Xəbər lenti


Cahillik bizi koronaya məğlub etdi. Artıq “edəcək” yazmıram. “Edəcək”i onlarla həkimimizlə, siyasətçimizlə birlikdə, iki aydır durmadan söyləmişəm.

İndi yayı yola verə bilsək, payızın xoş olmayacaq sürprizlərini gözləməyə başlayacağıq.

Acı-acı düşünürəm: bu millət nə siyasətdə, nə sağlıqda, nə gələcəyə münasibətdə niyə xeyrini-şərini anlamır?

Ötən gün bir qızın paylaşdığı videoya baxdım. Balkondan video çəkərək, küçədən keçən polislərə sataşırdı. “Bəlkə, soyunum məni də gəlib evdən aparasınız?” deyirdi. Bu həyasızlığın qarşısında polislər təmkinlə yollarına davam etdilər.

Əsəbləri onsuz da gərgin olan, üç aydır həyati riskin altında vətəndaşımızın nazını çəkən tibb işçilərimizə və polislərimizə qarşı göstərdiyiniz bu küstahlığın bədəlini mütləq ödəyəcəksiniz – həm də bir çox hallarda canınızla.
İnsan haqları küyçüləri, bu insanların haqlarına girdiyinizə görə, onlar haqlarını sizlərə, çətin ki, halal etsinlər! Əslində, maska taxmamağa görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, vətəndaş təxribatı ilə qarşılaşmasın deyə, artıq polis də bunu irad olaraq insanlara bildirməkdə çətinlik çəkir.

Xəstəxanalardan onlarla həkim, tibb bacısı zəng edib, vəziyyətin kritik olduğunu söyləyirlər. Artıq xəstəxanalarda yer olmadığına, həkim çatışmadığına görə, xeyli insanın evində müalicə aldığını bilirik. “İnanmıram” deyənlər inanların taleyini həll etməyə başlayıblar. Özümün onlarla tanışım orta ağır vəziyyətdə ölümlə çarpışırlar xəstəxanalarda. Bir gerizəkalı vəkilsə zəng edib deyir: “Bu xəstəliyə inanmıram, sizlər də hər dəfə xalqı qorxudursunuz”.

Deyirəm ki, SPİD xəstəliyinə inanırsan? Deyir, “Əlbəttə”. O halda, haçansa SPİD tutmusan? Deyir, “Yox”. O zaman koronavirusa inanmaq üçün hökmən, gərək, yoluxasan?

Bu pandemiya şəraitində, insafən, Azərbaycan hökuməti çox işlər gördü və görməkdədi. Deyən gərəkdi, millət, gəlin başqa işləri qoyaq kənara, heç olmazsa, bu işdə görürsənmi ki, hökumət sənin yanındadı? Niyə yerindən olmalısan ki? Qoy bu xəstəlik sovuşsun, sonra görək, nə edə bilirik də…

Mənə maraqlı bir səs yazısı göndəriblər. Səs, uzağı, 5 gün əvvəlin mesajıdır. Adını bildirməyən bir həkim İranda, xüsusən Kürdüstan əyalətindəki vəziyyət barədə danışırdı. Bu səs yazısına əlavə olaraq, bir mesaj da var, belə yazırdı ki, həmin bu həkim ölümündən iki gün əvvəl paylaşım edib.
Həkim deyirdi:“Mən özüm əvvəllər hər kəsə bu xəstəlikdən (koronavirusdan) “Qorxmayın” demişəm, ancaq indi hər kəsə “Qorxun!” deyirəm. Çünki rastlaşdığımız hadisələr daha öncə gördüklərimizdən fərqlidir. Xəstəlik mutasiya keçirib və daha təhlükəli şəkil alıb”.
Həkim bu yeni, tanımadığı xəstəliyin koronavirusdan fərqlənən bir neçə xüsusiyyətini də dedi:

“Birincisi, öncədən istifadə etdiyimiz testlər təyin edə bilmir, neqativ göstərir, xəstəlik olsa da, ikinci xəstəlik əvvəlkindən on qat daha yoluxucudur, yəni, bildiyimiz, istifadə etdiyimiz maskalar da qoruya bilmir.

İkincisi, xəstələr qızdırma və quru öskürəklə deyil, sanki, kimyəvi maddədən, məsələn, xlordan zəhərlənmiş kimi simptomlarla gəlirlər, az müddətdən sonra boğulurlar.

Üçüncüsü, bu xəstəlik cavanları da eyni dərəcədə cənginə alır, ölənlərin 30 faizi 1-25 yaş arası uşaq və gənclərdir.
Dördüncüsü, əgər əvvəllər koronavirus barədə, “bu xəstəlik yüngül və orta ağır keçir,” deyirdiksə, indi deyirik ki, orta ağır və ölümlə nəticələnir…”.
Düşünmürəm ki, bu, milləti qorxutmaq üçün bir vasitə olsun. Çünki artıq bir sıra xarici mətbuat virusun daha sürətli yayılan şəklə düşdüyündən yazır.
Mən də əvvəldən şübhəli idim, “böyük dövlətlər bu virus üzərindən siyasət yürüdürlərsə, canımızı asan qurtarmağımız çətin olacaq”, deyirdim.
Deyilənə görə, ispan qripi əvvəl yayılanda zəif adamları öldürürdü, daha sonra isə immun sistemi güclü olanları öldürən bir xəstəliyə çevrilmişdi.
İndi bu koronavirus da təzə yayılan bir virusdu, aradan getməyincə, neçə şəklə düşə bilər. İndi təbiətdənmi gəlib, laboratoriyadanmı, məncə, heç incələnməsinə gərək də qalmır. Əsas odur ki, biz eynilə nağıllarda oxuduğumuz kimi, gözəgörünməz bir düşmənlə savaşırıq. Bizi necə, haradan, hansı şiddətlə vuracağını bilmirik. Bacardığımız qədər qorunsaq, nə olar?

Hələ də xəstəliyin olmadığını sübut eləməyə çalışan insanabənzər məxluqlar var. Guya, pulla adi xəstəlikdən ölənləri “koronavirusdan öldü” deyə yazdırmaq üçün pul təklif edənlər varmış. Yalanın, fitnənin bu boydası… Nə deyəsən?
Üzü payıza gələcək ikinci dalğa pis sürprizləri önümüzə çıxaracaq. Müşahidəm onu göstərir ki, təcili görüləcək tədbirlərin başında bir neçəsi aşağıdakılar ola bilər:

Birincisi, Türkiyədəki kimi, avtobosda maska taxmayan, yaxud da mindikdən sonra maskasını çıxaran insanı təsbit edən kimi, sürücü nəqliyyatı idarə etməkdən imtina etməlidir ki, sərnişinlər özləri bu qanuntanımazı yerə düşürsünlər.
Eyni zamanda, maskasız sərnişin daşıyan nəqliyyat şirkətinə dərhal cərimələr kəsilməlidir. O halda əlavə 20 qəpiyin avantajı üçün maskasız adamı avtobusa almayacaq.

İkincisi, marketlərə maskasız daxil olan hər bir şəxsə görə market sahibinin cərimələnməsini dərhal həyata keçirmək gərək. Bu halda market sahibi on-on beş müştəri avantajına görə bu virusun yayılmasının qarşısını qapıda nəzarəti gücləndirməklə özü alacaq.
Üçüncüsü, tibbi maskanın satış qiymətini maya dəyərinə uyğun olmasa belə, 5 qəpiyə endirmək lazım ki, məsulyyətsiz vətəndaş üçün zərrə qaədər də bəhanə yeri saxlanılmasın.

Ayrıca, vətəndaş məsuliyyəti məsələsinə gəldikdə isə, buna qarışmayın, çünki xəstəlik riskinə aldırmadan rayonlara kabab çəkməyə gedən insanlara nə hüququn, nə də dilimizin leksik potensialının gücü yetməyəcək. Bunlara koronanın təsiri də olmayacaq. Cahilliyin əlaməti nədir? Bir növ cahil deyir ki, Allahı göstər, inanım. İkinci növ cahil də deyir ki, bir büt kimi inandığım özü elə Allahdır…
Bunlar cahillik virusu üzündən çoxdan ayrı dünyanın sakinlərinə çevrilmişlər.Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 960          Tarix: 16-06-2020, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma