Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib.Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.
Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.
Onların hazırda Türkiyədə müalicə aldıqları qeyd olunub.
Məhkəmə iclasında hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Şahid qismində isə Nailin atası Elman Allahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər.
Prosesdə Nail Allahverdiyevin vəkili hakimdən müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib və təqsirləndirilən şəxs barəsində aparılan istintaqın qərəzli olduğunu bildirib.
Daha sonra işə ekspert rəyi verən Sabir Şabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özü barəsində yazılan yazıları həqiqətə uyğun hesab etməyib.
“Mən həmçinin, məhkəmə psixoloji ekspertizasının rəyi ilə də razı deyiləm. Onu da qeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımda həqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycan vətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümid edirəm ki, ədalətli qərar veriləcək”.
Xatırladaq ki, prosesdə zərərçəkmiş tərəf kimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovun oğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsü olmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.
Məhkəmənin qərarı ilə Nail Allahverdiyevin işi üzrə istintaq yekunlaşıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.//Modern.az
Paylaş: