Xəbər lenti

  

Giriş

 

Son dövrlərdə İran və ABŞ arasında yaşanan gərginlik Cənubi Qafqaz ölkələrinə də təsirsiz ötüşmür. Bu gərginlik həmin ölkələrin İran ilə yalnız siyasi münasibətlərinə deyil, eyni zamanda iqtisadi münasibətlərinə də təsir edir. İranlı generalın ABŞ tərəfindən öldürülməsindən və bunun ardınca İranın İraqdakı ABŞ bazasına zərbələr endirməsindən sonra ABŞ İranın emal və metal sənayesi sahələrinə yeni sanksiyalar tətbiq etdi. İqtisadi sanksiyaların genişləndirilməsi İran iqtisadiyyatına təsir etməklə yanaşı onun digər ölkələr ilə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə iqtisadi münasibətlərinə də təsir edir. Lakin, bu təsir eyni formada baş vermir. Bu, Cənubi Qafqaz ölkələrinin hər birinin İranla iqtisadi əlaqələrinin özünəməxsus xarakterə malik olması ilə bağlıdır. Burada iqtisadi amillər ilə yanaşı geo-siyasi amillər də böyük rol oynayır. Buna görə də ABŞ-İran qarşıdurmasının Cənubi Qafqaz ölkələrinə iqtisadi baxımdan təsirini müəyyən etmək üçün İranla əlaqələrin daha çox inkişaf etdiyi ticarət və turizm sahələrini nəzərdən keçirək.

 

Ticarət əlaqələri

 

İran-ABŞ konfliktinin kəskinləşməsi və İrana əlavə sanksiyaların tətbiq edilməsi onun Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinə birbaşa təsir edə bilər. Bu təsirin həcmi isə İranın bu ölkələrin ticarət əlaqələrindəki mövqeyindən asılıdır. Buna görə də bu ölkələrin hər birinin İranla ticarət əlaqələrinin son illərdə dinamikasını nəzərdən keçirək.

 

 

Azərbaycan-İran ticarət əlaqələri

 

2014-2019-cu illər ərzində İran-Azərbaycan ticarət əlaqələri artan tempə malik olmuşdur. Belə ki, bu dövr ərzində iki ölkə arasında ticarət dövriyyəsi 307,2 milyon ABŞ dolları (bundan sonra dollar) və ya 2,6 dəfə artaraq 493,8 milyon dollar səviyyəsinə çatmışdır (Qrafik 1). Bu illər ərzində ticarət əlaqələrində İrandan idxal İrana ixracı əhəmiyyətli sürətdə üstələmişdir ki, nəticədə ticarət əlaqələrində İran müsbət balansa malik olmuşdur. Son iki ildə iki ölkə arasında ticarət dövriyyəsinin 90%-dən çoxu İrandan idxalın payına düşmüşdür. Nəzərdən keçirdiyimiz dövr ərzində 2017-ci ili çıxmaq şərti ilə qalan illərdə isə İrandan idxalın payı 70%-dən çox olmuşdur. Yalnız 2017-ci ildə 59,3% səviyyəsinə düşmüşdür.

 

 

  

 

İranla ticarət əlaqələrinin Azərbaycanın ümumi ticarətində payı isə çox aşağı səviyyədədir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı ən yüksək səviyyəsinə 2017-ci ildə çatmışdır (1,7%). Ona qədər isə 1% səviyyəsini ötməmişdir (Qrafik 2). İki ölkə arasında ticarət əlaqələrində İranın müsbət saldoya malik olması Azərbaycanın ümumi idxalında İrandan idxalın payının qismən yüksək olmasına imkan vermişdir. Belə ki, nəzərdən keçirilən dövr ərzində ümumi idxalda İrandan idxalın payı artan tempə malik olmuşdur və 1,6%-3,3% arasında dəyişmişdir.

 

  

Azərbaycan və İran arasında ticarət əlaqələrinin son illərdə dinamikası və hazırkı vəziyyəti onu göstərir ki, İranla ticarət əlaqələri Azərbaycanın ümumi ticarət əlaqələrində böyük paya sahib deyildir və İran üzərində yeni sanksiyaların tətbiqi və ya İranda iqtisadi vəziyyətin daha da pisləşməsi Azərbaycanın iqtisadiyyatına və ticarət əlaqələrinə əsaslı sürətdə təsir edə bilməz. İrandan idxal edilən məhsulları isə digər ölkələrdən idxal edilən məhsullar ilə əvəz etmək imkanları genişdir.

  

Gürcüstan-İran ticarət əlaqələri

 

Gürcüstan və İran arasında da ticarət dövriyyəsi 2014-2019-cu illər ərzində artım tempinə malik olmuşdur. Bu dövr ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 107,4 milyon dollar və ya 71% artaraq 258,3 milyon dollar səviyyəsinə çatmışdır (Qrafik 3). Bu illər ərzində İrandan idxal edilən məhsulların həcmi İrana ixrac edilən məhsulların həcmindən daha çox olmuşdur və Azərbaycanla ticarət əlaqələrində olduğu kimi burada da İran ticarət əlaqələrində müsbət balansa malik olmuşdur. Bu da İranın Gürcüstan ilə ticarət əlaqələrinə daha çox maraq göstərdiyini və Gürcüstan üçün İran bazarının o qədər də əhəmiyyətli olmadığını göstərir.

 

 

 

 

 

Nəzərdən keçirdiyimiz dövr ərzində İranla ticarət əlaqələrinin Gürcüstanın ümumi ticarətində payı çox aşağı səviyyədə olmuşdur. Gürcüstanın ümumi ticarət dövriyyəsində İranın payı son illərdə müəyyən qədər artsa da 2% səviyyəsini ötə bilməmişdir. Bu dövrdə Gürcüstanın həm idxalında, həm də ixracında İranın payı 2% ətrafında dəyişmişdir və ən yaxşı halda 2017-ci ildə İranın ixracda payı 2,8% səviyyəsinə qədər arta bilmişdir (Qrafik 4).

 

  

 

Gürcüstan və İran arasında ticarət əlaqələrinin son illərdəki dinamikası onu göstərir ki, iki ölkə arasında ticarət əlaqələri yüksək inkişaf səviyyəsinə malik deyildir. Bu da iki ölkə arasında iqtisadi baxımdan asılılığın az olduğunu göstərir. Ona görə də İran-ABŞ qarşıdurması və İran üzərində tətbiq edilən sanksiyaların iqtisadi baxımdan Gürcüstana təsir etmək imkanları aşağı səviyyədədir.

  

Ermənistan-İran ticarət əlaqələri

 

Ermənistanın İran ilə ticarət əlaqələri 2014-2019-cu illər ərzində Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə sabit artım tempinə malik olmamışdır. Belə ki, 2014-2016-ci illər ərzində ticarət dövriyyəsi 52 milyon dollar azalsa da, sonrakı dövrdə artmağa başlamışdır və 2019-cu ildə 408,8 milyon dollar səviyyəsinə çatmışdır (Qrafik 5). 2016-2019-cu illər ərzində isə ticarət dövriyyəsinin həcmi 1,7 dəfə artmışdır. Regionun digər ölkələri kimi Ermənistan ilə ticarət əlaqələrində də İran müsbət balansa malik olmuşdur. Nəzərdən keçirilən dövr ərzində ticarət dövriyyəsinin artımına müvafiq olaraq Ermənistan ilə ticarət əlaqələrində İranın malik olduğu müsbət balans daha da artmış və iki ölkə arasında 2019-cu ildə ticarət dövriyyəsinin 80%-ə yaxını İrandan idxalın payına düşmüşdür.

 

Qrafik 5. Ermənistan-İran ticarət əlaqələri (milyon ABŞ dolları)

   

Ermənistan və İran arasında ticarət əlaqələrinin son illərdəki vəziyyəti onu göstərir ki, İranın Ermənistanın xarici ticarətində payı regionun digər ölkələrinin ticarətlərindəki payından bir neçə dəfə çoxdur. Bu da onu deməyə  əsas  verir  ki,  Cənubi  Qafqaz  regionunun  digər  ölkələri  ilə  müqayisədə  Ermənistan  İran iqtisadiyyatında baş verə biləcək iqtisadi geriləmələrə qarşı daha həssasdır. Buna baxmayaraq ümumilikdə Ermənistanın ticarətində də İranın payı digər ölkələr ilə müqayisədə əhəmiyyətli dərəcədə çox deyildir (Məsələn, 2019-cu ildə Rusiya 27%). Bu da onu göstərir ki, ABŞ-İran qarşıdurmasının Ermənistanın ticarət dövriyyəsinə də əhəmiyyətli formada təsir edə bilməz.

 

Cənubi Qafqazın hər üç ölkəsinin İranla ticarət əlaqələrinin müqayisəli təhlilindən o nəticəyə gələ bilərik ki, İranın bu ölkələrin ticarətində payı azdır və iqtisadi baxımdan bu ölkələrə birbaşa təsir etmək imkanına malik deyildir. Mövcud olan fərqlər isə bu ölkələrin həyata keçirdiyi xarici siyasətin xarakterinin və iqtisadiyyatlarının strukturunun fərqliliyi ilə və digər geosiyasi amillərlə əlaqədardır. Azərbaycanın iqtisadiyyatının həcminin digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə əhəmiyyətli sürətdə böyük olması və ticarət əlaqlərində neft-qaz məhsullarının üstünlük təşkil etməsi həm İran ilə ticarət əlaqələrinə olan marağı azaldır, həm də İranla ticarətin ümumi ticarətdə payının azalmasına gətirib çıxarır. Azərbaycan iqtisadiyyatının ixrac meylli olması isə İran ilə ticarət əlaqələrində İranın müsbət balansa sahib olmasına səbəb olur.

  

Ermənistan üçün isə İran iqtisadi baxımdan daha əhəmiyyətli ölkədir. Hazırda Ermənistan üçün İran dünya ölkələrinə çıxışa imkan yaradan iki ölkədən biridir. Bu baxımdan onun İran ilə ticarət əlaqələri daha çox inkişaf etmişdir və İranın onun ümumi ticarətində payı digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə daha böyükdür. Gürcüstanın isə İranla ticarət əlaqələrinin zəif olması həm İranla qonşu dövlət olmaması, həm də Qərbə inteqrasiyaya üstünlük verdiyindən İranla iqtisadi əlaqələrə maraq göstərməməsi ilə əlaqədardır.

 

İranın Cənubi Qafqaz ölkələri ilə iqtisadi əlaqələrində əhəmiyyətli məqamlardan biri də son illərdə ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların bu ticarət əlaqələrinə necə təsir etməsidir. İranın Azərbaycan ilə ticarət əlaqələrinə sanksiyalar mənfi təsir etmişdir. Yəni İranın Azərbaycanın ticarət dövriyyəsində payı sanksiyalar dövründə azalmağa, sanksiyaların bir hissəsinin aradan qaldırıldığı dövrdə isə artmağa meylli olmuşdur (Qrafik 2). Gürcüstan ilə ticarət əlaqələrinin dinamikasına isə sanksiyalar demək olar ki, təsir etməmişdir və ticarət dövriyyəsi artan tempə malik olmuşdur. Ermənistan ilə ticarət əlaqələrində isə əks təsir baş vermişdir. Sanksiyaların bir hissəsinin aradan qaldırıldığı dövrdə İranın Ermənistanın ticarətində payı azalmış, sanksiyaların tətbiq edildiyi dövrdə isə artmışdır (Qrafik 6). Bu isə onu göstərir ki, İran iqtisadi çətinliklər ilə qarşılaşdıqda Ermənistan ilə ticarət əlaqələrini genişləndirməyə meylli olur. İranın Avrasiya İqtisadi Birliyi (AİB) ilə müqavilə imzalaması və Ermənistanın İran üçün AİB-ə çıxış imkanı yaradan ölkə olması bu meylin daha da artacağını deməyə imkan verir. Bütün bunlar ABŞ-İran qarşıdurmasına qarşı Ermənistanın regionun digər ölkələri ilə müqayisədə iqtisadi baxımdan daha həssas olduğunu göstərir.

  

Turizm

 

Iranın Сənubi Qafqaz ölkələri ilə iqtisadi əlaqələrində önə çıxan iqtisadi sahələrdən biri də turizmdir. Hər il çox sayda İran turisti bu ölkələrə səfər edərək iqtisadi baxımdan fayda verir. Bu xüsusilə də turizmdən daha çox asılı olan Ermənistan və Gürcüstan üçün əhəmiyyətlidir. Təsadüfi deyildir ki, bu ölkələr 2016-cı ildən etibarən İranlı turistlərin rahat şəkildə səfər etməsi üçün azad viza rejimi tətbiq edirlər. Azərbaycanda isə ancaq Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin Dekabrın 1-dən etibarən İranlı turistlər 15 gün müddətində vizasız qala bilərlər.

 

Son illərdə iqtisadi sanksiyaların təsiri ilə İranda hökm sürən iqtisadi vəziyyət Cənubi Qafqaz ölkələrinə turist axınını azaltmışdır. Məsələn, 2018-ci ildə Ermənistana səfər etmiş İranlı turistlərin sayı 2017-ci il ilə müqayisədə 44.3% azalaraq 160,6 min nəfərə bərabər olmuşdur. Halbuki, 2013-2017-ci illərdə İrandan gələn turistlərin sayı 2,3 dəfə artmışdır. Təsadüfi deyildir ki, 2012-ci ildə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların təsiri ilə 2011-2013-cu illərdə Ermənistana səfər edən turistlərin sayı 40%-dən çox azalmışdır. 2015-ci ildə sanksiyaların bir hissəsinin qaldırılmasından sonra isə İranlı turistlərin axını yenidən 18% artmışdır. Ümumilikdə, 2018-ci ildə turizm sektoru Ermənistanda ÜDM-in 14%-ni təşkil etmişdir və bu sektor üzrə gəlirlər 1,2 milyard dollar həcmində olmuşdur. Turizmin Ermənistan iqtisadiyyatında böyük rol oynaması ilə yanaşı İranlı turistlərin Ermənistana gələn ümumi turistlərin sayında payının yüksək olması (2018-ci il 9,7%) Ermənistanın turizm sektorunu ABŞ-İran münqaişəsinin təsirlərinə qarşı həssas edir. İrana qarşı ABŞ tərəfindən yeni iqtisadi sanksiyaların tətbiq edilməsi halında isə ABŞ-İran qarşıdurmasının Ermənistanın turizm sektoruna mənfi təsiri daha da artacaqdır. Bu da ümumilikdə Ermənistan iqtisadiyyatına mənfi təsir edəcəkdir.

  

Gürcüstana səfər etmiş İranlı turistlərin sayında isə 2019-cu ildə əsaslı azalma müşahidə edilmişdir. Belə ki, İran üzərində sanksiyaların bir hissəsi aradan qaldırıldıqdan sonra Gürcüstana səfər edən İranlı turistlərin sayı 2016-2018-ci illərdə iki dəfəyə qədər artsa da 2019-cu ildə əksinə olaraq 2 dəfə azalmış və 142 min nəfər təşkil etmişdir. Bu da Gürcüstana gələn bütün turistlərin 1,6%-ni təşkil etmişdur. Ümumilikdə, Gürcüstan iqtisadiyyatında turizmin payı böyükdür. Belə ki, 2018-ci ildə ÜDM-in formalaşmasında səyahət və turizm sektorunun payı 33%-ə bərabər olmuşdur. 2019-cu ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlir rekord səviyyəyə çataraq 3 milyard dolları ötmüşdür. Gürcüstan iqtisadiyyatında turizmin böyük paya sahib olmasına baxmayaraq Gürcüstana səfər edən İranlı turistlərin sayının ümumi turistlərin sayına nəzərən çox az olması ABŞ-İran qarşıdurmasının Gürcüstanın turizm sektoruna təsir imkanlarını azaldır.

  

Azərbaycana gəldikdə isə son illərdə Azərbaycana gələn turistlərin ümumi sayında hər il artım müşahidə edilsə də İranlı turistlərin sayında azalma müşahidə edilmişdir. Belə ki, 2017-ci ildə İrandan gələn turistlərin sayı 362,5 min nəfər olsa da 2019-cu ildə 255,6 min nəfər təşkil etmişdir. Bu 2018-ci il ilə müqayisədə çox olsa da ümumi azalma tempi müşahidə edilmişdir. İranlı turistlərin 2019-cu ildə gəlmiş ümumi turistlərin sayında payı 8%-ə yaxın olmuşdur. Ümumilikdə, turizm sektorunun Azərbaycan ÜDM-ində payı 2019-cu ildə 2,7% təşkil etmişdir və turizmdən əldə edilmiş gəlirlər 2018-ci ildə 2,63 milyard dollar səviyyəsində olmuşdur.

 

Bu isə onu göstərir ki, İranlı turistlərin Azərbaycana gələn turistlərin ümumi sayında payının çox olmasına baxmayaraq turizm sektorunun Azərbaycan iqtisadiyyatında böyük rola malik olmaması ABŞ-İran qarşıdurmasının turizm sektoru vasitəsilə Azərbaycan iqtisadiyyatına təsir imkanlarını azaldır.

  

Beləliklə, İranın Cənubi Qafqaz regionunun ölkələri ilə turizm əlaqələrinin müqayisəli təhlili onu göstərir ki, ABŞ-İran qarşıdurmasının təsiri ilə İrandan olan turist axınının azalmasına iqtisadi baxımdan ən çox həssas olan ölkə Ermənistan, ən az həssas olan ölkə isə Azərbaycandır. Ona görə ki, İrandan gələn turistlərin sayının bütün turistlərin sayında payı ən yüksək Ermənistandadır (9,7%) və turizm sektorunun ümumi iqtisadiyyatda payı da kifayət qədər böyükdür (ÜDM-də14%). Gürcüstan iqtisadiyyatında trurizm sektoru regionda ən böyük paya sahib olsa da (ÜDM-də 33%) İranlı turistlərin ümumi turistlərin sayında payı çox aşağı səviyyədədir (1,6%). Azərbaycana gəldikdə isə İranlı turistlərin Azərbaycana gələn turistlərin sayında payı yüksək olsa da (8%) ümumilikdə turizm sektorunun Azərbaycan iqtisadiyyatında payı aşağı səviyyədədir (ÜDM-də 2.7% ).

 

ABŞ-İran qarşıdurmasının təhlükəsizlik baxımından turizm axınına təsirinə gəldikdə isə bu baxımdan da ən çox həssas olan ölkə Ermənistan olsa da, ən az həssas olan ölkə Gürcüstandır. Ona görə ki, Ermənistan həm İran ilə sərhəddə malikdir, həm də Ermənistanın turizm sektorunda İranın payı böyükdür. Gürcüstan isə İran ilə sərhədə malik deyildir və turizm sektorunda İranın payı aşağı səviyyədədir. Azərbaycanın isə İran ilə ən böyük sərhəddə malik olmasına baxmayaraq turizm sektorunun iqtisadiyyatda rolunun az olması Azərbaycan iqtisadiyyatının təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-İran qarşıdurmasına qarşı həssaslığını azaldır.

 

Nəticə

 

İstər İranın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin, istərsə də turizm əlaqələrinin təhlili onu göstərir ki, hər iki istiqamət üzrə Cənubi Qafqaz ölkələrindən İranda baş verə biləcək mənfi iqtisadi proseslərə ən həssas ölkə Ermənistandır. Ermənistan Cənubi Qafqaz ölkələrindən ticarətində İranın payının ən yüksək olduğu ölkədir. Eyni zamanda turizm gəlirləri və turizm sektorunda yaradılan dəyər baxımından da İran ən böyük paya məhz Ermənistanda malikdir. Digər tərəfdən isə Ermənistan üçün İranın dünya ölkələrinə çıxış imkanı yaradan iki ölkədən biri olması, İranın Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinin inkişafında Ermənistanın böyük rol oynaması və İran üçün birliyə çıxış imkanı yaratması da iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına və Ermənistanın İranda gedən iqtisadi proseslərə daha çox həssas olmasına gətirib çıxarmışdır. Buna görə də Cənubi Qafqazda ABŞ-İran qarşıdurmasından iqtisadi baxımdan ən çox zərər görə biləcək ölkə Ermənistandır.

Orxan Bağırov,

BMTM-də aparıcı mütəxəssis




Ana səhifəyə qayıt        Baxış: 3 411          Tarix: 29-02-2020, 07:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma