“Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır”. “Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.
O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.
“Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir”, – nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib: “Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub”.
Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır: “Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq”.
Mikayıl Cabbarov deyib ki, sahibkarların indiyədək vərdiş etdikləri iş üslubunu dəyişməsinin asan olmadığını nəzərə alır və bunun üçün 2018-ci ili yeni reallıqlara, yəni vergi şəffaflığının təmin olunmasına uyğunlaşmaq üçün “keçid ili” hesab edir.
“Başa düşürük ki, oturuşmuş biznes təcrübəsini, iş üsulunu bir günə dəyişmək mümkün deyil. Yəni hər bir müəssisəyə adaptasiya üçün vaxt lazımdır. Buna görə də açıq şəkildə deyirik ki, 2018-ci ilə keçid ili kimi baxmağa hazırıq. Amma bu keçid prosesi həqiqətən olmalıdır”-nazir deyib.
Mikayıl Cabbarovun sözlərinə görə, bu şansdan istifadə etməyən vergi ödəyicilərinə qarşı qanunun tələbinə uyğun tədbirlər görüləcək: “Vergi ödəyicisi deyə bilər ki, bəli, bu yolla getməyə hazırıq, siz bizə bu yolla getməyin yolunu göstərin və zəmanət verin ki, məni aldatmayacaqsınız. Biz bu sualları cavablandırmalıyıq. Amma vergi ödəyicisi həm də deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun. Bu da seçimdir. Fərq ondan ibarətdir ki, 2-ci qrupla danışmaq mənim və həmkarlarım üçün vaxt itkisidir. Əgər biznesmen bu seçimi adaptasiya ilə müqayisədə aşağı riskli hesab edirsə və deyirsə ki, mən dəyişməyəcəm, istədiyim kimi işləyəcəyəm, biz onu nəyəsə məcbur edə bilmirik. Amma nə vaxtsa qarşılaşacağıq. Bu zaman onunla fərdi qaydada vergi öhdəliyi və qanunvericiliyin tələbi barədə danışacağıq. Çünki qanun var”.
Nazir həmçinin deyib ki, vergi ödəyicilərinin fəaliyyətlərindəki çətinliklərin bir qismi qanunvericilik və inzibatçılıqla bağlıdır: “Biz vergi ödəyicilərinin müəyyən problemlərinin olduğunu bilirik və qəbul edirik ki, bu problemlərin müəyyən hissəsi inzibatçılıqdan, müəyyən hissəsi isə qanunvericilikdən irəli gəlir. Çətinlik həm də ondadır ki, hansısa sahədə fəaliyyət göstərən bütün şirkətlər eyni cür işləyir. Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi. Çünkü holdinqlər iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun kifayət qədər böyük hissəsidir və ilkin mərhələdə onlarla bu müzakirələri aparıb böyük bir təbəqəni əhatə etmiş olarıq”.
Paylaş: