Xəbər lenti

 

Məhkəmə-Hüquq Şurasından Ovqat.com-a verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin yüksək dəyərləndirilməsi vurğulanıb.
İclasda qeyd edilib ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib. Bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş dörd mükafatdan birinə layiq bilinib. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim olunub.
Azərbaycan layihəsinin müsabiqədə iştirak edən 37 layihə arasında mükafata layiq görülməsi və ölkəmizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropaİttifaqı dövlətlərini qabaqlaması məhkəmə islahatlarının uğurundan xəbər verir. “Ədliyyənin Kristal Tərəzisi” mükafatı Şuranın iclasında təntənəli surətdə təqdim edilib.
Eyni zamanda qeyd olunub ki, bu ərəfədə Avropa Şurasının xahişi ilə mütəxəssislərimiz Moldovaya səfər edərək müsbət təcrübəmizi həmkarlarına aşılayıb, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərliyi ilə mötəbər nümayəndə heyəti ölkəmizə eyni məqsədlə səfər edib. Bu, Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə islahatlarına beynəlxalq marağın nəticəsidir.
Tədbirdə, həmçinin əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunulub, vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatacağı bildirilib, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 16-11-2017, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma