Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı əsasən antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: “Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq”.
U.Tağıyeva qeyd edib ki, tozlu hava şəraiti Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunur: “Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizmində əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir”.
Paylaş: