Xəbər lenti

Azərbaycanda həbsdə olan bloqqer Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, A.Lapşin saxlanıldığı kamerada özünü asmağa cəhd edib.

Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Məlumata görə, hazırda A.Lapşinin səhhəti normaldır.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: 11-09-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma