Xəbər lenti


Həm Azərbaycan, həm də Türkiyə birlikdə hərəkət etməklə, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişməkdə və təşəbbüsü ələ almaqda qərarlı görünürlər...

Cənubi Qafqaz regionu artıq “nifaq alması”na çevrilməyə başlayıb. Bundan sonra bütün diqqətlər məhz bu regiona yönəlmiş olacaq. Əsasən də dünya nəhəngləri üçün Cənubi Qafqazda baş verənlərin onların hegemonluq maraqlarında önəmli faktora çevrilmə ehtimalı kifayət qədər yüksəkdir.
Çünki bu regionda cərəyan edən geopolitik proseslərin təsiri və əsas inkişaf istiqamətləri beynəlxalq siyasət məkanındakı ziddiyyətlərdə həlledici rol oynaya bilər. Xüsusilə də, nəhəng dövlətlər arasındakı qüvvələr nisbətinin ağırlıq mərkəzinin ünvanı Cənubi Qafqaz uğrunda mübarizdə qazanılan üstünlüklərlə müəyyən ediləcək.
İllər öncə yazdığımız bir yazıda dünya hegemonluğuna apara biləcək yolun geopolitik xəritəsini təsvir etməyə çalışmışdıq. Həmin geopolitik “yol xəritəsi” hələ də öz aktuallığını itirməyib. Əksinə, Cənubi Qafqazda cərəyan edən son proseslərin konteksində daha da ön plana çıxıb.

Məsələ ondadır ki, Cənubi Qafqaza nəzarəti ələ keçirə bilən hərbi-siyasi güc bu bölgə üzərindən Xəzəryanı və Orta Asiya regionlarına təsir imkanları qazana bilər. Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiyaya eyni vaxtda hərbi-siyasi yerləşmə  Avrasiyaya ümumi nəzarət imkanları açır. Avrasiya üzərində tam nəzarət isə bütövlükdə dünya hegemonluğunun tək açarı sayıla bilər.
Təbii ki, indiki situasiyada Rusiya müəyyən mənada, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzərində nüfuzu olan dövlət kimi görünür. Və bu, Rusiyaya məhz keçmiş SSRİ-nin coğrafi xəritəsi üzərindən miras qalmış bir özəllikdir.
Ancaq Rusiya üçün bu mirasın “yük”ünü daşımaq olduqca ağır gəlir. Son illərdəsə, Kreml bu “yük”ün altında əzilməyə başlayıb. Çünki Rusiyanın bu üç region üzərində təsir gücü sabit deyil. Çünki Kremlin öz əlindəki coğrafi yayılma və təməlli yerləşmə imkanlarını dünya hegemonluğuna çevirə bilməsi üçün əsas vacib şərt olan maliyyə-iqtisadi və hərbi-siyasi resursları yetərli xarakter daşımır.
Ona görə də, hazırda müasir Rusiyanın dünyadakı mövcud statusu keçmiş SSRİ-nin sahib olduğu imkanlarla müqayəsedilməz səviyyədə fərqlənir. Keçmiş SSRİ dünyanın iki superdövlətindən biri idi və dünya hegemonluğu mübarizəsində əsas iddiaçılardan biri rolunda çıxış edirdi. Və keçmiş SSRİ də şəriksiz hegemonluq üçün bütün lazım olan resurslara tam sahib olmasa da, hər halda, “qüvvələr nisbəti tərəzisinin bir gözü”nü balanslandırmağa gücü çatırdı.

Ancaq Rusiya üçün eyni fikirləri söyləmək mümkün deyil. Çünki postsovet məkanında Rusiyanın dayaqları möhkəm deyil. Bu dayaqları möhkəmləndirə biləcək maliyyə-iqtisadi və hərbi-siyasi resurslardan məhrumdur. Üstəlik, Rusiyanın tarixi imperialist dövlət ənənələri postsovet ölkələrini Kremlə münasibətdə ehtiyatlı davranmağa, hətta imkan düşdükdə mümkün qədər uzaqlaşmağa sövq edir. Bu isə Rusiyanın postsovet məkanında, xüsusilə də, haqqında bəhz etdiyimiz üç önəmli regionda manevr imkanlarını məhdudlaşdırır.
Ona görə də, Kreml hazırda daha çox sadəcə, postsovet məkanında “keşikçi” rolunu oynamağa çalışır. Yəni Kreml çalışır ki, bu məkana Rusiya tam nəzarət edə bilməsə də, heç olmasa, kənardan başqalarının – ABŞ və Qərbin yerləşməsinin qarşısını alsın...
Ancaq dünya sürətlə dəyişir. Artıq dünya nəhəngləri Rusiyanın “kapriz”ləri ilə vaxt itirməyə həvəs göstərmirlər. Və onilliklər ərzində qarşılarına qoyduqları hədəflərin reallaşdırılmasına can atırlar. Həmin hədəflərin sırasında isə Xəzəryanı və Orta Asiya regionlarına “giriş qapısı” olan Cənubi Qafqazın da olduğu qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Rusiyanın siyasi dairələrində və mətbuatında Cənubi Qafqazın itirilə biləcəyi ilə bağlı narahatlıqlar artıq geniş müzakirə edilməyə başlayıb. Hətta Kremlə yaxın bəzi ekspertlər təxirəsalınmaz və qətiyyətli addımların atılmasını da tələb edirlər. Onların fikrincə, itirilən hər gün Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən daha çox uzaqlaşdırır.

Əslində, haqlıdırlar. Ancaq yanlış olan odur ki, tələsməkdən və qətiyyətli davranmaqdan öncə, daha doğru strateji addımların müəyyənləşdirilməsini məsləhət görmürlər. Hesab edirlər ki, daha doğrusunu məhz Kremldə bilirlər.
Kreml də tələsdiyini biruzə verir. Ancaq tələsdikcə də Rusiya tarixinin ən ciddi səhvlərini buraxırlar. Belə ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşı ola biləcək ölkəni tamamilə yanlış müəyyənləşdirib. Çünki Rusiya nə qədər tez-tələsik Ermənistanı silahlandırıb, gücləndirməyə can atsa da, bu “raxit dövlət”in regional əhəmiyyətinin artıq qalmadığını da nəhayət, qəbul etmək məcburiyyətindədir.
Məsələ ondadır ki, Kremldə hələ də Azərbaycanın Cənubi Qafqaz regionunun şəriksiz lider dövlətinə çevrilməsinə qısqanclıqla yanaşırlar. Üstəlik, son onilliklərdə sürətlə inkişaf edərək, güclənmiş Azərbaycanın Xəzəryanı və Orta Asiya regionlarına yerləşmək baxımından, “açar dövlət” olmasından da qıcıqlanırlar.
Halbuki bütün bunlara qısqanclıqla və ya qıcıqla yanaşmaq əvəzinə Rusiya artıq fayda verməyəcək “erməni kartı”nı birkənara atıb, Azərbaycanla geopolitik tərəfdaşlığın təməlini də ata bilərdi. Bu halda, Rusiyanın Türkiyə ilə də strateji tərəfdaşlığı üçün əsaslar, hətta ortaq maraqlar formalaşardı.

Nəzərə almaq lazımdır ki, son illərdə Türkiyənin ABŞ və Qərblə münasibətlərinin gərginləşməsinə paralel olaraq, Rusiya ilə əlaqələri daha pozitiv məzmun qazanırdı. Və Kremlin artıq çoxdan köhnəlmiş “erməni kartı”na ümid bəsləməkdənsə, Rusiyanın Azərbaycan və Qərbdən narazı Türkiyə ilə ortaq strateji regional tərəfdaşlığına nail olmaq imkanları yaranmışdı. Bu, Kremlə postsovet məkanının cənubuna Azərbaycan, Türkiyə və Rusiyanın istəyindən kənar hər hansı giriş cəhdinin qarşısını almaq imkanı qazandıra bilərdi.
Ancaq belə görünür ki, Kremldə köhnə ənənələrdən və əhəmiyyətini itirmiş rıçaqlardan imtina etməyə hələ tam hazır deyillər. Və bu səbəbdən də, “köhnə ssenari”lərlə geopoltik “tamaşa”lara quruluş verməyə israrla cəhd göstərilir.
Halbuki zaman və situasiya artıq ciddi şəkildə dəyişib. İndi zaman və şərtlər Rusiyanın “köhnəlmiş ssenariləri” üçün qətiyyən uyğun deyil. Və bu baxımdan, Kremlin yaxın gələcəkdə öz “ssenari”lərini yeniləmək məcburiyyətində qalacağı qətiyyən istisna deyil.

Hər halda, Türkiyə Azərbaycanın da fəal dəstəyi ilə Cənubi Qafqazda yerləşməyə başlayıb. Son proseslər də onu göstərir ki, həm rəsmi Bakı, həm də rəsmi Ankara ortaq hərəkət edirlər. Və ən əsasısa, həm Azərbaycan, həm də Türkiyə birlikdə hərəkət etməklə, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişməkdə və təşəbbüsü ələ almaqda qərarlıdırlar.
Onu da qeyd edək ki, son vaxtlar rəsmi Ankaranın ABŞ və Qərblə münasibətlərindəki çatların tədricən təmir edilməkdə olduğu nəzərə çarpır. Bu isə reginonda cərəyan edən proseslərin daha da sürətlənməsinə, yeni məzmun və keyfiyyət qazanmasına səbəb ola bilər.
Yəni, Cənubi Qafqazda Türkiyənin “ayaq səsləri” artıq daha aydın eşidilməyə başlayıb. Və növbəti mərhələdə bu regionda Türkiyənin timsalında NATO-nun “nəfəs”inin hiss oluna biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu





Ana səhifəyə qayıt        Baxış: 3 029          Tarix: 14-08-2020, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma