İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində yayılan və artıq dünyanın başqa regionlarında da qeydə alınan koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən intensiv nəzarət tədbirləri həyata keçirilir.
Unikal.org-un sorğusuna cavab olaraq DGK-dən bildirilib ki, bu məqsədlə beynəlxalq hava limanları ilə yanaşı, bütün gömrük-sərhəd buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltahabı və s. əlamətlərin müşahidə olunduğu fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması aparılır. Gömrük ərazisinə daxil olana qədər bir neçə mərhələdə aparılan yoxlama zamanı şəxslərin bədən hərarətinin ölçülməsi, həm də səyyar avadanlıqlar vasitəsilə də həyata keçirilir.
Onu da qeyd edək ki, indiyə qədər aparılan yoxlamalar nəticəsində koronavirusa yoluxma halları təsdiqini tapmayıb.
Famil Fərhadoğlu
Paylaş: