Xəbər lenti


İxrac monopoliyası və gömrük pomidor istehsalçılarını müflisləşdirir
Rusiyanın ötən ilin dekabr ayının 10-dan Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər istehsalçıları çıxılmaz vəziyyətə salıb. Şəmkir, Göyçay kimi böyük təsərrüfatlar olan rayonlarda məhsul istixanalarda və tarlalarda yığılmamış qalıb. Çünki satmağa bazar yoxdur, daxili tələbat isə istehsal həcminin qarşısında olduqca kiçik rəqəmlərdən ibarətdir.
Əsas satış bazarı Rusiyadır, istehsala, daşımaya kifayət qədər xərc çəkən sahibkarlar bu biznesin rentabelliyini ancaq qonşu ölkənin ticarət obyektlərində satışda görürlər.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə 174.548 min ton - 189 milyon 292 min dollar dəyərində pomidor ixrac edilmişdi. Həmin il Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdə qərar tutub. 2020-ci ildə isə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. Beləliklə, ölkədən illik pomidor ixracının dəyəri ilk dəfə 200 milyon dollar səviyyəsini keçib

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə ümumi ixracın 1,5%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 11%-i pomidorun payına düşüb.
Xatırladaq ki, ötən ilin dekabrında “Rosselxoznadzor” bəyan etmişdi ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar edib və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər. Qeyd olunub ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu" 17 dəfə aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə problemin həll olunması ilə bağlı Rusiyanın müvafiq qurumları ilə danışıqlar apararaq, istehsalçıların müəyyən qisminə icazə alıb. 
AQTA-dan APA-ya verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. 
Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 25 may 2021-ci il tarixindən daha 35 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, indiyə qədər ümumilikdə 131 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 299 min 718 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 166,55 faizini təşkil edir.
Ancaq buna baxmayaraq, Şəmkir və Göyçay rayonlarından “AzPolitika.info”-ya müraciət edən pomidor istehsalçıları bildiriblər ki, hazırda çətin vəziyyətlə üzləşiblər.
Sahibkarların sözlərinə görə, əsas problem ölkədən məhsul çıxara bilməmək və gömrükdə yaradılan maneələrdir: “Hər müəssisənin, istixana sahibinin ölkədən mal çıxarmaq imkanı yoxdur. Artıq bu işi AQTA-nın köməyi ilə Rusiyadan ixrac icazəsi almış şirkətlər həyata keçirir. Onlar isə hər maşından 5 min dollar haqq alırlar. Bu il məhsulun maya dəyəri onsuz da yüksək olub. Bu şirkətlər hər istixananın malını da qəbul etmirlər. Qalmışıq çarəsiz vəziyyətdə”.
Fermerlər gömrükdə yaradılan problemin daha ciddi olduğunu qeyd edirlər. Bildirilir ki, yaş malların sürətli keçidi üçün şərait yaradılmır: “Ancaq məmurlara məxsus müəssisələrin mallarına “yaşlı işıq”dır. Günlərlə, bəzən, həftələrlə gömrükdə qalan maşınlardakı mallar xarab olur, çəkilən bütün xərc batır”.

Göyçay rayonu Ləkçılpaq kəndinin sakinləri bildiriblər ki, yetişdirdikləri pomidoru Rusiyaya sata bilmir, məhsul isə xarab olub batır: "Çünki məsul şəxslər vaqonları bağlayıb deyirlər ki, mal ancaq yük maşını ilə getməlidir. Yük maşını da 4 min 500 dollara gedir, 6 min dollar da əlavə dəyər vergisinə alırlar".
Fermerlər habelə deyir ki, maya dəyəri 70-80 qəpik olan pomidorun bir kilosunu yalnız 20-30 qəpiyə sata bilirlər: "Bir həftə öncə pomidorun kiloqramının qiyməti 1.30 manat idisə, indi 20 qəpiyə belə sata bilmirik. Elə fermerlər var ki, 30 min xərc çəkib indi isə malı da, pulu da batır" 
İqtisadçı, iş adamı Nazim Bəydəmirli “AzPolitika.info”-ya bildirib ki, sadalanan problemlər ondan xəbər verir ki, biz təkcə idxal monopoliyasından deyil, həm də ixrac monopoliyasından danışmalıyıq. 

O, təəssüflə qeyd edir ki, Azərbaycanda istehsalda monopoliya, məmur sahibkarlığı olduğuna görə insanlar öz bizneslərini uzunmüddətli planlaşdıra, bazar araşdırmaları apara bilmirlər: “Çünki qurulan işin uzun müddət sahibkarın öz əlində qalacağına heç bir təminat yoxdur. Azərbaycanda dözülməz iqtisadi mühit var, ölkə bazarı məhdud olduğuna görə, bir neçə holdinq, şirkət əsas söz sahibinə çevrilib. Dövlət iqtisadi siyasəti, gömrük imkanları demək olar ki, onların maraqlarına xidmət edir. Burada vətəndaşın, istehlakçının maraqları ikinci plana atılır."
Rusiyanın yaratdığı problemlərə gəlincə, N.Bəydəmirli bildirir ki, bu ölkə nə iqtisadi, nə də digər sahələrdə sözünə, imzasına hörmət edən normal partnyor deyil: “Adətən Rusiya ilə könüllü münasibətlər qurulmur, bir çox hallarda ətraf ölkələr buna məcbur edilir. Moskva bizim kimi postsovet ölkələrinə “böyük qardaş” rolundan baxır. Əzici qüvvə ilə müxtəlif məhdudiyyətlər təklif edərək, həm də Azərbaycanda sahibkarlığa zərər vurur. Hesab edərəm ki, Azərbaycan istehsalçıları bu ölkənin bazarlarına uzunmüddətli etibar edə bilməzlər. Əlbəttə, bu, həm də bizim hökumətin düzgün siyasət aparmamasından irəli gəlir”.

İqtisadçının sözlərinə görə, Avropa Birliyi ölkələri ilə azad ticarət sazişi imzalamaq əvəzinə, Rusiyadan asılılıqlar yaradaraq sahibkarlığın vəziyyətini pisləşdirirlər: “Hazırda ixrac monopoliyası yaranıb və məmur sahibkarlığına daxil olan şirkətlərə normal şərait yaradılır. Belə ki, Rusiyanın müvafiq orqanları ilə danışıqlar apararaq onların mal tədarükünü həyata keçirirlər. Problem bütövlükdə, bütün istehsalçılar üçün deyil, ancaq məmur şirkətləri üçün həll edilib. Həmin şirkətlər də bu üstünlüklərindən sui-istifadə edirlər. Bu da açıq-aşkar ixrac monopoliyası yaratmaqdır və ölkə üçün kifayət qədər təhlükəli tendensiyadır”. 
Nazim Bəydəmirli onu da bildirdi ki, pomidor ixracı ilə bağlı yaranan problemin obyektiv səbəbləri də var. Bu ondan ibarətdir ki, bir neçə ildir Rusiya kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırır, istixanaların və başqa fermer təsərrüfatlarının qurulmasına külli miqdarda vəsait ayırır:“Beləliklə, Rusiya hökuməti xaricdən asılılığını bir qədər azaldıb və pomidoru, necə deyərlər, silaha çevirib. Və ondan Türkiyəyə və Azərbaycana qarşı istifadə edilir. Hesab edirəm ki, gələcəkdə də belə ticarət müharibələrindən öz məqsədləri üçün istifadə edəcək. Burada əsas maraqlarından biri Azərbaycanı Gömrük İttifaqına, Avrasiya İttifaqına çəkmək üçün zəmin hazırlamaqdan ibarətdir”.

N.Bəyədmirli çıxış yolunu ölkədə emal müəssisələrinin yaradılmasında görür. İqtisadçı hesab edir ki, pomidordan tomat pastası, ketçub və s. məhsulların əldə edilməsi onun məcburi 5-10 qəpiyə satılmasından daha sərfəlidir: “Məsələn, Azərbaycanda yüksək keyfiyyətli tomat pastası əldə etmək olar, bu məhsul qablaşdırılır, gec xarab olur və uzaq ölkələrə ixrac etmək mümkündür. Əlbəttə, vəziyyətdən başqa çıxış yolları da var, sadəcə onu təşkil etmək lazımdır. Açığı, daxili istehsalda da monopoliya olduğuna görə bu işin də səmərəli olacağına ümidlərim azdır. Pomidorla iqtisadi inkişafı uzun müddət davam etdirmək mümkün deyil. Hesab edirəm ki, ilk növbədə azad rəqabət mühiti təmin olunmalıdır. O zaman fermerlər, sahibkarlar da uzunmüddətli istehsal, biznes planları qura bilərlər”.
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika.info”-ya şərhində bildirib ki, AQTA hələ dekabr ayında bu problemi həll edəcəyini üzərinə götürmüşdü. 
Ekspertin sözlərinə görə, lisenziyası olan bu şirkətlər ixrac monopoliyası yaradıblar:"Məndə olan məlumata görə, bu şirkətlər əldə etdikləri üstünlükdən sui-istifadə edib digər istehsalçılardan külli miqdarda pul tələb edirlər. Bəzən bu rəqəm hər maşına görə 5-6 min dollar təşkil edir”.

V.Məhərəmli bildirib ki, pomidor istehsalı kifayət qədər baha başa gəlir. Çünki istixanaların istifadə etdiyi dizel yanacağının və suyun qiyməti bahalaşıb: “Bundan əlavə logistika xidmətlərində də qiymət təxminən iki dəfə artıb. Azərbaycan pomidoru hazırda Rusiya bazarlarında təxminən 2 manata satılır. Onun təqribən 1.9 manatı maya dəyəri təşkil edir. Belə ki, 80 qəpik daşıma və icazəsi olan şirkətlərə verilən haqq, 1 manat isə istehsal və qablaşdırma xərclərinə sərf olunur. Məlumdur ki, bazarda əlavə xərclər yaranır və beləliklə istehsalçı heç nə qazanmır. Hazırda Şəmkirdə, Göyçayda acınacaqlı vəziyyət yaranıb. İstehsalçılar ziyana işləyir və çox güman, gələn il onların çoxu məhsul əkə bilməyəcək. Nəticədə rayonlarda böyük işsizlər ordusu yaranacaq”.
V.Məhərrəmli gömrükdə yaradılan problemlərin sahibkarlara əlavə məhrumiyyətlər yaşatdığını vurğuladı: “Bu, neçə illərdir belədir, tez xarab olan məhsulları daşıyan maşınların sürətli keçidinə şərait yaradılmır, bəzən hətta maşınlar geri qaytarılır. Nəticədə malın bir hissəsi xarab olur və bazara gedib çıxa bilmir. Təsəvvür edin, Rusiya bazarına çatan məhsul nə qədər əzab-əziyyət, xərc tələb edir. Hökumət təcili şəkildə bu problemi araşdırıb tədbirlər görməlidir, əks təqdirdə aqrar sektorda daha acınacaqlı vəziyyət yaranacaq”.



Ana səhifəyə qayıt        Baxış: 3 792          Tarix: 31-05-2021, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma