Xəbər lenti

Deputat: “İranlı başının topa daha çox qarışması ümumi işimizin faydasınadır"
 
Noyabrın 20-də Qətərdə XXII futbol üzrə dünya çempionatı start götürdü. Açılış oyununda mondiala ev sahibliyi edən Qətər və Ekvador milliləri qarşılaşdı. Oyun ikincilərin aşkar üstünlüyü şəraitində keçdi və 0-2 hesabı ilə bitdi.
 
Azərbaycanlı azarkeşlər üçün bu çempionatla bağlı əsas təəssüfedici məqam Azərbaycan və Türkiyə milliləri ilə bağlıdır. Qardaş ölkələr bu yarışda iştirak etmirlər. Maraqlıdır, Azərbaycan və Türkiyənin yer almadığı turnirdə azərbaycanlı futbolsevərlər hansı ölkəyə azarkeşlik edəcəklər?
 
Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa nə qədər qəribə görünsə də, cənub qonşumuz İrana azarkeşlik edəcək. Moderator.az xəbər verir ki, indiyə qədər İran qarşılıqlı fəaliyyəti və sərt açıqlamaları ilə tanınan milət vəkili bu təəccüblü seçimin səbəblərini Musavat.com-a açıqlayıb: "Dünya çempionatı Qətərdə keçirilir və bir az hava şərtlərinə görə də fərqli bir mövsümdə baş tutur. Azərbaycan və Türkiyə komandalarının orada olmaması təəssüf doğurur. Amma bu bir reallıqdır. Türkiyə qrup mərhələsindən sonrakı dövrdə çox zəif oynadı. Əslində daha xarakterli oyun nümayiş etdirsəydi, bu çempionata düşə bilərdi. Azərbaycan komandasının oyun səviyyəsi qrup mərhələsini keçib Dünya Çempionatının finallarına qatılacaq qədər yetərli deyil. Nə qədər qəribə görünsə də, bu çempionatda qərara aldım ki, İran millisinə azarkeşlik edim və onun qələbə qazanmasını istəyəcəm. Burada da bir neçə səbəb var. İlk öncə "iranlı" deyəndə başını daşa sürtüb ağlayan, yaxud da başını yaran bir insan obrazı hər zaman gözümüz önünə gəlir. Bir az da daha çox vəhşi bir görüntü ilə baxırıq. Amma bu dəfə bu baş topla oynayacaq və ona görə də daha az təhlükəlidir. Topla oynamaqda bir zərər yoxdur. Yəni iranlı başının topa daha çox qarışması ümumi işimizin faydasınadır. Onun üçün də onların futbolda hansısa bir şəkildə uğur qazanması futbola daha çox bağlanmalarına səbəb olacaq. Digər bir səbəb isə onunla bağlıdır ki, İran əhalisi bütövlükdə çox əziyyətlər çəkdi. İndiki rejimin basqıları altında böyük bir işgəncə görürlər. Çoxlu sayda həbs olunan insanlar var. Bu insanların heç olmasa bir futbol qələbəsi ilə sevinməsi bizim də ürəyimizcədir. Çünki bu insanlar onsuz da hüquqlarından, azadlıqlarından məhrum olunmuş, dini irticanın basqısı altında yaşamaqdan beziblər. Bunların bir epizodiq futbol hadisəsi ilə sevinmələri yaxşı olardı. Ən azından, bu baxımdan İran komandasının üstünlük qazanması normal qəbul olunmalıdır. Xüsusilə, Amerika və İngiltərə milliləri ilə oyunda bu ruh yüksəkliyinin qalxmasına səbəb ola bilər. Üçüncü səbəbim isə, İranın futbolda uğur qazanması müəyyən dərəcədə onun siyasətdəki naşılığını bir az unutdurmuş olacaq. Siyasətdə Ermənistana nökərçilik edən İran futbolla daha çox uğur qazanan yeni bir İrana çevrilə bilər. Çünki siyasətdə olan naşılıq futbolda heç olmasa, uğurla kompensasiya olunmalıdır. O baxımdan İranın bütövlükdə həm də rəhbərliyinin başının siyasətə, erməniyə dəstək verməyə yox, futbola qarışması bizim də ümumi işimizin faydasınadır. Bu məsələdə hər halda cənub qonşumuzun çempion olması, yaxud xüsusi bir fərqli futbol göstərməsi gözlənilmir. Amma bəlli bir müqavimət ortaya qoya bilməsi hər halda mümkündür. Bu prosesdə məsələyə bizə yaxın qonşu ölkə olmaları gözü ilə baxmıram. O millidə hansısa bir azərbaycanlı bir futbolçunun oynayıb-oynamaması da məni maraqlandırmır. Çünki əvvəllər biz Əli Dayi və başqa futbolçuların olmasına görə İran komandasına hansısa bir simpatiyamız var idi. İndi isə, bütövlükdə bu dövləti təmsil edən komandanın daha mədəni həyatda önə çıxması bizim üçün sevindirici olardı. Çünki qonşumuzun daha çox dini sferada göstərdiyi vəhşilik performansı ilə, erməniyə dəstək verərək, müsəlmançılığa xəyanət etmə obrazı ilə görünməkdənsə, heç olmasa bir əyləncə, idman sferasında daha çox önə çıxan, özünü tanıdan obrazda görünməsi daha gözəl olardı. O baxımdan bu məsələdə hesab edirəm ki, İranın uğur qazanması bizim də müəyyən dərəcədə arqumentlərimizin əsaslı olduğunu göstərəcək".
 
Deputat çempionluq şansları yüksək olan komandalar barədə suala isə belə cavab verib: "Çempionun hansı ölkə olacağını indidən söyləmək bir az çətindir. Hər halda, indiki çempionatda Almaniya komandasının şanslarını daha böyük görürəm. Qalib olmağa daha çox imkanı olan, intizamını itirməyən "alman maşını"nın şanslarının üstün olacağı düşüncəsindəyəm".
 Qeyd edək ki, İran bu çempionatda “B” qrupunda yer alır. Bu qrup gücünə görə yox, qrupda yer alan digər 3 ölkənin- İngiltərə, ABŞ, Uelsin İrana olan münasibətləri baxımından “ölüm qrupu” da adlandırılır. Cənub qonşumuz ilk oyununa bu gün Bakı vaxtı ilə saat 17:00-da çıxacaq və ilk rəqib güclü İngiltərə yığmasıdır. 

Moderator.az



Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.







Ana səhifəyə qayıt        Baxış: 3 166          Tarix: 21-11-2022, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma