Bakının Heydər Əliyev prospektində “Galendevagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən Nail Allahverdiyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin edilib.
İttihama görə, bu il avqustun 3-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır.
Məlum olub ki, hadisə zamanı Nail Allahverdiyevin idarə etdiyi “Galendevagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Nail Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Nail Allahverdiyev baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.//Teleqraf.com
Paylaş: