Xəbər lenti

Bakıda 8 yaşlı uşaq burun-boğaz əməliyyatından sonra dünyasını dəyişib. Hadisənin “Xətai” Estetik Klinikasında baş verdiyi bildirilir.

Meydan TV-nin məlumatına görə, adının açıqlanmasını istəməyən qohum onlara bildirib ki, həkimlər səhvən 8 yaşlı Tunar İsayevin şah damarını kəsiblər və uşaq bu səbəbdən həyatını itirib: “Onu bir neçə gün öncə “Xətai” Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə, arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda vəfat edib”.

Qohumunun sözlərinə görə, 8 yaşlı Tunar Rafiq oğlu İsayev mayın 5-də dəfn olunub: “Tunar İsayevin ailəsi klinikanın yanındakı binada yaşayır. Yas mərasimi də elə burada keçirilir. Bununla bağlı cinayət işi açılıb, istintaq gedir. Uşaq 18 ildən sonra dünyaya gəlmişdi. Ailənin uzun müddət idi uşağı olmurdu”.

Əməliyyatın otorinolarinqoloq cərrahı Natavan Yaqubova tərəfindən aparıldığı bildirilir.

Meydan TV “Xətai” Estetik Klinikası ilə əlaqə saxlayıb. Maraqlıdır ki, klinikadan məlumatın yanlış olduğunu, elə bir əməliyyat keçirilmədiyini söyləyiblər: “Əminsiz həmin hadisə bizim klinikada olub? Bizdə belə adda kimsə əməliyyat edilməyib və belə bir hadisə baş verməyib”.

Səhiyyə Nazirliyi də hər hansı açıqlama verməyib.

Uşağın atası Rafiq İsayev əvvəllər Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini olub. O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsində çalışır. Şöbədən faktı Meydan TV-yə təsdiqləyiblər.

Rafiq İsayevlə əlaqə saxlamaq mümkün olmayıb. Qohumu “o, indi danışacaq halda deyil” – deyə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 523          Tarix: 5-05-2018, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma