Xəbər lenti

 
“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsinə görə məsuliyyət Yerevanın üzərinə düşür. Ermənistan bu təxribatla, Azərbaycandan Avropaya qaz nəqlinin başlanmasına mane olmaq istəyirdi”. 
 
Ovqat.com xəbər verir ki, bunu Estoniyanın “Tribuna.EE” portalına göndərdiyi məqalədə Azərbaycan Respublikasının Estoniyadakı Föfqəladə və Səlahiyyətli səfiri Murad Nəcəfbəyli bildirib. 
 
Məqaləni olduğu kimi təqdim edirik.
 
Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Sərhəd Qoşunlarının Tovuz rayonu istiqamətində yerləşən mövqelərini və sərhədyanı kəndləri artilleriya atəşinə tutub. Erməni qüvvələrinin yeni ərazilər tutmaq cəhdinin qarşısı cavab atəşilə alınıb. Bu dəfə döyüşlər bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınan işğal olunmuş Dağlıq Qarabağda deyil, Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verib.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən dövlət sərhədinin Qazax və Tovuz rayonlarından keçən hissəsinə Milli Ordu deyil, Dövlət Sərhəd Xidməti keşik çəkir. Militarist niyyətini gizlətməyən Ermənistan isə növbəti dəfə işğalçılıq siyasəti aparmağa çalışaraq, Ermənistan-Azərbaycan dövlət sərhədində öz silahlı qüvvələrini yerləşdirmişdi.
 
Son döyüşlər zamanı Azərbaycan tərəfi 12 hərbçisini, o cümlədən bir general-mayor və bir polkovnikini itirib. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 76 yaşlı dinc sakin də həlak olub. Erməni tərəfi bu ərazidə yaşayan dinc azərbaycanlı əhalini məqsədli şəkildə atəşə tutmaqla, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını pozub. Bu Konvensiya müharibə zamanı mülki əhalinin qorunmasını tələb edir.
 
Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr adi sərhədyanı toqquşma deyil. Erməni tərəfinin dəqiqliklə hazırladığı bu təxribat Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin davamıdır. Ermənistanın bu təxribatı törətməkdə məqsədi bölgədə yeni gərginlik ocağı yaratmaq, dünyanın diqqətini işğal etdiyi torpaqlardan yayındırmaq, danışıqlar prosesini pozmaqdır. Eyni zamanda, bu, onun Azərbaycan torpaqlarının işğalına son qoymaq fikrində olmadığının göstəricisidir.
 
Bununla yanaşı, Yerevan belə təxribatlarla erməni xalqının diqqətini ölkədəki ağır sosial-iqtisadi problemlərdən yayındırmağa, üzvü olduğu hərbi-siyasi təşkilatı isə münaqişəyə cəlb etməyə çalışır.
 
Bundan başqa, Ermənistanın bu təxribata Azərbaycan qazının Avropaya nəqlinə 3 ay qalmış əl atması heç də təsadüf deyil. Hər halda, Azərbaycanın Tovuz rayonu iri regional layihələrin reallaşdırılması baxımından strateji vacib mövqedə yerləşir. Ermənistan dövlət sərhədinin bu hissəsində strateji yüksəklikləri ələ keçirə bilsəydi, Azərbaycanın həyati enerji və nəqliyyat kommunikasiyalarına təhdid yaranacaqdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi”, Bakı-Supsa neft borusu, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi avtomobil yolu biləvasitə hərbi toqquşmaların baş verdiyi yerin yaxınlığından keçir.
 
Ermənistan həmçinin vaxtaşırı olaraq Azərbaycanı Mingəçevir SES-ə raket zərbələri endirərək, Kür çayının hövzəsində yerləşən onlarla şəhər və kəndi su altında qoymaqla hədələyir. Eyni zamanda, Ermənistan Naxçıvana və Azərbaycanın digər bölgələrinə qarşı ərazi iddiaları ilə çıxış edir. Erməni gəncləri qarşısında çıxış edən ölkə rəhbərliyi bildirir ki, onlar uydurma “böyük Ermənistan” yaratmaq naminə gələcəkdə yeni torpaqlar uğrunda vuruşmalıdırlar. Ermənistan həmçinin digər qonşu ölkələrə qarşı da ərazi iddiaları ilə çıxış edir.
 
Aydındır ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən təcavüzü, eyni zamanda, sərhəddə törətdiyi təxribatlar bütün beynəlxalq hüquq normalarına ziddir. BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək, onun torpaqlarımızın 20%-ni – Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonunu işğal edib. Nəticədə bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq, öz evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanır. Başqa sözlə, Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi təcavüzə görə, beynəlxalq hüquqi məsuliyyət daşıyır.
 
Ermənistanın yeni hərbi avantürası Azərbaycan xalqında hiddət doğurmaqla yanaşı, vətənpərvərlik ruhunun yüksəlməsinə də səbəb olub. Bakıda və rayonlarda minlərlə insan kor-təbii mitinqlərə çıxaraq, Orduya və Ali Baş Komandana dəstəyini ifadə edib, on minlərlə gənc düşmənə layiqli cavab vermək üçün könüllü cəbhədə yollanmaq istəyini bildirib. Bütün Azərbaycan cəmiyyəti dövlətin və prezidentin ətrafında sıx birləşib. İndi onlar işğal olmunmuş torpaqlar uğrunda azadlıq müharibəsinə başlamağa hazırdır.
 
Murad Nəcəfbəyli (Azərbaycanın Estoniyadakı səfiri)
 



Ana səhifəyə qayıt        Baxış: 3 861          Tarix: 24-07-2020, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma