Xəbər lenti

4.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021 tarixli sayında
 
***
Bir dəfə Ərsənin tələbə  yoldaşlarından olan, eyni kursda oxuduğu Mətləb ad günü keçirirdi. Komendantın saqqızını oğurlayıb gitaraçı Nadiri, ağdamlı Məmmədi, qızlardan Fatmanı, Gülüstanı, Gülgəzi, Salyanlı qız Mehribanı otağa yığmış, xudmani məclis düzəltmişdi. Nadir gitarada “Yanıq Kərəmi” çalırdı. Müğənni “Qarabağ şikəstəsi” oxuyurdu. Mətləb şövqə gəlmişdi, son günlərdə  yazdığı şeirlə qızların diqqətini özünə cəlb etməyə çalışırdı:
Keçir günlər yaman tez,
Gənclik gedir əlimdən.
Barı ünvan versəniz
Sizi harda gəzim mən,
Ay tələbə dostlarım?!
        Mehriban qımışıb bir tərəfdə oturmuşdu. Salyanlı qız özünü burada qərib kimi hiss edirdi. Mehriban bir kurs aşağıda oxuyurdu. Mehriban birinci kursa qəbul olunan gündən Mətləbin gözündən yayınmamış, bu gözəl qızla sevgi macəraları tezliklə bütün universitetdə car olmuşdu. Əslində Mətləbdən baş çıxartmaq olmurdu, birinci kursun ikinci semestrindən sinif nümayəndəliyini ələ keçirmişdi. Universitetin ikinci kursundan etibarən onda çox böyük dəyişikliklər baş verməyə başladı. Hamının gözünün qabağında dərslərə hazırlaşmadan belə “əla” qiymətlər alır, istənilən məsələləri həll edir, kəsiri olan tələbələrin kəsirlərinin düzəldilməsini (əlbəttə burada kəsiri olan bir az tərləməli olurdu) qısa müddətdə təmin edə bilirdi. Rayonlardan gələn qızlardan bəziləri Mətləbin toruna düşür, bir müddət gəzib dolaşır, sonra da ayrılırdılar. Yaxud da imtahanlardan keçmək xatirinə dostluqlarını davam etdirirdilər. Ərsən Mətləbin həyatında baş verən dəyişiklikləri gördükcə istər-istəməz ondan aralı gəzir, əvvəlki münasibətlərə qayıtmaq istəmirdi. Bir dəfə yay imtahanları ərəfəsində yataqxanadakı otağında Mətləbi böyük miqdarda pul sayan gördü. Pul bağlamaları dayısı Səlim Axınlınun sözlərini yadına saldı. Məlum oldu ki, Mətləb rayondan oxumağa gələnlərə “yardım göstərir”, professor Həsənovun vasitəsi ilə abituriyentlərin universitetin istənilən fakültəsinə qəbulunu təşkil edir. Mətləb Ərsənə xərclik təklifi etsə də, qəbul etmədi.      
Nadir sarısaç oğlan idi. Qrupda hamıdan yaşlı olmasına baxmayaraq, sakit-sakit gəzib dolanar, hamıya hörmətlə yanaşardı. Gitaranı səsləndirib yanıqlı-yanıqlı oxuyardı.
Məmməd ilə Fatma bir-birlərini sevirdilər. Fatma dərs əlaçısı idi. Məmməd isə zor-bəla üç ilə oxuyardı. Universiteti qurtaranda evləndilər.
Gülüstan hansısa rayondan gəlmişdi. Ağappaq dişləri güləndə üzünü nurlandırırdı. Uşaqkən anasını itirmişdi. Ərsən həmin məclisdə Əli Kərimin “Qaytar ana borcunu” şeirini deyəndə zülüm-zülüm ağladı. Məhzun baxışları ilə də xatirələrdə yaşayır.
Gülgəz həddindən artıq gözəl qız idi. Həmişə professor Həsənovun diqqət mərkəzində olardı. Bir neçə dəfə dərsdən sonra onu professor Həsənovun kabinetindən çıxanda görmüşdülər. Mətləbin bu aradüzəltmə işlərində də barmağı olduğundan Ərsən şübhələnirdi. Sonralar bu haqda geniş söhbətlər yayılmağa başladığı bir vaxtda Gülgəzin adını Nadirlə birgə çəkməyə başladılar. Bunlar hamısı professor Həsənovun qurğuları idi ki, onun əlaltıları tərəfindən həyata keçirilirdi. Deyilənlərə görə bir dəfə professor Həsənov Nadiri yanına çağırıb onunla təklikdə söhbət etmişdi. Bu söhbət xeyli uzanmışdısa da Nadirin iradəsini qıra bilməmişdi. Bundan bir neçə gün sonra rektorun əmri ilə Nadir universitetdən çıxarıldı. Gülgəz də bir müddət institutda görünmədi. Hardasa xəstəxanaların birində yatırdı. Dərsə qayıdanda rəngi ağarmışdı, qarnı arıqlamışdı. Amma kimsə cürət edib bu haqda danışa bilməzdi.
         Ad günü mərasimi gecə keçənə qədər davam etdi. Ərsən məclisi erkən tərk edib redaksiyadakı növbətçiliyinə getdi. Hamı dağılaşandan sonra Mətləb Mehribanı otağında saxladı. Saf və təmiz qəlbli Mehriban o gecə bakirəliyini itirsə də, uzun müddət - Mətləbin universiteti qurtarana qədər onunla evlənəcəyi ümidilə yaşadı. Aldadılıb atıldığını başa düşən Mehriban Ərsənə Mətləbin onu aldatması haqqında gileyləndi, ağladı və  sonradan özünə uyğun olmayan birinə ərə getdi. 
       Mətləb məzun olunca bir müddət Bakıda görünmədi. Rusiyaya getdiyi haqqında şaiyələr dolaşdı. Ərsən də Mətləblə bütün əlaqələrini kəsdi.
    ***
Səlim müəllim axşamdan bərk narahat idi. Gecə saat 12-yə az qalırdı. Lakin oğlu Zahir hələ də gəlib çıxmamışdı. Səlim müəllim bir neçə dəfə ümidi gələn yerlərə zəng vurub Zahiri soruşmuşdusa da gördüm deyən olmamışdı. Bir yerdə qərar tuta  bilmir, otaqları dörd dolanır, Zema xanım uzanan otağa girir və ürəyində öz-özünə deyinirdi: “Sən elədin, hamısını sən elədin. Sən pozubsan onun tərbiyəsini. Hər səhər az qala cibinə yüzlük qoymaq istəyirsən. Uşaq tay-tuşlarının yanında xəcalət olar deyib “jiquli” aldırdın mənə. Oxumur. Müəllimlərin yanında abırdan düşmüşəm. Axşama qədər maşından yerə düşmür. Neçə dəfə gözüm ilə görmüşəm maşının içərisi doludur sarıbaş rus, erməni qızlarıynan. Nə vaxt ki dedim, dedin, uşaxdır a... a... qoy nə qədər cavandır kef eləsin. Elədi, bir yazığı vurub xurd-xəşil elədi. Tuturdular. İnsafım qəbul eləmədi, qoymadım. Xərc çəkdim, qurtardı, heç elə bil belə hadisə olmamışdı. Dedim bəlkə adam olar. Dedim bəlkə oğlunun başına ağıl qoyarsan. Yox sən yenə onun başını sığalladın. Hanı bəs, niyə gəlmir evə? Gecə saat 12-ni keçib, hardadır Zahir? Dedin layka plaş al, aldım. Dedin dublyonka istəyir balam, dublyonka al, aldım, norka papaq al, aldım. Dedin ağıllanacaq, oxuyacaq, evə vaxtında gəlib-gedəcək. Mən də sənə inandım. İnandım, oğluma da inandım. Zorik bala, burda oturma, orda otur, orda oturma, burda otur dedin. Hanı nəticəsi? Ürəyim partlayır, dözə bilmirəm. Kimdi o erməni qızı? Nə üçün ondan əl çəkmir? Hər axşam o restoran sənin, bu restoran mənim ayaqdan salıblar. Axı, sənə demişəm ki, ona pul vermə, maşının açarlarını vermə.  İndi mən neyləyim? Kimə deyim dərdimi! Ana olan bəndə heç düşünürmü, bir qram vecinədirmi bütün bunlar? Sən yatırsan, gözlərin yumulur, sənə nə var ki? Mən yata bilmirəm, səhərə qədər vurnuxuram. Əsli, kökü, zatı olmayan bir qızı mənim qapımda gəlinmi etmək istəyirsən? Yox, ölər Səlim belə işə razı olmaz. O qızın nəyi sənin xoşuna gəlir, axı, nəyi? Son modada geyinməyimi, rəngimi, boyasımı? Siz mənim ömrümü çürütdünüz. Bir bacıma da həsrət qoydunuz. Odur, sənin bəyənmədiyin Ərsən, qəşəng oğlan olubdur. Oxuyur, işləyir, heç kəsə də minnəti yoxdur. Mən ona dayılıq edə bilmədim. Siz qoymadınız. Yetim oğlan idi, nə olardı, bizim evdə bir tikə çörək yesəydi? Qapıdan girən kimi min dənə iş buyurdun ona. Yazıq uşaq xəcalət çəkirdi. Belə də bu evə – öz dayısı evinə gəlməyi tərgitdi. Qəlbi küsdü, incidi bizdən. Axı, insandı bu. Bir bacımın da ayağını qapımdan kəsdin. Kənddə olanda hər səhər öz əlilə hazırladığı yağ-şor gətirib – ye, qardaş, qurbanın olum,- deyirdi. Bu şəhər səni sıxır deyəsən. Nə tez qocalmısan, ay qardaş, nə yaman sınıxmısan ay qardaş. Bacın Şahsənəm öləydi səni bu gündə görməyəydi.
 Ana əvəziydi bacım. Kəsdin ayağını qapımdan, sən kəsdin, oğlun kəsdi. Böyütdüyün bir budu, bu da belə. Öz atasını vərəmlədən, el içində xar eliyən oğuldan daha nə olacaqdı? Kimə lazımdır belə oğul? Daha dözə bilmirəm. Ürəyim ağrıyır, bir gün ürəyim partlayacaq, onda siz rahat olarsınız.
Səlim müəllim otaqları ayaqdan salıb yenə də Zema xanımın otağına qayıtdı. Artıq səbri qalmamışdı, qışqırmaq, bağırmaq, lap oturub zülüm-zülüm ağlamaq istəyirdi, amma cəsarəti buna da çatmırdı. Nəhayət güc-bəla dilləndi:
-Nə oldu, harada qaldı bu?.. belə də iş olar?!.
Sanki havaya deyilmiş bu sözləri də, Səlim müəllimin ürəyindən keçənləri də tam təfsilatı ilə bilirmiş kimi Zema xanım uzandığı çarpayıda qurcalanıb, balınca dirsəkləndi, süni kipriklərini qaldırıb, gecə də boyası getməyən dodaqlarını açıb:
– A... a... Nə olub sənə, bu qədər danışırsan. Uşaxdı da... Zorik ağıllı baladır. Öz yoldaşlarıynan gəzir də, get yat, harda olsa gələr, – dedi.
Səlim müəllim artıq öz evində sözü keçməyən, adicə bir nəfərə çevrildiyinin fərqindəydi, amma qorxusundan söz deyə bilmirdi. Qorxurdu, nədən qorxurdu Səlim müəllim? Nə vaxtdan bu qorxu onda yaranmışdı? Axı gəncliyində qorxmazlığı ilə ad çıxaran, mərd, mübariz hərəkətləri ilə tanıdığı, tanımadığı adamların qəlbində özünə qarşı inam yaratmağı bacaran Səlim niyə bu qədər dəyişilmişdi?.. İndi, hətta bunları düşünməkdən belə qorxurdu, düşünmək istəmirdi. Düşdüyü bataqlıq hər gün onu daha da dərinlərə çəkib aparırdı. Hər yerdə sözü keçən, bir işarəsinə müntəzir dayanıb müxtəlif xidmət təklifləri alan Səlim müəllim öz evində sözü keçməz, artıq adama çevrilmişdi. Dərdin beləsi daha ağır idi, daha dəhşətli və amansız idi...
Səlim müəllim ayaqlarını sürüyə-sürüyə, bir növü könülsüz şəkildə vanna otağına yaxınlaşdı, gecə yarısı olmağına baxmayaraq duş alıb rahatlanmaq istədi. Soyunub suyun altına girdi, mülayim su canına bir rahatlıq gətirirdi, ətirli şampunların iyi burnunu qıcıqlandırdı, çimə-çimə asqırdı. Səlim müəllim asqırmağı xeyirə yozdu, səbirli olmağa çalışdı. Mirzə Ələkbər Sabirin orta məktəbdə oxuyanda əzbərlədiyi şeirindən bir misranı təkrarladı: “Gedirik hər yanda vurur tək səbir”...
Sonra hovlu ilə qurulanıb bahalı xalatını geyindi, güzgünün önündə saçlarını daradı. Saçları çallaşmışdı, son zamanlar isə ağı daha artmışdı. Səlim müəllim saçlarını həmişə arxaya darayardı, eynilə Stalin kimi. Məşhur saç ustası Səlim müəllimin Stalinə pərəstiş etdiyini bildiyindən saçlarını da onun düzümünə uyğun olaraq kəsərdi. Səlim müəllim saç düzümünə xüsusi diqqətlə yanaşardı. Ona görə də  ən məşhur saç ustasına saçlarını kəsdirərdi. Uzun illərdi ki, bu məşhur saç ustası Cabir şəhərin bütün yüksək vəzifəli adamları ilə bərabər Səlim müəllimin də etibar etdiyi adamdı. Cabir usta da öz işini biləndi, Səlim müəllimin saçlarını düzəldəndə mütləq qulağının üstündə, iç tərəfində çıxan tükləri də bir-bir yağdan qıl çəkən kimi təmizləyərdi. Bu işləri elə səliqə ilə görürdü ki, Səlim müəllimin ruhu da incimirdi. Eyni zamanda şirin dilini də saxlamazdı, Səlim müəllimi həmişə Stalinlə müqayisə edərdi. Səlim müəllim bığ saxlamırdı. Cabir usta neçə dəfə demişdi ki, “ay müəllim, bəlkə bığ saxlayasınız, o zaman lap Stalinin oxşarı olarsınız.” Amma Səlim müəllim heç vədə bığ saxlamaq haqqında düşünmək belə istəmirdi, sadəcə saçlarının düzümünün Stalinin saç düzümünə oxşaması kifayət edirdi. Cabir usta Səlim müəllimin saçlarını düzəldəndə təqribən bir saata qədər vaxt sərf edirdi. Asta-asta, tələsmədən çalışırdı, demək olar ki, tükləri bir-bir əli ilə tutub yoxlayır, sonra artığını kəsirdi. Onun bu zəhmətini Səlim müəllim də yüksək qiymətləndirərdi, hər dəfə şkafın gözünə bir diri yüzlük qoyanda usta Cabirin gözləri gülərdi, hər dəfə də usta Cabir eyni sözləri təkrar edib deyərdi:
-         Ay müəllim, xəcalət edirsiniz, bir dəfə də qonaq olun...
Səlim müəllim də ona cavab verərdi:
-         Sağ ol, ay usta...
-         Müəllim, amma Stalinə çox oxşayırsız ha...
 İndi bu sözləri yadına salanda Səlim müəllimin dodaqları qaçdı, üzünə bir
gülüş ifadəsi yayıldı. Qonaq otağına keçib televizoru yandırdı, sonra bara yaxınlaşıb uzaqdan “gəl-gəl” deyən Napalyon konyakını götürüb divanın qarşısındakı mizin üzərinə qoyub əyləşdi. Dəmir qutulu şokaladı açıb bir dənə götürüb dişlədi, konyak süzüb bir nəfəsə başına çəkdi. Birinci badədən sonra gözləri gülürdü, sonra ikinci, üçüncü...  Səlim  müəllim nə vaxt yuxuya getdiyini bilmədi, eləcə divanda uzanıb yatdı.
***
 
 
 Dünəndən başlayan qar hələ də yağırdı. Şəhərin küçələri, ağappaq pambıq tarlasını xatırladırdı. Belə havada ehtiyat edən sürücülər də çoxdan maşınları qaraja qoyub hərə öz evinə çəkilmişdi. Küçədən tək-tək keçən cavan oğlan və qızlara rast gəlmək olardı. Elə bil bütün şəhər qış yuxusuna getmişdi. Axşam saat 7-yə az qalırdı. Ərsən “Nərgiz” kafesinin yanında o baş, bu başa gedir, səbirsizliklə saatına baxır, daha bir neçə dəqiqənin də keçməsini gözləyirdi. Elə bil tərs kimi saatın əqrəbləri donub yerindəcə qalmışdı. Yoxlamaq üçün saatı qulağına yaxınlaşdırıb dinlədi. Saat işləyirdi; çıq-çıq. Elə bil Ərsənın ürəyi də saatın ahənginə qoşulub bir bənzər nəğmə yaratmışdı; tıq-tıq, çıq-çıq. Qəribədir, saat da, ürək də həsrət çəkirdi. O qara gözlərin sahibinin həsrətini çəkirdi, ilahi baxışların həsrətini çəkirdi. Kafenin qabağında o tərəf, bu tərəfə ağappaq qarın üstünə xeyli siqaret kötükləri atılmışdı. Ərsən gözləyirdi. Neçə aylar idi, bu görüşün həsrəti ilə yaşamışdı. Neçə aydır ki, o qara gözlərə yaxından, lap yaxından baxmaq, o qıvırcıqlı qara saçları əzizləmək həsrəti çəkirdi. Bu həsrət od olmuşdu yandırmışdı onu, qor olmuşdu yatağına dolmuşdu, yatmağa qoymamışdı. Bir tərəfdən də anası Şahsənəmin  nisgili, gəlin, nəvə görmək istəyi onu yaman karıxdırmışdı. Şahsənəm ana elə hey demişdi: “Ay bala, ay oğul, ağlını başına yığ. Axı, mən də qocalıram, ömrümün son günlərini yaşayıram. Bir halal süd əmmiş lazımdır ki, bizim daxmanın çırağını yandırsın, ata yurdunun işığını sönməyə qoymasın. Heç olmasa nəvə qığıltısı, nəvə səsi eşidib sonra ölmək istəyirəm. Mənim yaşıdlarımın hamısı nəvə, nəticə sahibidirlər. Mən bircə balamın toyunu görməmişəm, necə ölə bilərəm”.
Aramsız yağan qar Ərsənın bığlarında, qaşlarında donub buz bağlamışdı. Arxadan səs gəldi:
– Şaxta babanı xoş gördük.
Bu, Sədanın səsiydi. O qara gözlərin sahibinin. Səda qəşəng, kül rənginə çalan palto geymiş, ağappaq yun yaylıq bağlamışdı. Şaxtanın təsirindən onsuz da ağ-çəhrayi rəngdə olan yanaqları bir az da qızarmış, ona çox məlahətli bir gözəllik bəxş etmişdi.
– Xoş gördük, qar qız, – Ərsən də zarafatla cavab verdi və Sədanı qolları arasına alıb sıxmaq, sevincini yağan bəyaz qar ilə, közərən isti, həlim işıqlar ilə bölüşmək istədi.
Səda onun uzanmış əllərini astaca qaytarıb, – sakit ol, görərlər, – deyə pıçıldadı.
Kimsə avtomat telefonda gülə-gülə danışırdı. Üzündən, gözündən təbəssüm yağırdı. Küçə lampalarının işığında qar dənəcikləri şıltaq bir qızcığazın göy üzündən yerə səpələdiyi incilərə bənzəyirdi. Sarı, qırmızı pərdəli pəncərələri olan evlərdən həlim işıq selinə qarışıb axan xoşbəxt bir musiqi süzülürdü.
Səninlə xoşbəxtdir nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada.
Bu Zeynəbin mahnısıydı, bəli, bəli, Zeynəb oxuyurdu, dünyanın ən xoşbəxt müğənnisi. Bu mahnıdan sevənlərə də pay düşürdü. Sevənlər də, bəlkə o anında dünyanın ən xoşbəxt insanlarıydı. Bir an içində Ərsənın qəlbində xoşbəxtlik haqqında təsəvvürlər öz halından çıxıb aşıb daşdı. Nəydi bu xoşbəxtlik? Onu necə qazanmaq olardı? Bu halında kim xoşbəxt idi? Ərsənmı, yoxsa mahnı oxuyan müğənnimi?
Hələ ayaqlanıb tapdalanmamış qarın üstündə xeyli gəzdilər. Ordan-burdan danışıb tərcümeyi-halları haqqında bir-birlərinə məlumat verdilər, ata-analarından, universitetdən, müəllimlərdən, tələbələrdən danışdılar. Yola salınmış nərdivan onları yeni kinoteatr binasının yanına gətirib çıxartdı. Səkkiz seansına bilet alıb hind kinosuna baxdılar. Təsirli məhəbbət səhnələri, qəhrəmanların bir-birinə qovuşmasına qarşı qoyulmuş maneələr Sədanı ağlatdı. Səda başını Ərsənın çiyninə söykədi, Ərsən cib yaylığını çıxarıb onun göz yaşlarını silmək istədi, Səda yaylığı alıb yaşaran gözlərini sildi, seansın axırında da “yaylığını yuyub gətirərəm”,- dedi.
-         Yox, lazım deyil, ver mənə.
-         Yox, olmaz.
-         Nə var orda?!.
-         Olsa da, olmasa da. Hər halda mənim göz yaşlarım var orda.
-         Onlar mənə əzizdi.
-         Yox, mən istəmirəm ki, göz yaşlarım sənin dəsmalında qalsın.
-         Yaxşı, sən necə istəyirsən, elə də olsun.
Hind kinosunun sentimental təsirindən ayrıla bilməyən Səda evə tələsmirdi.
Onlar  qarı xışıldadaraq yanaşı gedirdilər. Xeyli sakit-sakit ürəklərində danışdılar, sonra sakit bir guşədə Səda Ərsənin qarşısına keçib dayandı, uzun qara kirpiklərini qaldırıb Ərsənin üzünə baxdı:
-         Məni çox sevirsən?
-         Çox sevirəm, - deyə Ərsən cavab verdi.
-         Lap çox?
-         Lap çox...
-         Mən də səni çox sevirəm...
Səda bir anlığa Ərsənə sarıldı, qarın soyuğunu, sazağı öz isti ağuşu ilə Ərsəndən uzaqlaşdırdı. Filmin qəhrəmanlarına oxşatdı özlərini. Sonra da söz verdi və Ərsəndən söz aldı ki, bu filmin qəhrəmanları kimi hər cür cəfa və əziyyətlərə məruz qalsalar da bir-birinə ayrılmayacaqlar. Onları ancaq və ancaq ölüm ayıra bilər.
***
Günlər, aylar ötürdü. Hər ötən gün ömür təqvimindən bir yarpaq, bir ləçək ayırırdı. Əgər insan ömrünü bir dəstə gülə bənzətsələr, hər gün onun ləçəkləri olardı. O ləçəklər ömür budağından dərildikcə gül dəstəsinin günü-gündən seyrəkləşdiyi açıq-aşikar hiss olunardı. Şahsənəm ana da ömür gülüstanından gül ləçəklərinin seyrəldiyinin fərqindəydi. Ona görə də kəndin gözəl qızlarını bir-bir xəyalından keçirir, Ərsənə yaraşan qız axtarırdı. Xüsusən kənddə toy olanda Şahsənəm ananın gözləri qızlarda qalardı. Amma nə qədər axtarırdısa da, axırda yenə Güllünün üstündə dayanırdı. Güllü də günü-gündən gözəlləşirdi.
Kənd toylarının özünəxas xüsusiyyətləri varıydı. Kənddə adamları toya nahar vaxtına çağırardılar. Toylar da əsasən ya yayın əvvəllərində, ya da payızda açıq səma altında keçirilər. Payız vaxtlarında hava dəyişilərsə çadır qurular.  İndi də bu ənənə davam edir. Kənd toylarında qadınlar kişilərdən ayrı oturarlar. Çalğıçılar kişilərin oturduğu hissədə çalıb oxuyarlar. Toyda yemək bir dəfə paylanar, yeyib-içmək məsələləri iki saatın içində yekunlaşdırılar. Elə ki, yeməklər stolların üstündən yığışdırıldı, ümumi toy məclisi başlayar. İlk növbədə qadınlara oturmaq üçün yer göstərilər, sonra da kəndin ağsaqqalları cərgə ilə oturarlar. Adətən cavan oğlanlar və qızlar toyu ayaq üstə izləyərlər.
Toybəyi meydan sulayar, onun əlində ucuna qırmızı alma taxılmış, qırmızı yaylıq bağlanmış bir çubuq olur. Bu, toybəyi üçün lazım olan əsas atributlardan biri sayılır. Toyun aparıcısına toybəyi deyirlər, bu adam oynamaq istəyənlərin sifarişlərini qəbul edər, toya şənlik qatar, bir növ çalğıçılarla toya gələnlər arasında vasitəçiyə çevrilər.
Bəy sağdışı və soldışı ilə onun üçün xüsusi hazırlanmış kürsülü taxtda əyləşib toyu müşahidə edər. Bəy toyunda bir və ya iki dəfə oynayar, onu da,- “bəy öz toyunda oynasa bolluq olar”- deyə oynadarlar. Burada bəyin tez-tez toyunda oynamasına yüngüllük əlaməti kimi baxılar və ona “dəmşəlax” deyərlər.
Gəlin axtaran analar, sevgili gəzən gənc oğlanlar altdan-altdan durna qatarı kimi dəstə-dəstə düzülmış qızları nəzərdən keçirərlər. Bu kəndin gəncləri, adətən, kəndin qızları ilə evlənərlər. Burada kənardan gəlin gətirmək, kənara qız vermək hallarına çox az təsadüf olunur. Bir-iki istisnalar olmaqla, (onlar da, demək olar ki, bu kəndin gənclərinin düşdükləri ayrı-ayrı mühitlə bağlı olaraq) burada yeni ailə quranların hamısı qohum-əqrəba sayılır.
Belə bir məqamda Şahsənəm ana da öz oğluna yaxşı bir güvənazan axtarırdı. Boy-boya düzülmüş qızları bir-bir nəzərdən keçirir, amma yenə də qonşu qızı Güllüdən yaraşıqlı, münasib birini tapa bilmirdi. Şahsənəm ana axşam çağına qədər qızları aradı, gəlin gətirmək vaxtı çatanda qız-gəlinlər dağılışmağa başladı. Şahsənəm ana da Güllünü çağırıb evə gəldi. Yolda ona da tezliklə belə bir toy arzuladı, qızın deyiklisinin olub-olmadığını öyrənməyə çalışdı. Tam əminlik yaranandan sonra əsil axtardığını tapdığını düşündü və sözgəlişi Ərsənin də evlənmək vaxtının çatdığını söylədi. Onu da vurğuladı ki, Şahsənəm ana Güllünü öz qızı kimi çox istəyir, əslində ana “oxu atıb yayını gizlətdi”. Güllünün ağzını aradı, Ərsənə biganə olmadığını özü üçün aydınlaşdırdı.
Bu toyda da axşam çağına qədər beləcə çalıb oynadılar, sonra “Vağzalı” çalındı. “Vağzalı” çalınması gəlinin ardınca gedilməsinə işarə idi. Bu kənddə bəy gəlinin ardınca getməz, bəyin yaxın adamları gəlini gətirməyə gedərlər. Bəy sağdışı, soldışı ilə gəlinin darvazadan bu həyətə girəcəyi anı gözləyər. Gəlin qapıdan içəri keçəndə başına tabaq ilə şirniyyat və xırda pul atarlar. 
Gəlin gərdəyə salınandan sonra bəyi otağa ötürüb sağdışı, soldışı gözləyər, uzaqdan gələn qonaqlar, çalğıçılar, ev adamları şam süfrəsinə oturarlar. Yeyib-içib doyduqdan sonra yenidən musiqi məclisi qurular, oynamaq istəyənlər növbəyə yazılarlar. Belə vaxtlarda bəyin atası, anası, yaxın qohum-əqrabaları da bir-iki dəfə oynayar. Toy gecədən xeyli keçənə qədər davam edər, hətta bəzən səhərə qədər çalıb oynayarlar.
Zifaf gecəsinin nəticəsi göyə yaylım atəşi açılmaqla məlum olardı və əgər bu tez başa gələrdisə, toy şənliyi bir az da qızışardı. Nəticə gecədən xeyli keçənə qədər bilinməzsə, toy dağılışar, bəy tərəfdən sağdış, soldış, gəlin tərəfdən yengə səhərə qədər gözləmək məcburiyyətində qalardı. Yaylım atəşi iki səbəbdən açılmaya bilərdi. Birinci səbəb oydu ki, bəyin psixoloji durumunda çatışmazlıq baş verə bilər,  nəticə hasil olmazdı. Belə bir hal baş verərdisə,  sübh tezdən bəyin belinə palan qoyaraq aparıb qəbirstanlığı gəzdirib gətirərlər. Bu zaman bir neçə ayini də icra edib, bəyin canından qorxuluğunu çıxardarlar. Bu, təsadüfü hal idi. Uzun zaman içində bir-iki dəfə belə hala rast gəlmişdilər. İkinci səbəb gəlinin bakirəliyi ilə bağlıydı. Gəlin bakirə çıxmazsa, yaylım atəşi açılmaz, gəlini eşşəyə mindirib gəldiyi evə göndərərlər. Bu kənddə belə hala təsadüf edilməmişdi. Lakin adətin mövcudluğu anaları qızlarını daha etibarlı şəkildə qorumağa məcbur edirdi.    
 
***
 
Oğru məqam gözləyər deyirlər. Soyuqların başlaması ilə küçələrdə gediş – gəliş azalmışdı. Belə soyuq gecələrin birində universitetin yataqxanasının  qonşuluğunda olan ərzaq malları mağazasında oğurluq hadisəsi baş verdi. Bu hadisəni universitet tələbələrinin üstünə yıxmaq, bu minvalla da universitetdə təlim-tərbiyə işlərinə kölgə salmaq istəyi açıq-aşikar görünürdü. Ərsənin gecələr işə gedib-gəlməsi onun da şübhəlilər arasına alınmasına vəsilə oldu.
Dərsin ortasında Ərsəni dekanlığa çağırdılar. Dekanlıqda gözləyən şəhər milis şöbəsinin əməkdaşları onu şübhəli şəxs kimi “Qaz-69” maşınına mindirib apardılar.   
Şəhər milis şöbəsi iki mərtəbəli köhnə binada yerləşirdi. İkinci mərtəbənin uzun dəhlizində bir neçə köhnə skamya qoyulmuşdu. Dəhlizin sonunda şüşəsi sınıq pəncərədən soyuq külək püskürürdü. Divarların ara-sıra tökülmüş suvağı, bozarmış rəngi adamda ikrah hissi yaradır, burada yaxşı nəsə gözləməyin, haqq və ədalətin qorunacağına şübhə yaradırdı. Ərsən bu düşüncələrlə saatlarla burada gözlədildi. Sonra əməliyyat müvəkkillərindən biri onu otağa çağırıb dindirdi. Oğurluq olan gecə harada, nə işlə məşğul olması ilə bağlı suallar verdi. Oğurluq məsələsinin bilavasitə baş müstəntiq Manafın nəzarətində olduğunu söylədi. Baş müstəntiq Manaf haqqında yaradılmış mif onun qəddar bir adam olduğunu göstərirdi. Əməliyyatçılar və digər müstəntiqlər Manafın icazəsi və rəyi olmadan müstəqil qərar qəbul edə bilməzdilər. Ərsən dindirilmə zamanı qəti olaraq oğurluq məsələsindən xəbərsiz olmasını dəfələrlə sübut etməyə çalışsa da, Manaf gəlmədən onun sərbəst buraxılmasına icazə verilmədi. Axşama qədər soyuq dəhlizdə o tərəf-bu tərəfə gedən Ərsən canında üşütmə hiss edirdi. Axşam saat 9-da məlum oldu ki, baş müstəntiq Manaf bu gün gəlməyəcəkdir. Əməliyyatçı Ərsəni sabah saat 9-da  milis şöbəsində olmaq şərti ilə buraxdı və möhkəm-möhkəm tapşırdı ki, sabah vaxtında özün gəl, yoxsa gəlib gətirsələr, sənin vəziyyətin daha da pisləşə bilər.
Ertəsi gün Ərsən yenə də axşama qədər milis şöbəsinin soyuq dəhlizində gözləməli oldu. Axşam saat 7 – yə 10 dəqiqə qalmış baş müstəntiq Manaf şöbəyə gəldi. Rus şairi Mayakovskiyə oxşayan Manafın sifətindən qəzəb yağsa da, Ərsəni çox qısa və mədəni şəkildə dindirdikdən sonra buraxdı və lazım gələrsə çağıracaqlarını bildirdi. Bir neşə üzücü gün Ərsən üçün çox ağır keçdi. Düzdü, şəhər milis şöbəsində aparılan təhqiqat bəhrəsini verdi, oğrular tapılıb cəzalandırıldılar, lakin bu müddət ərzində Ərsənin bir neçə dəfə milis şöbəsinə çağrılması, saatlarla soyuq dəhlizdə gözləmə məcburiyyətində qalması həm özlüyündə yaxşı hal deyildi, həm də  onun bədəninin müqavimətini azaldırdı.
***
Səda Ərsənlə olan son görüşünün təsirindən hələ ayrıla bilməmişdi. Evdə tək olduğundan divanda uzanıb xəyala getmişdi. Əynindəki balaca çəhrayı-ağ gülləri olan xalatın sinə tərəfdən və aşağıdan bağlanmamış düymələri qar kimi ağappaq sinəsinin və kök baldırlarının rəngi ilə Sədanın xoş görünüşünü həmahəng edirdi. Öz gözəlliyindən zövq alırmış kimi nazlanır, hərdən də böyük bədənnüma güzgüyə boylanır, qara saçlarının üzünə düşən qıvırcıq tellərini sığallayırdı. Ayağa qalxıb Ərsənin ona bağışladığı yapon yaylığını başına örtüb güzgüdə necə yaraşdığına diqqət kəsildi, bir müddət belə özünə baxa-baxa qaldı. Ərsən xoşuna gəlirdi, gələcəkdə nə ola biləcəyini düşünmədən xoş rəftarına, yaşıdları arasında xüsusilə fərqləndiyinə, sevgisinə sədaqətinə inandığına görə ona etibarı tam idi. Özünün də Ərsən qədər etibarlı, dözümlü olacağını isə heç düşünməmişdi.
Adətən varlı, imkanlı ailələrdən çıxan qızlar digərlərindən fərqlənirdilər. Bəzən bunlar əvvəldən görünməsə də həyatın sonrakı pillərinə qalxdıqca özünü göstərir. Bəzən də yaxın qohumlar, valideynlər gənclərin müstəqil seçimlərini hər cür maniələrlə əngəlləyirlər. Səda həyatda atdığı ilk addımlarında bu vaxta qədər hər hansı bir əngələ rast olmamışdı. Amma nə bilmək olurdu, həyatın işini.  Anası son dəfə telefon danışığında eyhamla diqqətli olmasını tapşırır, onu xoşbəxt bir gələcək gözlədiyini deyirdi. Anasını son sözlərini xatırladı:
- Bax, qızım, dayına tapşırmışam, nə ehtiyacın olsa, ona deyərsən. Sən mənim bircə dənəmsən... mən səni xoşbəxt görmək istəyirəm.
 Qapının zəngi basıldı, gələn balaca dayısı Hüseyndi. Səda günün günorta çağı dayısının gəlişini gözləmirdi:
-         Buyur, dayı...
Səda qapının önündən çəkilib dayısını içəriyə dəvət etdi.
Hüseynin öncə gözünə Sədanın açıq ağ sinəsi sataşdığından üzünü kənara çevirib gözlərini aşağı dikdi. Səda dayısının bu hərəkətini sezib yaxasını düymələdi:
-         Xoş gəlibsən, dayı.
-         Heç də xoş gəlməmişəm...
Səda dayısının hikkəsini anlayıb dinmədi.
-         Sən de görüm, bura oxumağa gəlmisən, yoxsa...
Hüseyn sözünün ardını gətirmədi. Qayışını belindən açıb toqqasından yapışdı,
qırmanc kimi əlinə dolayıb Sədanı döyməyə başladı. Dəri kəmər Sədanın ağ baldırlarına dəydikcə zolaqlar yaranırdı. Səda arxa otağa qaçmağa çalışsa da, müvazinətini saxlaya bilməyib divanın üstünə yıxıldı. Hüseyn isə vəhşiləşmiş heyvan kimi fısıldayır və döyürdü:
- Bilirəm mən sənin işlərini, bilirəm oyunlarını... sənə elə bir dərs verəcəyəm ki, ömür boyu yadından çıxmasın. Səni bir də o gədənin yanında görsəm, özünü ölmüş bil. O it oğlunun da dərsini verəcəyəm,  hamıya itlər, bizə də küçüklər... İşə bax...
- Vurma, dayı...
Hüseyn yorulana qədər Sədanı döydü. Səda artıq süst halda heç nə hiss eləmirdi. Hüseyn cibindən qırışmış, çirkli bir yaylıq çıxarıb tərini sildi, qayışını belinə bağlayıb qapıya tərəf yönəldi:
- Elə bilmə ki, bu iş burada bitdi. Gözüm üstündə olacaq, ağlını başına yığ!..  
***
Universitetdə baş verən xoşagəlməz hadisələrin  professor Həsənov tərəfindən törədilməsi haqqında ara-sıra söhbətlər genişlənsə də kimsə cəsarət edib aşkarda söyləyə bilmir, “gələcək rektorun” qəzəbindən ehtiyat edirdilər. Bu hadisələrin törədilməsində məqsəd universitetin rektorunu ləkələyib işdən götürmək, professor Həsənovun çoxdankı arzusunu reallaşdırmaq, onu rektor kreslosuna oturtmaqdan ibarət idi. Bu işdə professor Həsənovun əlaltıları ilə birlikdə universitet pariya təşkilatının katibi Tağızadə xüsusilə fəallıq edir, universitet rəhbərliyinə qarşı olmayan böhtanları səsləndirməkdən utanmırdılar. Yuxarı təşkilatlara anonim imzalarla yazılmış çox saylı məktubların ardı-arası kəsilmir, dedi-qodular baş alıb gedirdi. Universitetdə əvvəl gizlin gedən bu mübarizə artıq açıq müstəviyə keçmişdi.
Şəhər partiya komitəsinin nəzarət-təftiş komissiyası bir aya yaxın müddətdə universitetdə yoxlama apardıqdan sonra rektorun ictimai-siyasi və təsərrüfat fəaliyyəti  partiya təşkilatının ümumi yığıncağında müzakirə olundu. Partiya təşkilatının katibi Tağızadə rektor Musa Nəcəflinin fəaliyyəti haqqında geniş məruzə etdi. Tağızadə ağzı köpüklənə-köpüklənə danışırdı:
– Yoldaşlar! Son vaxtlar partiya və hökumətimizin verdiyi qərarlar baxımından işimizə yanaşdıqda mövcud nöqsan və çatışmamazlıqlar bizi narahat etməyə bilməz. Məhz bu gün ümumi partiya yığıncağında yuxarı partiya orqanlarının hörmətli nümayəndələrinin iştirakı ilə universitetin rektoru Musa Nəcəfli yoldaşın fəaliyyəti haqqında müzakirə elədiyimiz məsələ aktualdır və hər bir kommunistdə möhkəm inam yaratmalıdır ki, dövlət əmlakı toxunulmazdır, ictimai təsərrüfatdan hər kəs öz bildiyi kimi istifadə etməyə ixtiyarlı deyildir. Bütün istər şəxsi, istər ictimai məsələlərə partiyalı mövqedən yanaşmaq lazımdır. Bəs gəlin görək sadaladığımız məsələlərə universitetin rektoru Musa Nəcəfli yoldaş tərəfindən necə əməl olunmuş, ümumiyyətlə Nəcəfli yoldaşın fəaliyyəti nədən ibarətdir! Əvvəla ondan başlayaq ki, Nəcəfli yoldaş universitetə rektor təyin olunandan 6 il müddətində vaxt keçməsinə baxmayaraq öz həyat yoldaşını yanına gətirməmişdir. Belə bir sual təbiidir, nə üçün? Bir neçə dəfə Nəcəfli yoldaş bunu belə izah etməyə və bununla özünə haqq qazandırmağa çalışmışdır ki, guya onun həyat yoldaşı Zərnigar xanımın yaradıcılıq manerası üçün burada imkan olmadığından mərkəzdə kosmosla bağlı aparılan tədqiqat işlərini yarımçıq buraxıb köçməsi imkan xaricindədir. Əcəba, bəs Musa Nəcəfli yoldaş bu 6 ildə qadın nəfəsinə, qadın qayğısına ehtiyac duymayıbmı, yoxsa kişilik hisslərini itiribdir? Kimsə buna inanmaz. Burdan belə bir nəticəyə gəlmək olur ki, Musa Nəcəfli yoldaş mənəvi cəhətdən heç də təmiz olmayıb, aşınmaya uğramış, bir para naqis işlərlə məşğul olur. Fakt öz yerindədir. Artıq iki ildir ki, rektorluğun katibəsi bizim institutun qiyabi tələbəsidir. Musa Nəcəfli yoldaş işlədiyi müddətdə həm də qohumbazlıq, dostbazlıq, tanışbazlıq ilə məşğul olmuşdur. Əgər fakultələrdə sorğu aparsaq əksəriyyətinin Nəcəflinin qohumları, dost və tanışlarının uşaqları olduğunu görərik. Deməli, belə qənaətə gəlmək olur ki, Musa Nəcəfli yoldaş kommunist prinsipiallığını itirmiş, fəaliyyətini özü bildiyi kimi qurmuş, ümumi işlərdə heç kəslə məsləhətləşməmişdir. Elə bunun ucbatından universitetdə  mənimsəmə faizi aşağı düşmüşdür. Hətta Musa Nəcəfli yoldaş özü elmi yaradıcılığını unutmuş, keyf və işrətə  başı qarışdığından bir dənə də olsun elmi məqalə və ya əsər yazmamışdır. Dediklərimizi kommunsitlərin əksəriyyəti təsdiq edə bilər ki, Musa Nəcəfli yoldaş universitetin “Qaz-24” markalı volqa maşınından şəxsi məqsədləri üçün istifadə etmişdir.
Yaxud biz desək ki, bizim şəhərin küləkli, kəskin-kontinental iqlimə malik olduğunu Musa Nəcəfli yoldaş bilmir, əlbəttə, səhv etmiş olarıq, çünki Musa Nəcəfli yoldaş elə bu şəhərdə doğulub boya-başa çatmışdır və bu iqlim şəraiti də ona məlumdur. Əgər belədirsə bəs onda Nəcəfli yoldaş bilmirdimi ki, bizim iqlim şəraitində isti zonalara məxsus olan gül kolları və ağaclarını saxlamaq mümkün deyil. Əksinə bilə-bilə Musa Nəcəfli yoldaş öz aləmində universitetin həyətini yaşıllaşdırmaq adı ilə dövlət hesabına müxtəlif gül kolları və bəzək ağacları aldırıb əkdirmişdir. Nəticədə xeyli bəzək ağacları və gül kolları quruyub tələf olduğundan dövlətə 1234 manat ziyan dəymişdir. Əgər Musa Nəcəfli yoldaş həqiqətən vətənpərvər idisə niyə universitetin həyətində iqlimə uyğun olan söyüd, qaratikan ağacları əkdirməmişdir? Yaxud bildiyimiz kimi çinar ağacları zərifdir və onlar xüsusi qulluq tələb edir. Musa Nəcəfli yoldaş 100-dən artıq çinar ağacları əkdiribdir ki, bunların da xeyli hissəsi qurumuşdur. Düzdür, bunlara dövlət vəsaiti xərclənməsə də, onları hardasa özü tapıb gətirib, bəs bunlara çəkilən zəhmət, əmək məgər beləmi qiymətləndirilməlidir?
Bütün bunların nəticəsi onu göstərir ki, Musa Nəcəfli yoldaş partiya təşkilatı ilə əlaqəsini itirmiş, kommunistə yaraşmayan, cəmiyyətin mənafeyinə zidd olan işlərlə müntəzəm surətdə məşğul olmuşdur. Odur ki, bizim fikrimizcə Musa Nəcəfli yoldaşın təmiz kommunistlərlə bir sırada addımlamağa haqqı çatmır, o, partiya sıralarından xaric olunmalıdır.
Zalda uğultu gəzdi. Yerlərdən kimi “yalandır, böhtandır”,- dedi. Kimi “düzdür, partiya təşkilat katibi düz danışır” – deyə qışqırdı. Səs-səsə qarışdı: “Həsənovun qurmasıdır”, “bu qədər böhtan olmaz”, “ədalətli olmaq lazımdır”. Bir qrup adam isə partiya təşkilat katibini alqışlayırdı.
Professor Həsənov ayağa qalxdı. Yığıncağa o sədrlik edirdi:
–                     Sakit olun, yoldaşlar! – hiyləgər qıyıq gözləri ilə zala və rektor Musa
Nəcəfliyə baxdı:
– Müzakirə olunan məsələ nə qədər ağır olsa da həqiqəti aşkara çıxarmaq lazımdır. Bu, bizim kommunist  borcumuzdur. Mən özüm Musa Nəcəflinin təmiz kommunist kimi tanıyıram. Amma partiya təşkilatı belə bir məsələni gündəliyə çıxarıbsa, mütləq müzakirə edilməli, araşdırılmalıdır. Narahatçılığa heç bir əsas yoxdur.  Hamıya bir-bir söz veriləcəkdir ki, öz fikrini ifadə edə bilsin. İndi isə çıxış üçün söz dekan, kommunsit Fərziyev yoldaşa verilir.
Dekan Fərziyevin saçları çallaşmışdı. Danışanda xeyli fasilə verirdi və mütləq nitqində “fərz edək kİ” işlədərdi. Ərsənın aləmində bu adam həmişə küləyin istiqamətində əsirdi. Dekan kürsüyə yaxınlaşdı. Həmişəki kimi tələsmədən eynəyini gözünə taxıb, boğazını arıtladı:
- Yoldaşlar! Fərz edək ki, müzakirə olunan məsələ nə qədər ağır olsa da amma
həqiqətin meydana çıxarılması baxımından çox vacibdir və lazımdır.
Zaldan bir uğultu keçdi, arxalarda oturanlar güldülər, öndəkilər özlərini zorla saxlamağa çalışdılar. Dekan Fərziyev davam elədi:
- Bəli, bəli... yoldaşlar, siz niyə gülürsüz?! Biz burda həyati məsələ müzakirə edirik. Elə bilirsiz, mən Musa Nəcəflini istəmirəm? İstiyirəm. Amma işlədiyi müddətdə o nə etmişdir? Universitetə hansı yeniliyi gətirmişdir? Mən bunu görmürəm. Bəs nə etməmişdir? Bax. əsas məsələ də bundan ibarətdir. Fərz edək ki, onun başı ancaq öz şəxsi işlərinə qarışdığından ümumi işlər yaddan çıxmış, universitetdə haqsızlıq, qohumbazlıq, rüşvətxorluq, bəli-bəli rüşvətxorluq kök salmışdır. Biz nə etmişik, gedib niyə rektorun yaxasından yapışmadıq, niyə demədik ki, gənc müəllimlərə, aspirantlara qayğı tamamilə unudulub, onların mənzil-məişət məsələləri yaddan çıxıbdı. Elə götürək bizim tədris korpusunu. Burada təmir işləri keyfiyyətsiz aparılmış, korpus üçün alınmış avadanlıqların xeyli hissəsi vaxtından qabaq sıradan çıxıbdır. Fərz edək ki, Musa Nəcəfli yoldaş bunları görməyib!? Görüb, əlbəttə, görüb. Əgər görübsə, onda Musa Nəcəfli yoldaş universitetin  rektoru kimi bu işlərə cavab verməlidirmi? Verməlidir!
Dekan Fərzəliyevin danışığı dəfələrlə gülüş səsləri ilə kəsildi. Professor Həsənov dekan Fərzəliyevə tərs-tərs baxdı. Fərzəliyev əliylə gözünün üstünə tökülən uzun saçlarını geriyə darayıb başının ortasındakı dazını örtməyə çalışdı. Burnunun qurtaracağına qədər sürüşmüş eynəyini qaldırdı, bir-iki dəfə də boğazını arıtlayıb sözünü bitirməyə çalışdı.
Söz universitetdə radikallığı ilə seçilən riyaziyyat kafedrasından Telman Qasımlıya verildi. Telman Qasımlı bir başa hücuma keçdi:  
- Musa Nəcəfli yoldaşın etinasız hərəkətlərinin  nəticəsində avadanlıqlar vaxtından tez sıradan çıxır, bəzək ağacları və gül kolları quruyur, universitetin təsərrüfatına xeyli ziyan dəyir. Hələ bunlar bir tərəfə, Musa Nəcəfli yoldaş elmi şurada tam hökmranlıq edir, professor və müəllim heyətinin  fikri ilə razılaşmır. Kadrların seçilib yerləşdirilməsində məsuliyyətsizliyə yol verir, kafedra müdirlərinin fikri ilə hesablaşmır. Nəticədə universitetin savadlı, gözəl məzunları olduğu halda kadrlar kənardan gətirilir ki, bu da özünü praktikada doğrultmur. Nöqsanlar haqqında çox danışmaq olar. Lakin hesab edirəm ki, qalan yoldaşlar da ətraflı danışacaqlar. Odur ki, sözümün sonunda partiya təşkilat katibinin təklifi ilə tam razı olduğumu bildirirəm. Nəcəfli öz kommunist adına ləkə gətirmişdir. O, partiya sıralarından xaric olunmalıdır.
Professor Həsənov daha bir neçə adama söz verdi. Və bu adamların hamısı rektor Musa Nəcəflinin ünvanına tənqidi leysan kimi yağdırdılar. Axırda söz Musa Nəcəfliyə verildi:
– Təəssüf edirəm ki, ömrümün altı ilini belə vicdan dəllalları arasında keçirdiyim halda onların iç üzünü tanımamışam. Bu gün mənim ünvanıma çoxlu qərəzli yalan və iftiralar deyildi. Kommunsitlərin nəzərinə çatdırmaq istəyirəm ki, deyilənlərin heç biri həqiqətə uyğun olmayıb rektorluq iddiası ilə yaşayanların və onların əlaltılarının qurmasıdır. İşlədiyim vaxt ərzində müəllimlər üçün 75 mənzilli bir bina, tələbələr üçün 200 yerlik yataqxana korpusu tikdirmişəm. Universitetdə yerləşdirilmiş kadrların hamısı aspirant və ya elmlər namizədidir. İyirmidən artıq elmi məqalə və əsərim Moskvada, xarici mətbuatda rus, ingilis, alman, fransız dillərində çap edilibdir. Qaldı ki, həyat yoldaşım Zərnigar xanımın yanıma gətirilməsi məsələsinə. Doğrudan da, bu, vacib məsələdir və mən özüm bu illərdə  xeyli əziyyət çəkmişəm. Bununla da əlaqədar dəfələrlə məsələ qaldırılmasına baxmayaraq Zərnigar xanımın kosmik tədqiqatlar sahəsində apardığı elmi araşdırmanın böyük əhəmiyyəti nəzərə alınaraq onu işdən buraxmamışlar. Burda deyilən sözlərdə yeganə həqiqət ondadır ki, biz universitetin həyətini yaşıllaşdırıb abadlaşdırarkən xeyli bəzək ağacları və gül kolları alıb gətirmişik. Bu ağacların deyildiyi kimi əksəriyyəti yox, cüzi bir hissəsi quruyub sıradan çıxmışdır. Bu isə öz-özlüyündə təbiidir, bitkiçilik elmində buna müəyyən güzəştlər verilir. Geniş danışmaq istəmirəm. İnanıram ki, həqiqət nə qədər üzülsə də qırılmayacaq, haqq işi qalib gələcək, partiya öz sədaqətli kommunistini itirməyəcəkdir.
Musa Nəcəfli kürsüdən düşüb öz yerinə keçdi. Zaldan hıçqırıq səsləri gəldi. Bu, Musa Nəcəfliyə məhəbbətin təzahürü idi. Bu səslər zəif idi, hələ istənilən yüksəkliyə qalxa bilmir, körpə ikən beşikdə boğulub aradan götürülürdü.
Ərsən ictimai işlərdə fəal iştirak etdiyinə görə yaxşı oxuyan tələbə kimi Musa Nəcəflinin və digər iki kommunistin zəmanəti ilə partiya sıralarına qəbul edilmişdir. Musa Nəcəflinin  çıxışına zalda olan kommunistlərin əksəriyyətinin etinasızlığını görüb özünü saxlaya bilmədi. Əlini qaldırıb söz istədi. Hamı ona tərəf çevrildi. İclasın sədri Həsənov ona tərs-tərs baxıb dedi:
-         Hə, nə demək istəyirsən? Buyur görək!
 Ərsən zala baxıb hamını nəzərdən keçirdi, həyacanlı və titrək səslə
danışmağa başladı:
-         Hörmətli kommunistlər! Sizin əksəriyyətiniz bilirsiniz ki, burada
deyilənlərin çoxu yoxlanılmamış məlumatlardır ki, bunun da əsası yoxdur. Gəlin fikirləşək, Musa Nəcəfli kimi bir alimi belə yoxlanılmamış məlumatlara görə günahlandırmaq olarmı?! Haqqı nahaqqa satmayaq, bu, nə bizim mənəviyyatımıza, nə də kommunist əxlaqına yaraşmaz...
Professor Həsənov özünəxas hiyləgərliklə öz adamlarına baxaraq dedi:
-Yaxşı əyləş, kommunistlər təkliflərini verərlər.
Kimsə arxadan hamı eşitsin deyə gur səslə replika atdı:
-         Qudurasan qurbağa, gəldi bizi udmağa...
Zalda gülüşmə oldu, oturanların əksəriyyəti arxaya çevrilib səs gələn tərəfə baxdı. Ərsənin canından soyuq bir gizilti keçdi, alnına və boynuna tər gəldi. Elə bil yanan odun üzərinə neft atdılar. Ərsənin təklifindən sonra Həsənovun adamları daha da qızışdılar. Ağız deyəni qulaq eşitmirdi.  
Professor Həsənovun əlaltıları əksəriyyət səs çoxluğu ilə qalib gəldilər. Universitet partiya təşkilatının ümumi yığıncağı Musa Nəcəflinin partiya sıralarından xaric edilməsi haqqında şəhər partiya komitəsi qarşısında vəsadət qaldırılması haqqında qərar qəbul etdi.
Professor Həsənov yekun nitqində belə bir halın baş verdiyinə təəssüfləndiyini bildirdi. Professor Həsənovun danışığı ilə əməli arasındaı uçurumu görənlər susur, danışmağa ehtiyat eləyir, ürəklərindən keçənləri dillərinə gətirə bilmirdilər.
Ardı var


Ana səhifəyə qayıt        Baxış: 3 796          Tarix: 3-05-2021, 07:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma