Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 9.9-2-ci, 9.9-3-cü, 9.9-4-cü bəndlər əlavə edilsin:
"9.9-2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-1-ci maddəsinə uyğun olaraq, ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul edir;
9.9-3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış üçün vergi ödəyicilərinin qeydiyyatını aparır, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə və texniki avadanlıqla təchiz edir;
9.9-4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" verir;";
9.10-cu bənddə "vergi və kommersiya" sözləri "vergi, kommersiya və bank" sözləri ilə əvəz edilir.
Bundan başqa, aşağıdakı məzmunda 11.3-1-ci, 11.3-2-ci və 11.10-1-ci bəndlər əlavə edilir:
"11.3-1. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək;
11.3-2. Maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;
11.10-1. Səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;";
11.14-1-ci bəndə "dövlət büdcəsinə alınması" sözlərindən sonra ", yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması" sözləri əlavə edilir.
Paylaş: