Xəbər lenti


"Koronavirus statistikası sabitləşəcək, amma..."
Azərbaycanda ciddi məhdudiyyətlərə baxmayaraq, yeni növ koronavirus infeksiyası sürətlə yayılır. Yolxuma və ölüm səviyyəsinə görə ölkəmiz Cənubi Qafqazda ilk yerdə dayanır. Hər gün 4300-dən artıq yoluxma 40 yaxın ölüm qeydə alınır ki, bu da kifayət qədər yüksək göstərici hesab olunur.

Artıq təcili yardımın normal fəaliyyəti pozulub, xəstəxanalar dolub və lazımi dərman preparatları kəskin bahalaşıb və ya qıtlaşıb.
Bəs bu gedişat nə vəd edir, il sonuna qədər hansı mənzərə ilə rastlaşa bilərik?
"AzPolitika.info"-nun suallarını cavablandıran tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov bildirib ki, COVİD-19-un ikinci dalğası birincidən daha dağıdıcı və təhlükəlidir: "Əgər 4 ay əvvəl birinci dalğada insanlar “xəstəlik varsa, niyə mənim tanıdığım heç kimdə yoxdur?” sualı verirdilərsə, bu gün demək olar, hər evdə xəstə var.

Artıq hamı inanır, amma gecikmişik. Bir aydır həkimlər həyəcan təbili çalır ki, özünüzü qoruyun, maska, sosial məsafə qaydalarına, gigiyenaya əməl edin. Dəfələrlə deyildi, yazıldı, göstərildi. Amma keçən həftə küçədə maska məcburiyyəti olmayana qədər buna məhəl qoyan yox idi. Nəticə göz qabağındadır".

Xatırtladaq ki, yoluxmanların sayının kəskin çökməsi, təcili yardımın bütün çağırışlara yetişə bilməməsinə gətirib çıxarıb. Sosial şəbəklərdə bu barədə çoxsaylı şikaytətlərə, narazılıqlara rast gəlinir. Bəzi ekspertlər isə səhiyyə sisteminin çökdüyünü bildirirlər.
M. Müseynov bildirir ki, səhiyyə sistemi çökməsə də, artıq “error” verir: “Bu gözlənilirdimi? Əlbəttə, gözlənilirdi. Əgər Çexiya kimi inkişaf etmiş Avropa ölkəsində sistem çökmüşdüsə ( yükün əsas hissəsini Almaniya götürdü), Türkiyə kimi tibbi nöqteyi - nəzərdən dünya səviyyəli ölkədə xəstəxanalar doludursa, elementar dərman istehsalı olmayan Azərbaycanda sistemin davam gətirəcəyi şübhəli idi. Ölkə rəhbərliyinin təcili tikdirdiyi modul tipli xəstəxanalar olmasaydı, bu gün nələr olardı, bəlli deyil. Amma onlarda da yer limitlidir və bu gün demək olar ki, yer yoxdur".

Əsas problemlərdən biri koronavirusdan müalicə prosesində istifadə olunan dərmanların bahalığı əlçatan olmamasıdır. Həkim bu faktları təsdiq edərək qeyd edib ki, artıq apteklərə sistem şlankı, müəyyyən infuz sistemlər, vitaminlər limitli verilməyə başlayıb: "Antiviral dərmanlar ümumiyyətlə yoxa çıxıb. Dərman sektorunda vəziyyət gərgin, amma hələ ki, idarəolunandır. Bu vəziyyətdən bir şəkildə çıxmalıyıq. Başqa yolumuz yoxdur. Görünən odur ki, biz pandemik burulğanın tam mərkəzindəyik. Bu gün hər 5 testdən 1-i pozitiv çıxır. Bu isə o deməkdir ki, əgər gündəlik test sayı 10 min yox, 100 min olsa, xəstə sayı 20 min olacaq".

Qeyd edək ki, testlər ancaq özəl klinikaların bəzilərində 100 manata hazırlanır. Dövlət poliklinkalarında isə test götürülmür. Bu barədə danışan Müşfiq Hüseynov bildirir ki, 6 dollarlıq testlər 95-100 manata satılır: "Testlər pulsuz və hər yerdə olsaydı, insanlar xəstələndiklərini vaxtında bilər və ətrafdakıları yoluxdurmazdılar. Yayda karantinin müddətinin gərəksiz uzanması da səhv addım idi. Bu gün xəstə sayı 10 dəfə çoxdur , amma qapanma yoxdur. Əslində buna gərək də yoxdur, çünki artıq gecdir".

Bəs nə baş verəcək, bizi nə gözləyir? Həkim qeyd edir ki, proqnoz vermək üçün, əldə real statistika olmalıdır: "Bu yoxdur. Açığı, göstərilən statistikanın doğruluğuna şübhə ilə yanaşıram. Amma ölkədəki nəzarətsiz xəstə sayı, evlərdə müalicə alan insanların kütləviliyi və apteklərdən alınan dərmanların miqdarı göstərir ki, bu gün biz ikinci dalğanın zirvəsindəyik. Bununla belə, düşünürəm ki, ilin sonlarına doğru, yaxın 2 həftə ərzində gərginlik azalacaq. Buna xəstələrin sayının çoxluğu və maska taxma məcburiyyəti səbəb olacaq. İstənilən halda ölkəyə peyvəndlər gələnə qədər özümüzü gözləməliyik".

Bəs Azərbaycana peyvəndlər nə zaman gətirilə bilər? Məlumat üçün bildirək ki, Böyük Britaniya artıq martın 8-dən başlayaraq kütləvi pevvəndə başlayacaq.

Həkimin sözlərinə görə, peyvəndləmə işi bu gün geostrateji hal alıb: "Bütün dünyanın gücü buna yönəlib. Rusiyada peyvəndləmə başlayıb. Çində dekabrın 10-da peyvənd istehsalına başlanılır. ABŞ-da "Pfizer" şirkəti peyvənd istehsalı üçün icazə aldı və yaxın günlərdə istehsala başalayacaq. Almaniya da yeni ilə kimi azı 1 milyon insanın peyvəndlənəcəyini açıqladı. Bəs biz? Peyvənd alma işi dövlət monopoliyasındadır və çox güman, artıq sifarişlər verilib. Hardan və hansı sayda, bu haqda məlumatım yoxdur. Amma ilk peyvəndlərin bizə 2021 ci ilin ilk aylarında gəlməsini gözləyirəm. Bəlkə yanvarın sonu, fevralın ortaları... 

Bütün dövlətlərdə ilk olaraq xüsusi risk qrupları öncə peyvəndlənir. Bu kateqoriyaya uşaqlar, müəllimlər, həkimlər, polis və sərhəd xidməti daxildir. İkinci mərhələdə yəqin ki dövlət məmurları, xidmət sektoru, sonda isə digər vətəndaşlar peyvəndlənəcək".

M. Hüseynov bildirir ki, vətəndaş olaraq bizim borcumuz onsuz da gərgin olan səhiyyənin vəziyyətini kollapsa salmamaqdır.

"Çox vacib olmadıqca küçəyə çıxmamaq, maskadan doğru istifadə etmək, gigyenaya və sosial məsafəyə əməl etmək, heç bir halda tibbi özfəaliyyətlə məşğul olmamaq, həkimlərin göstərişlərinə evlərdə ciddi əməl etmək tələb olunur. Düşünürəm ki, il sonuna qədər vəziyyət stabilləşəcək. Heç bir halda panikaya düşməməliyik. Vaxtında və doğru müdaxilə edildikdə xəstələrin 80 faizi virusu ya simptomsuz, ya da yüngül əlamətlərlə keçirir. Bir sözlə, özümüzü qormaqla həm ailəmizi, həm də onsuz da axsayan səhiyyə sistemimizi qorumalıyıq. Bizim nə başqa ölkəmiz var, nə də müraciət edəcəyimiz həkimlərmiz" - deyə həkim, farmakoloq vurğulayıb.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 388          Tarix: 7-12-2020, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma