Xəbər lenti
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
19-11-2024, 23:00
19-11-2024, 21:52
19-11-2024, 21:00
19-11-2024, 19:22
Xarici İşlər Nazirliyində aparılan kompleks yoxlamalar, istintaq araşdırmaları dəhşətli faktları üzə çıxarmaqda davam edir. Xatırladaq ki, Elmar Məmmədyarov nazir vəzifəsindən azad edildi, ardınca XİN-də əməliyyat keçirildi.
XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
İki gün öncə isə məlumat açıqlandı ki, DTX-nın davam etdirdiyi cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub...
Avqustun 12-də isə Musavat.com XİN platformasında fəaliyyət göstərən mötəbər mənbələrə istinadən sensasion məlumatlar yayıb. Həmin xəbərdə deyilirdi ki, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və istintaq olunublar. Onların küllü miqdarda dövlət vəsaitlərini oğurladıqları haqda iddialar var. Ramiz Həsənovun Eldar Həsənov həbs edilən gün - avqust ayının 13-də də DTX-da saatlarla saxlanıb və sorğu-sual edildiyi bildirilirdi.
Musavat.com daha bir sensasion məlumat əldə edib ki, Eldar Həsənov daha ilginc bir cinayət əməlində suşlanır. Həmin məlumatdan bir parça: “..Mötəbər qaynaqların məlumatında bildirilir ki, Serbiyadan Ermənistana silah satışının bəzi detalları üzə çıxmağa başlayıb. Həmin detalların bir birinə bağladıqda isə səfir Eldar Həsənovun silueti üzə çıxır...
Serbiyanın Ermənistana silah satması məsələsi ortaya çıxanda bir çoxları Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu fəaliyyətsizlikdə günahlandırdı. İyul ayının 12-dən başlayaraq Ermənistanın Azərbaycanın Tovuz rayonuna növbəti təcavüz cəhdi zamanı Serbiya silahlarından istifadə etməsi mətbuatda və cəmiyyətdə geniş müzakirələrə, o cümlədən də narazılığa səbəb oldu. Bu barədə ən müxtəlif versiyalar irəli sürüldü. Serbiya nümayəndə heyətinin ölkəmizə səfərindən sonra da bu məsələyə tam aydınlıq gətirilmədi. Azərbaycan-Serbiya dostluğundan, strateji müttəfiqlikdən gen-bol danışılaraq silah satışında hansısa mifik üçüncü ölkənin adı hallandırıldı.
Lakin Azərbaycan XİN-in platformasında olan qaynaqlardan gələn məlumatlara görə, Serbiyadan Ermənistana silah-sursat satışında səfir Eldar Həsənovun dolayısı ilə iştirakı olub. Mənbənin bildirdiyinə görə, bu işə Eldar Həsənovu pul qazanmaq ehtirası sövq edib”...
Musavat.com bir xatırlatma da verib ki, Eldar Həsənov yerli mediada yaxın dostu, baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bərabər Rusiya iqtidarındakı "qırğılar"a bağlı məmur kimi təqdim olunub. Bu iddiaların əsaslı olması haqda siyasi dairələrdə ciddi inam var.
Bu fakt təsadüfən xatırladılmır. Məsələ ondadır ki, Eldar Həsənovun adı zaman-zaman Azərbaycana qarşı proseslərdə hallanıb, barəsində ciddi ittihamlar səslənib.
Bu baxımdan Eldar Həsənovun həbsi indi nə qədər gözlənilməzdirsə, eyni zamanda o qədər də gözlənilən hesab olunur...
Bu kontekstdə çox mühüm bir detal: Prezident İlham Əliyev 2020-ci ilin iyulun 16-da anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanlar haqda çox ciddi bir açıqlama vermişdi. O bildirmişdi ki, xarici mətbuatda ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələrə əgər özü müdaxilə etməsə, təkzib olunmur:
“Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var...”
Prezidentin yeni Xarici İşlər Naziri ilə görüşündə etdiyi çıxışdan verilən bu parça Eldar Həsənov və başqa səfirlərin həbsinin anonsu da sayıla bilər...
Səfir Eldar Həsənova gəldikdə isə onun adı qaranlıq, anti-Azərbaycan proseslərində indi uzun illər öncədən və dəfələrlə çəkilib.
Məsələn, bununla bağlı kifayət qədər məlumat bazası və qaynaqları olan haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin hələ 2015-ci ildə yazdığı sensasion bir yazı bu gün üçün də aktualdır.
Eynulla Fətullayevin həmin yazısı sabiq səfir Arif Məmmədovun Azərbaycana qarşı fəaliyyətə cəlb olunmasının deşifrə olunduğu və onun radikal, təxribatçı çıxışlarının tüğyan etdiyi dövrə təsadüf edir. (Bax: https://musavat.com/news/eldar-hesenov-abbas-abbasov-ve-arif-memmedov-birlikde-ilham-eliyeve-qarsi_274761.html)
E.Fətullayev linkini təqdim etdiyimiz məqalədə yazıb ki, Arif Məmmədovun qiyamçı çıxışına hələ bir neçə ay qalmış Bakıya agentura şəbəkəsi vasitəsilə Azərbaycan diplomatlarının Avropadakı məxfi axşam toplantısı barədə şifroqram gəlib.
O məxfi məlumat da bundan ibarət olub ki, bir-birinə rəğbət bəsləyən xarici siyasət idarəsi işçiləri həmin günlərdə gizli görüş keçirərək, Azərbaycan iqtidarına qarşı plan cızıblar.
Sitat: “Azərbaycan səfirlərinin xaricdəki “sxodka”sının əsas ilhamvericilərindən birinin adı bizə bu gün məlumdur. Əliyevlər ailəsinin ən amansız və məkrli rəqiblərindən biri - səfir qismində sürgünə göndərilmiş sabiq baş prokuror Eldar Həsənov 15 il əvvəl olduğu kimi yenə də oyuna girir. Yeni çoxgedişli kombinasiyanın müəllifi amansız daxili siyasi mübarizəyə qoşulmaq üçün özündə yenidən güc və qətiyyət tapıb, özünün bütün imkan və resurslarını hazırkı hakimiyyətin devrilməsinə səfərbər edib.
Eldar Həsənov diplomatları yeni anti-Əliyev hərəkatı yaratmaq üçün həm Azərbaycanın daxilindəki, həm də xaricdəki bütün potensialdan istifadə etməyə çağıran Arif Məmmədovun əsəbi və ehtiraslı nitqinə tərəfdar çıxaraq hamını diqqətlə süzüb. Sonra da özünəməxsus şəkildə, amiranə və ötkəm səslə bəyan edib: “Həmin o an gəlib yetişdi. İlham Əliyevlə Qərbin qarşıdurması özünün pik həddinə çatıb. Vaşinqton onların vəziyyəti dəyişmək cəhdlərinə reaksiya vermir. Orada onlara başlarını bulayıblar, rədd ediblər. Moskvaya gəlincə isə Abbas Abbasov məni əmin edir ki, onların Kremllə münasibətlərində də hər şey qaydasında deyil. Bütün bunların sonu tezliklə gələcək və biz Bakıya qayıdacağıq!”
“Azərbaycan xüsusi xidmət orqanları Eldar Həsənovla Abbas Abbasovun bütün telefon danışıqlarını qeydə alıblar. Azərbaycanın bir çox Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə tərəfdaşlıq münasibətləri xətti ilə də bir çox məlumatlar əldə edilib. Yəni Eldar Həsənovun səfir olduğu Serbiyaya heç bir aidiyyəti olmayan başqa ölkələrin hökumətlərinin nümayəndələri ilə görüş və məsləhətləşmələri qeydə alınıb ki, bu da onun mandatına daxil deyil”...
Burada bir məqamı vurğulayaq ki, Eldar Həsənov təxminən 2008-ci ildən üzü bəri Azərbaycan iqtidarına qarşı fəaliyyət planlarının içindədir. O, sabiq vitse-premyer Abbas Abbasovla yaxın dostdur və eyni projenin həmmüəlliflərindən biri kimi tanınır. 2013-cü ildə Azərbaycana qarşı yaradılan “Milyarderlər İttifaqının” təşəbbüskarı Abbas Abbasov idi və bu işdə əsas məsləhətçi və tərəfdaşlardan birinin də Eldar Həsənov olduğu haqda mediada kifayət qədər yazılıb.
Eyni zamanda faktlarla sübut olunub ki, Eldar Həsənovun Arif Məmmədovla da yaxın münasibətləri var. Daha dəqiqi, Arif daim onun patronajlığı altında olub...
Yenə də Eynulla Fətullayevin yazısından sitat: “...Eldar Həsənov Arif Məmmədovun əməllərindən, çıxışlarından xəbərdar idimi? Buna şübhəniz olmasın. Əgər başıboş Məmmədov olsaydı, bu halda “bilmir, oxumur, sosial şəbəkələrdən istifadə etmir” versiyasını irəli sürmək olardı. Qəddar, məkrli və amansız Eldar Həsənov isə... Həsənov təhlükəni lap uzaqdan da hiss edir. Onun boşboğaz Məmmədovun narazılığını hiss etməməsi versiyası heç zəif tənqidə də dözmür. Təcrübəli usta olan səfir Həsənov bununla kimə və nəyi göstərmək istədi - Allah bilir. Lakin görünür, bu siqnal kimə göndərilmişdisə, o da həmin işarəni aldı”...
Fətullayev yazısında bir detalı da vurğulayıb: “...Həmin o Əli Kərimlinin və Cəmil Həsənlinin timsalındakı “milli demokratlar” ura-boşboğazlar və facebook kütləsi Arif Məmmədovun müdafiəsinə necə də canfəşanlıqla atılmışdılar. Özü də əslində nəyin baş verdiyini anlamadan. Sanki əmr, göstəriş almışdılar. Elə bilirdilər ki, Məmmədov qiyama hazırlaşır!”...
***
Təbii, Rusiya “qırğı”larına bağlı olan Abbas Abbasov-Eldar Həsənov cütlüyünün hansı oyunları oynamasından həm xüsusi xidmət orqanları, həm də ayıq, ciddi qaynaqları olan jurnalistlər kifayət qədər məlumatlı olublar və bu haqda mətbuatda da çoxsaylı yazılar dərc edilib.
O da sirr olmayıb ki, Avropada Azərbaycana qarşı çalışdırılan “söyüş müxalifəti” başsız olmayıb və Rusiyadan idarə edilib. Onların maliyyələşdirilməsi, Avropada yerləşdirilməsi, təhlükəsizliyinin qeydinə qalınması işini isə Abbas Abbasov həyata keçirib. Eldar Həsənovla bağlı iddialardan biri də budur ki, Abbasov Azərbaycana qarşı çalışdırdığı Avropadakı “azərbaycanlıları”, onların onlayn tv-lərini, bloqlarını məhz Eldar Həsənov üzərindən koordinasiya edib. Təlimatlar onun məkanından çatdırılıb...
Bütün bunlar heç şübhəsiz ki, istintaqa da bəlli olub və xəyanət əməlləri sırasına bunlar da daxildir. Hər halda, Azərbaycanın fövqəladə və səlahiyyətli səfirinin Rusiyadan idarə olunan çirkli işlərdə iştirakçılığı kifayət qədər ağır cinayət sayılmalıdır.
Bu iddialar da var ki, Abbas Abbasov-Eldar Həsənov 2018-ci ilin prezident seçkiləri ərəfəsində də maksimum hərəkətləniblər və o zaman təkrar deşifrə olunublar. Xatırlayırsınızsa, 2018-ci ilin seçkiləri zamanı Avropadakı anti-Azərbaycan “azərbaycanlıları” ən ağır söyüşlərlə hər gün çıxış edir və xalqı dağıdıcılığa, inqilaba, zorakılığa səsləyirdilər... Məqsəd məhz ölkəni qarışdırmaq idi. Bu planın da qarşısı alındı.
Ancaq 2 il sonra o projenin həmmüəllifi məsuliyyətdən kənarda qala bilmədi...
Çünki indi bu cür fiqurların arxası-dayağı sayıla bilən iqtidar olimpində qərar tutan bəzi fiqurlar yola salınıb. Son iki il yarımda Azərbaycan Prezidenti öz iqtidarını elə bir səviyyədə islah edib, kadr dəyişikliklərini o dərəcədə effektli aparıb ki, artıq “ölkəmiz yeni iqtidar tərəfindən idarə olunur”, deyə bilərik. Məhz bu dəyişimlərin, təmizləmələrin hədəflərindən biri də XİN sistemidir. İllərdir burada yuvalanmış anti-milli, korrupsiyaçı və xain ünsürləri indi heç bir maneə olmadan təmizləmək, suçu ağır olanları isə qandallamaq olar.
Burada bir məqamı qeyd edək. Son zamanlar Prezidentin kadr islahatlarının və bu islahatlara qarşı sabotajın əsas faktorlarından olan DTX bir həbsi həyata keçirirsə, mütləq ortaya sübut da qoyur. Ona görə də məsləhətdir ki, biriləri Eldar Həsənova görə özlərini boş-boşuna yandırmasınlar...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar