Xəbər lenti
27-05-2020, 22:24

XX əsr bəşəriyyət üçün çox əhəmiyyətli bir dövrü əhatə edir. Bu əsr dünya tarixində iki böyük müharibəyə şahitlik etsə də, eyni zamanda insanlıq üçün çox böyük və inanılmaz kəşflər əsri olaraq da adlandırılır. Bu yeni kəşflər keçmişdən həmin əsrə qədər çox az təkamülə məruz qalan qavramların, fenomenlərin təbiətini dəyişdirmiş, insanlıq üçün həm çox böyük faydalar, həm də təhlükələr gətirmişdir. Şübhəsizdir ki, keçən əsrə damğa vuran ən böyük fenomenlərdən biri qloballaşmadır. Qloballaşmanın sosio-mədəni, iqtisadi və siyasi komponentləri vardır və bir-birləri ilə qarşılıqlı əlaqə içindədirlər.

Qloballaşma milli dövlətlərinin varlığını təhdid etməsi və onları eroziyaya uğratması, milli dövlətlərin suverenliyini məhdudlaşdırması, regionallaşma, etnik və milli kimliyin, dini fundamentalizmin yenidən dirçəlişi və bunlara əks proseslərin getdiyi bir çox fərqli dəyişiklik ilə müşahidə olunmaqdadır. Sosio-mədəni qloballaşma bu kontekstdə ciddi əhəmiyyət daşıyır və qlobal şirkətlərin ortaya çıxması bu prosesin həm səbəbi, həm də nəticəsidir. Bu mənada qloballaşma bir mədəni homogenləşmə olaraq da görülə bilər. Xüsusilə, SSRİ dağıldıqdan sonra digər sferalarda olduğu kimi mədəni olaraq da Qərbin liderlik həvəsləri bu dövrdə müvəffəqiyyətli olmuşdur deyə bilərik. Hardasa bütün dünyaya yayılmış McDonalds restoranları və “fast food” mədəniyyəti, Hollivud filmləri, eləcə də “Apple” kimi markalar bu mənada dəyərləndirilə bilər, misal üçün. İki qütblü dünya sisteminin dəyişməsi və liberalizmin kommunist sistem üzərindəki qələbəsi bu şirkətlərin də önünü açmış, post-Sovet ölkələri bu şirkətlər üçün böyük bir bazar halına gəlmişdir. İqtisadi nüfuzetməni dəstəkləyən və ondan daha geniş mənaları ifadə edən Qloballaşma/Homogenləşmənin xarakterik xüsusiyyətləri Pitersə görə aşağıdakılardır:
– Mədəni imperializm, Mədəni asılılıq və Mədəni hegemonluq (Keçmiş imperiyaların digər etnik qruplar, xalqlar üzərində mədəni dominantlıq əldə etməsi)
– Modernləşmə (Klassik cəmiyyətlərə xas xüsusiyyətlərin Qərbin modernist xüsusiyyətləri ilə tədricən əvəz edilməsi. Bu proses bütün cəmiyyətlərdə eyni şəkildə getmir.)
– Qərbliləşmə: Qərbin dəyərlərinin dünyanın geri qalan hissəsində şüurlu və ya qeyri-şüurlu şəkildə mənimsənməsi. Böyük İslam mütəfəkkiri İbn Haldunun “Uduzan tərəf həmişə qalib gələni təqlid etməyə, yamsılamağa meylli olur. Çünki qalib gələnin bütün xüsusiyyətləri uduzan tərəfin nəzdində öz dəyərlərindən daha mükəmməl, qalib gələni güclü edən əsas faktor kimi görülür.” kimi ifadə etdiyi şəkildə Qərb dəyərləri həm Yaxın Şərqdə, həm də post-Sovet ölkələrində tək mükəmməl paradiqma, həm də mükəmməl həyat tərzi olaraq görüldü.
– Mədəni sinxronizasiya: Mədəniyyətlər arasında diffuziyanın baş verməsi prosesi.
– Vahid dünya sivilizasiyası: Bəzi alimlər, sosioloqlar və ictimai-siyasi xadimlər dünyada vahid bir sivilizasiyanın yaranmasına doğru gedildiyini irəli sürmüşdür. (Jan N. Pieterse “Globalization as Hybridization”)
Bu mənada mədəni qloballaşma iqtisadi və siyasi qloballaşmanın nəticəsidir. Başqa sözlə, iqtisadi qloballaşmanın əsas aktorlarından olan transmilli şirkətlər mədəni qloballaşmanın ortaya çıxmasında da əhəmiyyətli rola malikdir. Araşdırmaları “qloballaşma” problemi üzərinə olan Amerikalı sosiologiya professoru Corc Ritzerin fikirləri bu nöqtədə əhəmiyyət kəsb edir. Ritzerin sosial elmlərə qazandırdığı ən önəmli qavram “Makdonaldslaşma” (McDonaldization) qavramıdır. Bu qavram iqtisadi, siyasi və mədəni qloballaşma proseslərinin bir-biri ilə əlaqəsini ortaya qoyur. “Makdonaldslaşma” mədəni imperializm tezisini “McDonalds” restoranları nümunəsi ilə açıqlayan tezisdir və dörd komponenti vardır:
– Səmərəlilik (efficiency): Modern qərb həyat tərzinin bir motivinə çevrilmiş zamanın və məşğuliyyət sahələrinin gəlir əsaslı səmərəliliyin təşkili deməkdir.
– Təxminediləbilən olmaq (predictability): “McDonalds” restoranlarında olduğu kimi digər işlərin də rutininin, iş saatlarının, əldə edilən qazancın və s. əvvəlcədən dəqiq bilinməsi.
– Hesablanabilən olmaq (Calculability): Cəmiyyətlərin subyektiv və qualitativ qavramlar yerinə asanlıqla rəqəmsallaşdırılan kəmiyyət-əsaslı qavramlara üstünlük verməsinə istinad edir.
– İnsan əməyinin modern texnologiyalarla əvəz olunması (George Ritzer, Todd Stillman “Assessing McDonaldization, Americanization and Globalization”).
“Makdonaldslaşma” nəzəriyyəsi qərb əsaslı modern həyat tərzinin dünyada mənimsənilməsinin getdikcə artan şəkildə tək tipli həyat tərzinə səbəbiyyət verdiyini və bununla da tək tipli düşüncə modellərinə mənsub cəmiyyətlərin yaranacağını təxmin edir.

Mədəni imperializm və “Amerikanlaşma” tezisləri də ABŞ-ın liberal bazar ideologiyası və digər mədəniyyət əsaslı strukturlarla dünyanın geri qalan hissəsini necə öz təsiri altına aldığını açıqlamağa çalışır. Bu tezislərə görə ABŞ-ın dünya sosial və siyasi arenasında təsir dairəsini artıran faktorlardan biri ABŞ mərkəzli transmilli şirkətlərdir. Belə ki, investisiya qoyduqları ölkələrdə iqtisadiyyatda pay sahibi olaraq, bu şirkətlər həmin ölkələrdəki siyasi və sosial proseslərə də təsir imkanlarını artırırlar.
Transmilli şirkətlər istər sahib olduqları büdcələri ilə, istərsə də milli dövlətlərin sərhədlərini aşaraq bütün dünyaya yayılan investisiya gücləri və ticarətlərinin həcmi ilə çağdaş dünyanın ən böyük iqtisadi və maliyyə aktorlarından biri, bəlkə də birincisidir (böyük güc statusundakı milli dövlətlər istisna olmaqla). Misal üçün, bazar dəğəri yüz milyard dollarlarla ölçülən “Apple” şirkəti dünyadakı bu kateqoriyada sadəcə ilk sırada dayanan 15-20 milli dövlətin ÜDM-dən geri qalmaqdadır. Walmart şirkəti isə 2 milyondan çox işçisi ilə dünyanın onlarla ölkəsinin əhalisindən daha çox işçiyə sahibdir.
Bu nümunələri uzatmaq mümkündür. Ortada olan həqiqət budur ki, böyük şirkətlər sahib olduqları maliyyə gücü, ölkə iqtisadiyyatlarındakı ciddi rolu və böyük ticarət həcmləri ilə bir çox milli dövləti geridə qoymuşdur. Bu şirkətlərin böyük bir qisminin qərb mərkəzli olması təmsil etdikləri dəyərlər baxımından önəmlidir. Yuxarıda qeyd edildiyi kimi, transmilli şirkətlərin ölkə iqtisadiyyatlarında artan payı, siyasi və sosial gücləri onların əhəmiyyətini artırır. Şirkətlər öz mənfəətləri üçün hökumətlərə təzyiq etmə imkanına sahib olaraq aşağı vergi qoyulması, yerli maliyyə sisteminə müdaxil olma kimi istədikləri mövzularda hökumətləri yönləndirir və istəklərinin həyata keçməməsi halında bütün sərmayələrini bu ölkələrdən çəkməklə hökumətləri təhdid edə bilirlər (Colin Crouch “Post-democracy”).

Transmilli şirkətlər Qərb akademik dairələrində maraq qruplarının bir növü olaraq ələ alınır. Bunlara fraksiyalar, maraq qrupları, lobbilər kimi fərqli adlar verilməkdədir (Cigler J,Allan & Loomis, Burdett A.”The changing nature of Interest Group Politics”). Maraq qrupları əslində etnik lobbiçilikdən qadın haqlarını və ya ekoloji balansı müdafiə edən təşkilatlara qədər uzanan geniş bir sahəni əhatə edən çox ümumiləşdirilmiş bir qavramdır. Şirkətlər isə müxtəlif formada və müxtəlif məqsədlərlə də olsa hökumətlərə təzyiq etdikləri üçün maraq qrupları qavramı dairəsində ələ alınırlar.
ABŞ-ın keçmiş prezidentlərindən Abraham Linkolnun ifadə etdiyi “Demokratiya xalqın xalq üçün xalq tərəfindən idarə edilməsi formasıdır.” və demokratiyanın əsas prinsiplərindən biri olan “xalq idarəçiliyi” prinsipi yerini fərqli təcrübələrə buraxır. Belə ki hökumətlər seçicilərin tələbləri və böyük şirkətlərin təzyiqləri arasında qalırlar, onlar üçün əvəzedilməz olan böyük şirkətlərin dəstəyi üçün demokratiyanın ən təməl prinsiplərindən biri olan vətəndaşların tələblərini geri çevirmək məcburiyyətində qalırlar. Seçki kampaniyaları və özləri üçün həyati əhəmiyyət kəsb edən digər mövzularda şirkətlərin dəstəyini almağa can atan hökumətlər əslində vətəndaş mərkəzli və vətəndaşların tələblərini ön planda tutan demokratik sistem yerinə, yeni post-demokratik sistemin aktorları olaraq çıxış edirlər.



Ana səhifəyə qayıt        Baxış: 2 775          Tarix: 7-04-2020, 19:21      


Paylaş: