Xəbər lenti

5200 nəfərə atmış MMC rəhbərinin məhkəməsi başladı

“Azər mühafizə” MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Namiq Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, bölmə rəisi olduğu zaman heç kəsi işə qəbul etməməyib: “İşə düzəlmək istəyən şəxsləri sadəcə istiqamət vermişəm. Mən günahsızam, barəmdə irəli sürülmüş ittihamları qəbul etmirəm”.

Daha sonra zərərçəkmiş şəxs qismində İsmayıl Xəlilov ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxsi mühafizə xidmətində işləyən zaman tanıyıb: “İşsiz olduğum zaman qardaşım Hacı mühafizə idarəsində iş olduğunu dedi. Həmin idarəyə getdik. İşə qəbul olundum, müqavilə bağladıq. Sonra postlara çıxdım. İşə girmək üçün 3000 min manat vermişəm. Bir-iki ay işlədim, sonra maaşlar verilmədi. Mənə dəymiş ziyanını ödənilməsini tələb edirəm”.

Namiq Məhərrəmov bildirib ki, İsmayı Xəlilov cinayət işində olan 67 zərərçəkmişdən biridir: “Onun işə qəbul olunmasında, şirkətlə bağladığı müqavilədə heç bir imzam yoxdur. Mən sadəcə həmin şəxslərin rəisi olmuşam. Pulun depozitə qoyulmasında, işçilərlə müqavilə bağlanılma məsələsindən xəbərsizəm”.

Növbəti proses sentyabrın 12-də davam edəcək.

İttihama görə, 2015-ci ildə Daxili İşlər Nazirliyi işə düzıltmək adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb.

Məlumata görə, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Müəyyən olunub ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adı çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs, 5200 nəfər zərərçəkmiş var.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.

Xatırladaq ki, Namiq Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. O, daha sonra həbs edilib, işi ayrıca icraata verilib.

İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 29-08-2017, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma