Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.
***
"Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən tozlu hava kütlələri ilə bağlıdır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, paytaxtda və yarımadada son günlər küləkli hava şəraiti müşahidə olunur: "Bunun nəticəsində də Türkmənistandan Xəzərin sahilyanı ərazilərinə tozlu hava kütlələri daxil olub. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Küləkli hava şəraiti müşahidə olunduğundan həmin toz kütlələri səpələnir". (report)
***
Bu gün səhər saatlarında Bakını toz-duman bürüyüb. Havada müşahidə olunan tozun miqdarı gözə çarpacaq dərəcədə artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda havadan götürülmüş toz nümunələri analizə göndərilib.
Havadakı tozun miqdarının norma daxilində və ya normadan çox olduğu araşdırılır.
Paylaş: