Bir müddət əvvəl şadlıq evləri və restoran sahiblərinə təmizləyici qurğuların quraşdırlması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdir. Ancaq həmin xəbərdarlıqlara əksər restoranlarda əməl edilməyib. Bu məqsədlə nazirlik Bakı şəhər İcra Hakimiyyəti ilə birgə reydlərə başlayıb.
Ovqat.com-un məlumatına görə, Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı bəzi restoranların atmosferi ciddi şəkildə çirkləndirdiyi məlum olub.
Ona görə də nazirlik xəbərdarlığa əməl etməyən şadlıq sarayları və restoranların cərimələnməsinə başlayıb.
Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, may ayında restoran sahiblərinə müasir standartlara uyğun təmizləyici qurğuların quraşdırılması üçün sentyabrın 1-ə qədər vaxt verilib. Ancaq əksər restoran sahibi bu göstərişə əməl etməyib.
Bəzi restoran sahibləri açıqlama verməkdən boyun qaçırıblar.
Digər restorandan isə bildirilib ki, artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində müvafiq şirkətlərlə danışıqlar aparılıb.
Bakı Şəhər icra Hakimiyyətinin əməkdaşı Bayram Həsənov bildirib ki, Binəqədi rayonu ərazisində cəmi 3 restoran sahibi restoranına təmizləyici qurğu quraşdırıb.
Nazirliyin departament direktoru Ramal Bağırov isə qeyd edib ki, restoranların havaya buraxdığı zəhərli tüstünün mütəmadi olaraq atmosferə vurduğu ziyan yoxlanılacaq. Ölçmənin cavabları laboratoriyaya göndəriləcək, nəticəyə uyğun olaraq restoranlar 4 min manata qədər cərimə edilə bilər.
Qeyd edək ki, belə reydlər mütəmadi olaraq davam etdiriləcək.\\Xezerxeber.az
Paylaş: