Xəbər lenti

 

Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır.

Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24 iyul – 9 avqust tarixlərində dördilliyin ən ali yarışı gündoğar ölkənin paytaxtında baş tutacaq. Tokio Olimpiadasında 206 ölkədən 11 091 idmançının 33 idman növü (50 disiplin) üzrə yarışacağı gözlənilir. Olimpiadanın ardından isə 25 avqust – 6 sentyabr tarixlərində ənənəvi olaraq Yay Paralimpiya Oyunları keçiriləcək.

Ancaq Olimpiadaya qədər bu yarışa vəsiqə qazanmaq üçün kifayət qədər yarışlar, lisenziya turnirləri keçiriləcək. Onlar hansılardır? Azərbaycanın göstərdiyi nəticələrə görə həmin yarışların bizim üçün vacib olanlarını və ölkəmizdə bu il keçiriləcək digər yarışları təqdim edirik:

Güləş

10-16 fevral tarixlərində İtaliyanın paytaxtı Romada 71-ci dəfə Avropa çempionatı keçiriləcək. Lakin lisenziya xalı vermədiyindən, bu yarışa əvvəlki tək maraq çox olmayacaq. Amma bu o demək deyil ki, qitə birinciliyində məşhur idmançılar olmayacaq. Burda yalnız sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında Olimpiadaya lisenziya qazanmış güləşçiləri görə bilərik. Məsələn, Azərbaycandan legionerlərimiz – Mariya Stadniklə Şərif Şərifovun yarışacağı gözlənilir. Stadnik səkkizinci, Şərif ardıcıl ikinci dəfə Avropanın ən güclüsü olmağa çalışacaq.

Lakin Avropanın əsas diqqəti martda olacaq. Çünki 19-22 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə qitə üçün lisenziya turniri keçiriləcək. Məhz Nur-Sultanda lisenziya qazana bilməyən güləşçilərimiz ikinci dəfə şanslarını yoxlayacaqlar. Hər çəkidə finalçılar Olimpiadaya birbaşa vəsiqə qazanacaq. 

30 aprel – 3 may tarixlərində isə Bolqarıstanın paytaxtı Sofiyada dünya lisenziya turniri keçiriləcək. Bu artıq idmançılarımız üçün Olimpiadada mübarizə aparmaq üçün son şans olacaq. Nə qədər çətin olsa da, idmançılarımız yenə ən azı finala çıxmalı və Olimpiadaya vəsiqə qazanmalıdır. Məhz bu yarışdan sonra hər çəkidə Olimpiadada mübarizə aparacaq bütün 16 idmançının adına aydınlıq gələcək. Yeri gəlmişkən, Olimpiadaya görə 2020-ci ildə dünya çempionatı baş tutmayacaq.

Gimnastika

Bakı bu il də gimnastika üzrə yarışların ən çox keçirildiyi şəhərlərdən biri olacaq. Belə ki, 15-16 fevralda batut gimnastikası və tamblinq üzrə, 12-15 martda idman gimnastikası üzrə və 24-26 apreldə bədii gimnastika üzrə Dünya Kubokları Bakıda keçiriləcək. Bu üç yarış Olimpiadaya lisenziya qazandıracaq. 

Xatırladaq ki, Azərbaycanın səkkiz gimnastı indiyədək Olimpiadaya vəsiqə qazanıb. Bunlar idman gimnastikasında İvan Tixonov, Marina Nekrasova, bədii gimnastikada Zöhrə Ağamirova və beş nəfərdən ibarət qrup komandamızdır.

Həmçinin 14-16 mayda XVI aerobika gimnastikası üzrə dünya çempionatı və 27-31 mayda XXXIV kişilərin (böyüklər və gənclər) idman gimnastikası üzrə Avropa çempionatı paytaxtımızda baş tutacaq.

Boks

Boksda bu il nə dünya, nə də Avropa çempionatı olmayacaq. Əvəzində isə lisenziya turnirləri keçiriləcək. Avropa üçün lisenziya turniri martın 13-dən 23-dək Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq. Burda kişilərdə çəki dərəcələrindən asılı olaraq, ilk səkkiz (-52 kq, -57 kq, -63 kq), altı (-69 kq, -75 kq, -81 kq) və dörd idmançı (-91 kq, +91 kq), qadınlarda isə ilk altı (-51 kq, -57 kq, -60 kq), beş (-69 kq) və dörd boksçu (-75 kq) Olimpiadaya vəsiqə qazanacaq.

13-24 may tarixlərində isə Fransanın paytaxtı Parisdə dünya lisenziya turniri baş tutacaq. Burda boksçulara daha az lisenziya yeri veriləcək. Belə ki, kişilərdə çəki dərəcələrindən asılı olaraq, ilk dörd və ya beş (-52 kq, -57 kq, -63 kq, -69 kq, -75 kq), üç və ya dörd (-81 kq) və üç idmançı (-91 kq, +91 kq), qadınlarda isə ilk beş və ya altı (-51 kq), üç və ya dörd (-57 kq, -60 kq, -69 kq) və üç boksçu (-75 kq) Olimpiya Oyunlarında iştirak hüququ əldə edəcək.

Karate

55-ci dəfə keçiriləcək Avropa çempionatı ilk dəfə Bakıda keçiriləcək. 25-29 mart tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq bu yarış karateçilərə ilk dəfə qatılacaqları Olimpiada öncəsi son lisenziya xallarını verəcək. Məhz bu yarışdan sonra – aprelin 6-da Olimpiya reytinq cədvəlinin yekun sıralaması bəlli olacaq və hər çəki dərəcəsi üzrə Olimpiadaya vəsiqə qazanan ilk dörd idmançının adına aydınlıq gələcək.

Bundan başqa, Fransanın paytaxtı Parisdə 8-10 may tarixlərində lisenziya turniri də keçiriləcək. Olimpiya reytinqi ilə vəsiqə qazana bilməmiş karateçilər bu yarışda ilk üç sıranı tutmaqla Tokioda yarışmaq hüququ əldə edəcək. Onu da bildirək ki, Olimpiadada hər çəki dərəcəsində 10 karateçi mübarizə aparacaq.

Həmçinin, Olimpiadadan sonra BƏƏ-nin Dubay şəhərində dünya çempionatı keçiriləcək. 17-22 noyabr tarixlərində baş tutacaq 25-ci dünya çempionatında, böyük ehtimalla, tanınmış karateçimiz Rafael Ağayev iş başında olmayacaq. Çünki həmin vaxt 35 yaşı olacaq Ağayevin Olimpiadadan sonra karyerasını bitirəcəyi gözlənilir.

Taekvondo

Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanın bir taekvondoçusu Olimpiya reytinqi ilə Tokio Olimpiadasına vəsiqə qazanıb. Bu, 80 kq çəki dərəcəsində yarışan iranlı legionerimiz Milad Beiqidir. Ötən il dünya çempionu olmuş idmançımız dekabrda Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Prinin final mərhələsində də gümüş medal qazanmaqla Olimpiya reytinqində ikinci sırada qərarlaşıb. İlk altı idmançı reytinqlə Olimpiadaya vəsiqə qazandığından, Milad həmin xoşbəxtlər arasına düşüb.

Bundan başqa, 24-25 aprel tarixlərində İtaliyanın Milan şəhərində Avropa lisenziya turniri keçiriləcək. Burda finalçılar Olimpiadaya birbaşa vəsiqə qazanacaq. Ümumilikdə, taekvondoda hər çəki üzrə 16 idmançı mübarizə aparacaq.

Həmçinin 7-10 may tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə G4 kateqoriyalı XXIV Avropa çempionatı baş tutacaq. Yarışın əvvəl Serbiyanın paytaxtı Belqradda olacağı razılaşdırılsa da, sonradan qonşu Xorvatiyaya salınıb. Bu yarış taekvondoçular üçün Olimpiada öncəsi sınaq yarışı olacaq.

Cüdo

Cüdoçuları bu il Olimpiadadan başqa, bir mötəbər turnir gözləyir. Bu, 1-3 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək kişilərdə 69-cu, qadınlarda isə 46-cı Avropa çempionatıdır. Ancaq bu yarış Qran-Prilər və gənclərin dünya çempionatındakı qədər az lisenziya xalı verəcək.

Bu il Olimpiadaya görə cüdoda dünya çempionatı baş tutmayacaq. Həmçinin Avropa çempionatının başlanmasından bir həftə sonra – 8-10 may tarixlərində Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi “Böyük Dəbilqə” turniri keçiriləcək. Son statistikaya görə, beş qitənin 16 ölkəsindən 56 cüdoçu (31 kişi və 25 qadın) Bakıda mübarizə aparacaq. Bu yarış ötən il Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatı və 28-30 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq Masters turnirindən sonra cüdoçulara ən çox lisenziya xalları qazandıracaq.

“Böyük Dəbilqə” qalibə 1000, gümüş medalçıya 700, bürünc mükafatçılara 500 xal verəcək. Beşinci yerlərin sahibi 360, yeddinci sıranı tutmuş cüdoçular 260 xal qazanacaq. 1/16 və 1/32 finaladək gəlmiş idmançılar müvafiq olaraq 160 və 120 xal, bir döyüşdə qalib gəlmiş idmançı 100 xal və hər bir iştirakçı 10 xal əldə edəcək.

Beləcə bu yarışın nəticələri də mayın 25-də açıqlanacaq dünya reytinq sıralamasına təsir göstərəcək. İlk 18 idmançı (üstəlik meydan sahibi olaraq bir yapon idmançı) reytinq sıralamasına görə Olimpiadaya vəsiqə qazanacaq. Bundan başqa, hər qitədən əlavə idmançılar və hər çəkidə dəvətnamə ilə bir cüdoçu Olimpiadada iştirak hüququ əldə edəcək.

“Formula-1”

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi beşinci dəfə paytaxtımız Bakıda keçiriləcək. Dünyanın ən elitar idmanları siyahısında liderlərdən olan bu avtomobil yarışı 5-7 iyun tarixlərində sürətsevərləri yenidən həyəcanlandıracaq.

Futbol

“Formula-1”in başlamasından bir həftə sonra daha çox futboldan danışılacaq. Çünki 12 iyun – 12 iyul tarixlərində 16-cı Avropa çempionatı keçiriləcək. Məhz Olimpiadadan öncə Avropa qitəsinin gözü bu yarışda olacaq. 16-cı Avropa çempionatı ilk dəfə qitənin 12 şəhərində keçiriləcək ki, qonaq komandaları qəbul edəcək məkanlardan biri də paytaxtımız Bakıdır.

A qrupunun Uels – İsveçrə (13 iyun, saat 17:00), Türkiyə – Uels (17 iyun, saat 20:00), İsveçrə - Türkiyə (21 iyun, saat 20:00) oyunları və və bir 1/4 final matçı (4 iyul, saat 20:00) Bakı Olimpiya Stadionunda keçiriləcək.

Atçılıq

10-20 sentyabr tarixlərində polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək. Burda səkkiz ölkənin komandası mübarizə aparacaq. \\Oxu




Ana səhifəyə qayıt        Baxış: 5 554          Tarix: 22-01-2020, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma