Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində şəhərə səfəri başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.
Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.
Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.
Sonra diplomatik korpusun nümayəndələri s “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.
Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.
Paylaş: