Ötən gün Urmiya şəhərində və Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində İran hakimiyyətinə etiraz olaraq gecə aksiyası keçirilib. Qəzəbli kütlə hökumətə qarşı bir sıra tələblər irəli sürüb. Onlar “Bu il qan ilidir, Seyid Əli devrilməlidir!” şüarı səsləndiriblər. Tehranın qərbində etiraz aksiyası keçirən insanlar “Universitet dağıdıldı, Tehran təcridxanaya çevrildi!” şüarı səsləndirərək küçələri bağlayıb tonqal yandırıblar. Paytaxtın Mərzdəran məhəlləsində keçirilən nümayişə gənclər və yeniyetmələr rəhbərlik edib.
İsfahan əyalətinin Şahinşər şəhərində gənc qadınlar yaylıqlarını açaraq İslam rejiminə qarşı etiraz aksiyası keçirib və "Azadlıq, azadlıq, azadlıq!" şüar səsləndiriblər. Mərkəz əyalətinin Ərak şəhərində etirazçılar polis maşınını yandırıb. Gilan əyalətinin Rəşt şəhərində gənclər molla rejiminə qarşı etiraz aksiyası keçirib. Nümayişçilər "Xameneiyə ölüm olsun!", "Xomeyniyə lənət olsun!", "Seyid Əli devrilməlidir!", "Bu son xəbərdarlıqdır!" və s. şüarlar səsləndiriblər.
Yeri gəlmişkən Fars əyalətinin Şiraz şəhərində qeydə alınmış videoda hökumət qüvvələrinin vətəndaşlara atəş açması əks olunub. Mərvdəşt şəhərində hökumət qüvvələri məscidin içərisindən əhaliyə atəş açıblar.
İran hakimiyyəti baş verənləri gizlətməyə çalışsa da, buna nail ola bilmir. Məlumata görə, ölkənin bir çox şəhərlərində həmkarlar ittifaqları da tətilə başlayıb. Bundan əlavə, İranın paytaxtı Tehran başda olmaqla onlarla şəhəri 2019-cu ilin noyabr etirazlarının ildönümü ilə əlaqədar tətilə qoşulub. Belə ki, bazarlar, mağazalar, istehsal müəssisələri fəaliyyətini dayandırıb.
İran millisinin Azərbaycan əsilli keçmiş futbolçusu, 53 yaşlı veteran idmançı Əli Dayi hökumətə etiraz olaraq Qətərdə keçiriləcək dünya çempionatına getməyəcəyi barədə öz instaqram hesabında paylaşım edib. İranın ali rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə bildirib ki, düşmənlər çarəsizlik üzündən masa üzərində olan bütün variantları həyata keçirdikdən sonra bıçaqlanma, iğtişaşlar və söyüşlərə əl atıblar. Siyasi və beynəlxalq məsələlər üzrə ekspert Sasan Vəlizadə söyləyib: “Düşmənlər “Qadın, Həyat, Azadlıq!” şüarının arxasında terrorçu mahiyyətlərini gizlədiblər”.
Eyni zamanda, Xorasan Rəzəvi əyalətinin Ədliyyə Ekspertlər Birliyinin rəhbəri Məhəmməd Hüseyn Şirkanın noyabrın 15-də güllələnərək öldürüldüyü bildirilibb. Məşhədin qubernatoru qatilin hələ də tutulmadığını və qətlin motivinin aydın olmadığını açıqlayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı noyabrın 15-də yaydığı məlumatda sentyabrın 17-si və noyabrın 14-i tarixləri arasında ölkədə davam edən etiraz aksiyalarında 52-si uşaq olmaqla 344 nəfərin öldürüldüyünü açıqlayıb. Bununla yanaşı, 15 820 nəfərin saxlanıldığı, bunlardan 448 nəfərinin tələbə olduğu və onlardan 1981-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Habelə bu müddət ərzində 140 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib və 138 universitetin tələbələri aksiyaları dəstəkləyiblər.
Report