Xəbər lenti

“Qulaqcıqlar piyadaların ölüm səbəbidir” – Yol polisindən SOS

“Bu il ərzində yol nəqliyyat hadisələrinin sayı azalıb. Lakin piyadaların vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da ciddi rəqəmdir”.

Bu barədə Publika.az-a Bakı şəhər Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bir vaxtlar sürət həddinin aşılması ilə bağlı hadisələr ümumi hadisələrin 52-54 faizini təşkil edirdi. İndi isə bu 37 faizə enib, əskinə piyadaların vurulması hadisələrin sayı artıb:

“Hazırda yol nəqliyyat hadisələrində əsas problem sürücü-piyada münasibətlərilə bağlıdır. Piyadaların vurulması çox ciddi narahatlıq yaradır. Baxmayaraq ki, ümumi yol nəqliyyat hadisələrinin sayında bütün göstəricilərə görə azalma müşahidə edirik. Lakin sürücü-piyada münasibətlərində hələ də, narazılıq var. Sürücülər tərəfindən problem demək olar ki, həllini tapıb. Aparılan təbliğat işləri, yeni texnologiyaların tətbiqi kimi işlər müsbət göstəricilər əldə etməyə imkan yaratdı. Lakin piyadalardan qaynaqlanan problem gündəmdədir. Bununla bağlı yetərincə təbliğat işi aparılmalıdır. Piyadaların vurulması əsasən piyada keçidləri yaxınlığında olur. 80-ə yaxın yeraltı-yerüstü piyada keçidlərinin istifadəyə verilməsinə baxmayaraq təəssüf ki, onlardan düzgün istifadə edilmir. Nəticədə bu cür hadisələr baş verir”.

V.Əsədov bildirib ki, piyadaların keçidə qədər getməyə tənbəllik etməsi, ya da yol keçərkən qulaqcıqlardan istifadə edilməsi, yol nəqliyyat hadisələrinin baş verməsi səbəblərindəndir:

“Həmçinin piyada və avtomobil yollarının kəsişməsində keçmə növbəliliyində nisbətən piyadalar tələblərə tam uyğun hərəkət etmir, yolu bir-bir və ya diqqətsiz keçdiyindən pik saatlarda sıxlıq yaşanır. Əməkdaşlarımız piyada-avtomobil zolaqlarının kəsişdiyi ərazidə yolun hər iki tərəfində xidmət aparmaq məcburiyyətində qalır. Piyadalar ilk növbədə öz təhlükəsizliyini təmin etmək üçün qanunun tələblərinə əməl etməlidirlər”.




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 14-11-2017, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma