Baku City" restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Bakı Şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin spirtli içki qəbul etdikləri “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış zamanı 2 ədəd “Chivas Regal 12" adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda ”Kremlevskie Kuranti Premium" araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12", ”Chivas Regal 18", “Chivas Regal 21", ”Jameson", “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunub. Spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12" spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Azərbaycanın Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat vermələrini xahiş edir.
Yazı çapa hazırlanarkən metil spirtinin daha bir qurbanının xəstəxanaya çatdırılması xəbərini aldıq.
Sumqayıt şəhər sakini Elmin İsgəndər oğlu İsmayılov Bakıda, Babək prospektində yerləşən “Piano” restoranında viski içəndən sonra vəziyyəti pisləşib, onu xəstəxanaya çatdırıblar.
Texnika elmləri doktoru, professor Vüqar Mikayılov deyir ki, saxta içkilərdən uzaq olmaq üçün belə məhsulları firma mağazalarından almaq məsləhətdir: “Firma mağazaları belədir ki, orada ancaq istehsalçının təqdim etdiyi məhsullar satılır. Həmin mağazalara saxta malların düşməsi qeyri-mümkündür. Bu gün spirtli içkilər bazarında saxta mallar əvvəlki illərə nisbətən çox deyil, amma kifayət qədər saxta içkilər satışdadır. Belə içkilərin istehsalçıları əsasən texniki spirtdən istifadə edirlər. Texniki spirt qeyri-ərzaq məhsuludur, aseton, rastvoritel və bu kimi malların tərkibində olur. Texniki spirt insan bədəninə düşəndə ən yaxşı halda gözləri sıradan çıxarır, insan kor olur. Əgər insan qəbul etdiyi spirtli içkidən kor olubsa, deməli, qəbul etdiyi içkinin tərkibində metil spirtinin, yəni texniki spirtin miqdarı çox olub. Qida məhsulundan hazırlanan spirtdən kiminsə zəhərlənməsi çox nadir halda ola bilər, demək olar ki, mümkün deyil. Buğda nə qədər keyfiyyətsiz olmasından asılı olmayaraq ondan alınan spirtdən hazırlanan içki insanı zəhərləməz. Təmiz təmizlənmiş buğda spirtindən araq hazırlanır. Pis təmizlənən buğda spirtindən viski hazırlanır. Konyak üçün isə üzümdən alınan spirt istifadə edilir. Metil spirtinin, yəni texniki spirtin etil spirtindən - qida mənşəli spirtdən fərqli olaraq insanı öldürmə dərəcəsi yüz dəfələrlə çoxdur. Bu bəlaları insanların başına gətirən metil spirtindən spirtli içki hazırlayanlardır”.
Vüqar Mikayılov deyir ki, son zamanlar istehsalçı müəssisələrə çox geniş imkanlar yaradılıb: “Bu sərbəstlik Azərbaycanda şərabçılığın təməlini möhkəmlədir. Bu gün Azərbaycanda istehsal olunan spirtli içkilərin xaricə ixracı 5 il əvvəllə müqayisəyə gəlməyəcək qədər artıb. Bu gün Azərbaycan konyakları Fransa konyakları ilə eyni səviyyədədir. 1 şüşə Azərbaycan konyakı Ukraynada 180 dollaradır. Əvvəllər isə həmin konyakın şüşəsi 1-2 manat idi. Bu gün Azərbaycan vodka vətəni olan Ukraynaya araq ixrac edir. Azərbaycan istehsalı olan araqlar orada 12-15 dollara, yerli ”Nemirov" araqları 3-4 dollara satılır. Gürcüstana separavi növündən olan çaxır ixrac edirik. Amma bu gün Azərbaycanda saxta içki istehsal edən şəxslər var. Bu adamlar evlərdə saxta içkilər hazırlayır, insanlar həmin saxta içkilərin təsirindən kor olur, ölür və bu ümumilikdə Azərbaycanın spirtli içki bazarına böyük zərbədir".
Vüqar Mikayılov çıxış yolunu hər növ spirtli içki üçün ayrıca aksiz markanın olmasında görür: “Şərab üçün ayrı, viski üçün ayrı, vodka üçün ayrı aksiz markaları olmalıdır ki, insanlar saxtakarlıq edib çaxırın aksiz markasını oğurlayıb viskiyə vura bilməsinlər. Həmin insanların zəhərləndiyi restoranlarda araşdırma aparmaq, həmin saxta içkiləri ora aparan şəxsləri müəyyən etmək lazımdır. Onların saxta aksiz markaları necə, kimdən əldə etmələri öyrənilməli, çox sərt şəkildə cəzalandırılmalıdırlar. Şadlıq evlərinin zirzəmilərindəki sexlər birdəfəlik ləğv edilməlidir. Belə sexlər sıfırlanmalıdır. Dəyəri 2-3 milyon olan villalarda da belə saxta içkilər düzəldilən sexlər fəaliyyətdədir. Bu sexlərin fəaliyyəti arxasında kimlərin dayanmasından asılı olmayaraq ləğv olunmalıdır. Kimlər ki, saxta aksiz düzəldirsə, deməli, saxta pul düzəldir. Çünki aksiz markalar qiymətli kağızlara bərabər tutulur. Belə şəxslərə qarşı mübarizə tədbirləri bir qədər də gücləndirilməli, bu cür əməllərə görə cəzalar da sərt olmalıdır”.
Vüqar Mikayılov qeyd edib ki, bu gün yerli istehsalçıların spirtli içki istehsalında kimyəvi maddələrə tələbatı demək olar ki, yoxdur: “10-12 il əvvəl Azərbaycanda üzümçülük yox səviyyəsində olanda şərabçılıq zavodları rəng maddələrindən istifadə edirdi. Bu gün isə Azərbaycanda 16 min hektar üzüm bağı salınıb və xammalın qiyməti - üzümün 1 kiloqramı 30 qəpikdir. Kiloyarım üzümdən 1 litr çaxır alınır. 1 şüşə şərabın maya dəyəri 50 qəpikdir. Yəni belə olan halda gedib kimyəvi maddələrin alınması sərf eləmir. 50 qəpiyə başa gələn içkinin 2 manata satışı o deməkdir ki, istehsalçının 1 şüşədən 50-60 faiz gəliri var. Qalır bazara nəzarət edib saxta malların çıxarılmasını önləmək. Bunun üçün də aksiz markalar məsələsi bir də diqqətdən keçirilməlidir. Xalqın övladını saxta spirtli içkilərlə kor edən, öldürənlərin cəzası sərt olmalıdır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: