Xəbər lenti
Dünən, 19:25

 

Dünya yeni tip koronavirusun demək olar ki qlobal olaraq- xüsusən dünyanın iqtisadi güc mərkəzlərindən sayılan Avropa və Amerikada- tüğyan etməsi ilə çalxalanır. İlk başlarda yalnız Çinlə məhdudlaşacağı təxmin edilsə də, qısa zaman içində bu ehtimalın doğru olmadığı üzə çıxmışdır. Hazırda ölkələr bu virusdan yaranan fəsadların müvəqqəti olduğunu, qısa zamanda ortadan qalxacağı fərziyyəsi ilə öz strategiyalarını qursalar da, dəqiqdir ki modern milli dövlət anlayışı, 400 ildir öz mövcudluğunu qoruyan beynəlxalq sistemin anarxik forması, eyni zamanda qloballaşma fenomeni üzərində virusun yaratmış olduğu vəziyyətin təsirləri olacaq. Vəziyyət bu şəkildə uzun müddət davam edəcəyi təqdirdə isə bu təsirlər daha struktural və qalıcı olacaq.

Beynəlxalq sistem Vestfal sülhündən sonra modern dövlətlərin bir-birləri ilə qarşılıqlı əlaqədə olduğu anarxik sistem olaraq bərqərar olmuşdur. Bu sistem içində aktorlar arası münasibətləri tənzimləyən əsas faktor tarixin bütün dövrlərində birmənalı olaraq güc faktoru olmuşdur. Cəmiyyətlərin və sivilizasiyaların dəyişməsi, fərqli mədəni kodların mənimsənməsi, milliyətçi, sosialist və ifrat kapitalist ölkələrin meydana çıxması dövlətlərin daxili və xarici siyasət vasitələrini dəyişmiş, ancaq güc faktoru və dövlətlərin təhlükəsizlik məsələləri beynəlxalq siyasətdə hər zaman öz dominant xarakterini qorumuşdur. Cəmiyyətlər klassik xüsusiyyətlərindən əl çəkib modernləşsə də, dövlətlər imperial maraqlarını yerə qoyduğunu, yeni və sivil bir çərçivəni mənimsədiyini iddia etsə də, Suriya, Liviya kimi nümunələrdə açıq şəkildə görüldüyü kimi dövlətlərin güc vasitələrindən başqa dəyişən bir şey yoxdur. Başqa sözlə, beynəlxalq münasibətlər sistemi aşağıdakı ümumi- keçmişdən bu günə qədər keçərli olan- qanunauyğunluq daxilində formalaşmış və inkişaf etmişdir:

 

– İmperiya tarixinə malik olan dövlətlər hələ də keçmiş imperial həvəslərlə yaşayaraq, buna uyğun daxili və xarici siyasət formalaşdırmışdır. İmperializm yalnız “Məsihçi” ideologiyalara sahib dövlətlərlə məhdudlaşmamış, liberal dünyanın lokomotiv ölkələri də demokratik yayılmaçılıq şəklində fərqli növ imperializmə yönəlmişdir (Bu haqda İmmanuel Vallerştaynın yazılarına, Corc Ritzerin “Makdonaldslaşma” qavramına, “Mədəni imperializm” nəzəriyyələrinə baxıla bilər.)

– Beynəlxalq münasibətlər sistemində terrorist qruplaşmalar, qeyri-hökumət təşkilatları, trans-milli korporasiyalar və s. yeni aktorlar olaraq ortaya çıxsa da, sistemin əsas aktorları müasir dövrdə də dövlətlər olmuşdur. Hər dövlət üçün mühüm əhəmiyyət kəsb edən iki məsələ Vestfal sisteminin formalaşmasından bəri öz aktuallığını qorumuşdur: dövlətin gücünü (burada nisbi güc nəzərdə tutulur, dövlətlərin mütləq gücünün dövlətlərarası siyasətdə heç bir qarşılığı yoxdur) maksimum səviyyəyə çatdırmaq və dövlətin təhlükəsizliyini qorumaq (“təhlükəsizlik” qavramının çərçivəsi soyuq müharibə dövründən sonra daha da genişlənmişdir. Belə ki dövlətlərin siyasi, hərbi və iqtisadi təhlükəsizliyinə ətraf mühit təhlükəsizliyi, sosial təhlükəsizlik kimi qavramlar da əlavə edilmişdir).

– Sistem daxilindəki böyük güclər öz aralarında rəqabətə girərək özlərinə uyğun güc vasitələri ilə kiçik güclər üzərində dominantlıq əldə etməyə çalışaraq nüfuz dairələrini davamlı olaraq artırmağa cəhd etmişdir.

– Klassik cəmiyyətlər texnoloji inkişafın sürətli getməsi ilə modern cəmiyyətlərə transformasiya olmurlar. Əksinə yeni neo-klassik cəmiyyət modelləri yaranır. Bu da dövlətlərin xarici siyasət paradiqmalarına birbaşa təsir edir. Dindar cəmiyyətlər dünyəviləşmir, qeyri-rasional və dogmalara sahib qruplar dünyanı, sosial həyatı və digər aktorları bu dogmatik qavrayış modelləri ilə dərk edirlər, nəticədə buna uyğun da qarşılıqlı əlaqə qururlar. Qloballaşma bir tərəfdən mədəni diffuziyanı artırır, fərqli etnik və dini kimliyə mənsub insanlar bir arada yaşamağa başlayır və mədəniyyətlərarası inteqrasiya prosesi gedir, digər tərəfdən isə bu prosesin əksi baş verir. Belə ki ifrat milliyətçilik, etnik kimliyin daha bariz şəkildə üzə çıxması, dini fundamentalizmin və dindarlaşmanın yüksəlişdə olması nəinki bizim regionumuzda, eləcə də dünyanın hər yerində paralel şəkildə gedir.

 

Koronavirus epidemiyasının beynəlxalq sistemin aparıcı aktorlarında geniş yayılmasının yaratmış olduğu vəziyyət beynəlxalq sistemin yuxarıda göstərilən uzun illər öncə formalaşmış və kökləşmiş prinsiplərini silkələməyə qadir olsa da, ciddi dəyişikliklərə səbəb olacağı inandırıcı görünmür. Qərbin nüfuzlu intellektual platformalarında dilləndirildiyi kimi ölkələrin sərhədlərinin bağlanması və insanların səyahət etmə azadlıqlarının məhdudlaşdırılması ilə qloballaşma prosesinin dayanması və əks prosesin getməsi, milli dövlət mexanizminin güclənməsi şəklində tək tərəfli oxumaq bir sıra səbəblərə görə düzgün deyildir. Birincisi, sərhədlərin bağlanması və səyahətin məhdudlaşdırılması yalnız dövlətlər arasında yox, dövlətlərin daxilində müəyyən bölgələrdə də tətbiq edilir. Bundan əlavə, modern dövlətçilik fəlsəfəsi üzərinə əhəmiyyətli yazıları olan Thomas Hobbesun “Leviathan” əsərində irəli sürdüyü, insanların şəxsi azadlıqlarından imtina edərək yaratdığı və mütləq gücü təmsil edən modern dövlətin suveren gücü epidemiya qarşısında sarsılmaqdadır. Epidemiya qarşısında acizlik suveren dövlətlərin modern dövlətlər ortaya çıxdıqdan sonra yaranmış “mütləq güc” təsəvvürünü də zədələməkdədir. Üçüncü olaraq, çağdaş texnologiyaların yaratmış olduğu fürsətlər, insanların internet üzərindən fərqli iş imkanları tapmaq imkanı, bank köçürmələrinin asanlaşması və s. epidemiyanın nəticəsi olaraq sosial həyatı məhdudlaşan insanların bu imkanlardan daha çox yararlanmasına və milli dövlət sərhədlərinin keçiriciliyinin daha da artmasına səbəb ola bilər.

Kökləşmiş normalar və aktorlararası münasibətlərlə-fərqli zaman dilimlərində transformasiyalar olsa da- hazırkı beynəlxalq münasibətlər sistemini qısa zaman içində radikal dəyişikliklər gözləmir. Başqa bir yazının mövzusu olsa da, individual çərçivədə və sosial münasibətlərin yenidən dizayn edilməsində, xüsusən İslam dünyasında din-elm, dogmatik dini prinsiplər-elmi rasionallıq kontekstində kəskin dəyişiklərə səbəb ola bilər.

Bayram Əliyev

Azlogoz.eu




Ana səhifəyə qayıt        Baxış: 2 686          Tarix: 31-03-2020, 00:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma