Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər.
Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.
Hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə hazırda dindirilir.
Saxlanılan şəxslərin barəsində bu gün həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş: