Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur etməkdə təqsirlləndirilən Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.
Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Təqsirləndirilən şəxslər onlara qarşı verilən ittihamlarla razılaşmadıqlarını, özlərini təqsirli bilmədiklərini söyləyiblər.
Prosesdə zərərçəkmiş qismində 30 yaşlı Dilarə (ad şərtidir) ifadə verib.
Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində baş verib.
Məlumata görə, 30 yaşlı Dilarə (ad şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.
Bundan sonra sürücülər Dilarəni zorlayıblar. Hadisə yerinə Nəsimi Rayon polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PM) əməkdaşları gəliblər. Hər iki şəxs saxlanılıb.
T.Zeynalova Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə, C.Tağıyev isə yalnız 149.2.4-cü (zorlama,zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Paylaş: